12:58, 15 İyul 2020 (Çərşənbə) 221

Parlament binasının qarşısında baş verənlərlə bağlı cinayət işi başlanıb

Parlament binasının qarşısında baş verənlərlə bağlı cinayət işi başlanıb
Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, iyul ayının 14-ü Bakı şəhərində keçirilmiş yürüş zamanı "bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub".

Fakt üzrə cinayət işi başlanaraq istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi düşmənlə təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkədə ictimai qaydanın və asayişin pozulması hallarının yolverilməzliyini xüsusi olaraq qeyd edir. Eyni zamanda, hazırda COVİD-19 pandemiyası ilə mübarizənin getdiyi bir vaxtda şəhər və rayonlarda kütləvi toplantıların keçirilməsinin ağır nəticələrə səbəb ola biləcəyini xatırladaraq, vətəndaşları təmkinli olmağa, şəhidlərimizin əziz xatirəsini mövcud karantin qaydalarının tələblərini nəzərə alaraq yad etməyə çağırır.