12:47, 16 Noyabr 2020 (Bazar ertəsi) 107

Nikol Paşinyan: "Qarabağa görə ən böyük məsuliyyəti mən daşıyıram"

Nikol Paşinyan:
Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda yaranmış vəziyyətə görə ən böyük məsuliyyəti özünün daşıdığını bəyan edib.
 
Bu barədə o, noyabrın 16-da Yeravanda keçirdiyi onlayn mətbuat konfransında danışıb ("Sputnik Armeniya", 16 noyabr). 

Paşinyan qeyd edib ki, Ermənistan silahlı qüvvələrinin bir neçə yüz əsgəri və zabiti hərbi əməliyyatlar zamanı itkin düşüb:

"Onları tapdıqdan sonra matəm günü keçirəcəyimizi düşünürəm". 

Şuşanın itirilməsi ilə bağlı suala cavab verərkən baş nazir deyib ki, heç kim Şuşanı təhvil verməyib, hərbçilər axıradək döyüşüblər: 
"Şuşanın döyüşsüz verilməsiylə bağlı dezinformasiya tirajlanır. Belə olsaydı, şəhərin kənarlarında erməni əsgərlərinin cəsədləri necə tapıla bilərdi? Onlara döyüşmək əmrini kim vermişdi? Əgər şəhər təhvil verilmişdisə, onlar niyə döyüşürdülər?" 

Baş nazir hazırda ölkədə vəziyyətin gərgin olduğunu, insanlar əsəbi olduqlarından onları manipulyasiya etməyin asan olduğunu vurğulayıb. O, müxalifətin də məhz belə manipulyasiyalara əl atdığını, amma heç bir halda istefaya getməyəcəyini deyib.

"İndi mənim gündəliyimdə duran bir nömrəli məsələ ölkədə sabitliyi təmin etməkdir. Hələlik bundan başqa bir gündəliyim yoxdur", - deyə Paşinyan bəyan edib.