15:41, 16 Sentyabr 2020 (Çərşənbə) 98

Nigar Həzi: "Tofiq Yaqublu komaya düşə bilər"

Nigar Həzi:
"Təcili qan köçürülmə zərurəti yaranıb"

"Mən ölürəm. Artıq heç taqətim qalmayıb. Sümüklərim çox sızıldayır. Bilmirəm nə qədər ömrüm qalıb. Bircə bunu bil ki, mən bu mübarizəmi Məhəmməd Əmin Rəsulzadəyə ithaf etmişəm. Demokratiya uğrunda mübarizə aparan belarus xalqına da öz dəstəyimi bu yolla bildirirəm...”, - Tofiq Yaqublu qızı Nigar Həzi ilə telefonla danışarkən bunu deyib.

Nigar Həzinin feysbuk hesabında yazdığı məlumata görə, bu gün qan analizləri götürülüb: "Nəticəsi çox pis çıxıb. Təcili qan köçürülmə zərurəti yaranıb. İndi qan bankından qanın alınması prosesi gedir. Həkim qeyd etdi ki, həyatı üçün ciddi təhlükə var. Hər an komaya düşə bilər və biz Tofiq Yaqublunu itirə bilərik”.

Həkim Adil Qeybulla Toplum.Tv-yə açıqlamasında deyib ki, Tofiq Yaqublunun vəziyyətinin 15 gün aclıq edən insana görə adekvatdır: "Aclığın 15-ci günüdür, zəifləmə halları təbiidir. Tofiq bəy xəstəxanadadır və onun səhhəti nəzarət altındadır. Tofiq bəyin bədənində autoriz gedir, yemək çatmayanda qanda leykositlər və trombositlər parçalanır. Bunlar da bədəndə öz  izini qoyur. Aclıq yüngül bir şey deyil, artıq bədən öz resurslarını yeyir. 15 gün aclıq edən biri üçün Tofiq bəyin vəziyyəti adekvatdır”.

Nigar Həzinin verdiyi son məlumata görə, hazırda Tofiq Yaqubluya qan köçürülür.

Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və həbs edilib. 

O, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. 

Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. 

T. Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. 

Vəkillərinin və yaxınlarının sözlərinə görə, T.Yaqublu artıq sudan da imtina edəcəyini deyir. 

Yaxınlarının sözlərinə görə, belə olarsa, onun hər an komaya düşə biləcəyi gözlənilir.

Zülfiyyə Quliyeva