17:42, 12 Noyabr 2020 (Cümə axşamı) 120

Paşinyan yenə Dağlıq Qarabağın müstəqilliyindən danışır

Paşinyan yenə Dağlıq Qarabağın müstəqilliyindən danışır


/ DÜNYA
"Dağlıq Qarabağın beynəlxalq aləmdə tanınması məsələsi birinci plana keçir. Mahiyyətcə indi Arsaxın ("DQR") tanınması üçün daha əsaslı arqumentlər var." Ermənistan mətbuatının yazdığına görə, bu sözləri baş nazir Nikol Paşinyan 12 noyabrda "Feysbuk"da xalqa ünvanladığı video müraciətdə deyib. 

Baş nazir indilik sadəcə hərbi əməliyyatların dayandırılması məsələsinin həll olunduğunu, Dağlıq Qarabağın statusu məsələsinin isə həll olunmadığını diqqətə çatdırıb: "Məsələ hələ də həll olunmamış qalır, indi bunun üzərində işləmək lazımdır."

Paşinyan hazırkı vəziyyətdə ölkənin qarşısında iki yol qaldığını deyib: "Qısamüddətli perspektivdə ölkəni xarici təsirlərdən qorumalı, uzunmüddətli perspekivdə isə sənayeni və elmi maksimum inkişat etdirməli, ölkəni modernləşdirməliyik".

Ölkənin döyüş meydanın ağır məğlubiyyətinin məsuliyyətini isə Paşinyan əvvəlki hökumətlərin üzərinə atıb. Onun sözlərinə görə, hərb sahəsi daxil olmaqla, ölkə onilliklər ərzində istismar olunub: "Ayrılan vəsait orduya deyil, müəyyən şəxslərin cibinə axıb, biz bu gün həmin dövrün acı meyvələrini dadırıq".

Baş nazir ölkədə daxili çaxnaşma salmaq istəyənlərin qarşısını alacaqlarını, ölkənin bir daha korrupsiya və istismar dövrünə qayıtmasına imkan verməyəcəklərini bəyan edib.