12:38, 27 Oktyabr 2020 (Çərşənbə axşamı) 95

Paşinyan: "Erməni xalqı ağrılı güzəştlərə hazırdır"

Paşinyan:
Ermənistanın Baş naziri Nikol Paşinyan 26 oktyabr axşam saatlarında xalqa müraciət edib. 

Özünün feysbuk hesabından canlı yayımda çıxış edən Baş nazir erməni xalqının və hökumətinin qarşılıqlı güzəştlərə, "hətta ağrılı güzəştlərə" hazır olduğunu, ancaq heç bir halda təslimiyyətə getməyəcəyini bəyan edib. 

Onun sözlərinə görə, keçilməsi mümkün olmayan qırmızı xətlər var: "Hazırkı vəziyyətdə Qarabağ və bütün dünya elə hərəkət etməlidir ki, Azərbaycanın özü danışıqlara getmək istəsin".

"Sizin bir şeyi bilməyinizi istəyirəm, biz bacardığımız qədər yumşaq davranmağa çalışdıq və sonda bu qərara gəldik ki, Azərbaycan Dağlıq Qarabağ məsələsində sülh istəmir, sadəcə olaraq, Dağlıq Qarabağın təslim olmasını istəyir, müharibədən əvvəl də bu tələb qüvvədə idi. Nə zamankı biz yumşaq olmağa çalışırdıq, Azərbaycan tərəfi eyni addımı atmaqdan imtina edirdi", -  "Sputnik Armeniya"nın yazdığına görə, Nikol Paşinyan xalqa müraciətində deyib. 

Baş nazirin fikrincə, erməni xalqı Qarabağa elə dəstək olmalıdır ki, Azərbaycan özü təslimiyyəti istəməsin: "Bunun üçün isə sınmamaq və şax dayanmaq lazımdır". 

"Bizim resurslarımız nə qədər məhdud olursa olsun, erməni xalqı müqavimət göstərmək və haqlarını müdafiə etmək üçün özündə lazımi gücü tapmalıdır", - deyə Nikol Paşinyan vurğulayıb.

O əlavə edib ki, Ermənistanın təslimiyyətə razı olacağını təsəvvür etmək mümkün deyil: "Azərbaycanı güzəştlərə razı salmaq üçünsə, biz ayağa qalxmalı və mübarizə aparmalıyıq. Bu tale anıdır, heç kim bizim yerimizə başqasının bu məsələni həll edəcəyini gözləməməlidir. Sadəcə, bir həll yolu var: millətin hər bir nümayəndəsi cəbhədəki bir əsgər kimi bu çağırışa qoşulmalıdır".