10:39, 27 İyul 2020 (Bazar ertəsi) 1125

Politoloq: "Müharibə meydanı və diplomatiyada üstünlüyü ələ almalıyıq"

Politoloq:
Azər Qasımlı: "Xarici ölkələrdə vuruşmaq əvəzinə informasiya məkanında, diplomatiyada və müharibə meydanında üstünlüyü ələ almalıyıq” 

İyulun 21-də Los-Ancelesdə Azərbaycanın Baş Konsulluğunun binası qarşısında baş tutan etiraz aksiyasında ermənilərin hücümu nəticəsində 8 Azərbaycan vətəndaşı xəsarət alıb. Xəsarət alanlar arasında polis əməkdaşının və bir qadının olduğu da deyilir. Dörd yaralı xəstəxanaya yerləşdirilib. 

Bundan sonra Brüsseldə və Rusiyada da ermənilərlə azərbaycanlılar arasında insident yaşanıb. 

Los-Anclesdə keçirilən aksiyanın iştirakçılarından olan Turqut Əliyev Toplum tv-yə deyib ki, ermənilər artıq bir həftəyə yaxın idi Azərbaycan konsulluğunun qarşısında aksiya keçirirdilər: "Biz öyrənəndə ki, Daşnaksütyun Partiyası ayın 21-də böyük aksiya keçirməyə hazırlaşır, konsulluğa müraciət etdik. Birinci müraciətimizdə bizə aksiya keçirməyə icazə vermədilər. Yenidən buradakı azərbaycanlıların müraciəti və təkidi ilə razı oldular. Təhlükəsizliyin təşkili üçün isə polisə xəbər verildi. Aksiyanı keçirdik, artıq evə dönmək istədikdə ermənilər Los-Ancles səmasında uçan təyyarədən asılmış "Qarabağ Azərbaycanındır” şüarını görüb bizə hücum etdilər. 

T.Əliyev aksiyada biri qadın olmaqla 8 nəfərin yaralandığını deyir: "Bir nəfər huşunu itirmiş şəkildə xəstəxanaya yerləşdirildi. Dörd nəfər isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxıldı. Müxtəlif bədən xəsarətləri alanlar arasında dişi qırılmış və alnından xəsarət alanlar da vardı”.

Turqut Əliyev aksiyada ermənilərin onlara hücum etməsini ictimailəşdirməyinin vacib olduğunu deyir. "Düzdür, kaş aksiya belə sonlanmazdı və bir çoxumuz bədən xəsarətləri almazdıq. Amma biz qürur duyuruq ki, bu qədər ermənin qarşısında aksiya keçirdik. Əlimizdə olan videoları isə ictimailəşdirib dünyaya tanıtmaq lazımdır ki, dünya ermənilərin necə barbar olduğunu bilsin”, - o qeyd edir.

İyulun 22-də Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi, Avropa İttifaqı yanında Nümayəndəliyinin inzibati binası önündə baş tutmuş nümayiş zamanı da ermənilərin qarşı tərəfə hücum etdiyi bildirilir. Məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən aksiyada iştirak etmiş 17 erməni saxlanılıb.

Politoloq Azər Qasımlı hesab edir ki, ermənilər üçün Los- Anceles və Brüsseldə barbarlıq etməyin bir problemi yoxdur: "Çünki ermənilər düşünürlər ki, azərbaycanlılar onlara eyni şəkildə cavab verəcək. Sonra da elə durum yaranacaq ki, kimin hadisələri birinc başladığı bəlli olmayacaq. Bunu axı bir dəfə, 1988-də Sumqayıtda sınaqdan keçiriblər. Nəticədə bütün dünyada elə təəsürat yaranacaq ki, ermənilərin azərbaycanlılarla birgə yaşaması mümkün deyil. Ermənilərin də  istəyi elə budur”.

A.Qasımlı  ermənilərin etnik olaraq azərbaycanlılarla özlərinin  uyğunsuzluğunu sübut etmək üçün illərdir əsərlər yazdıqlarını, əsassız tezislər ortaya qoyduqlarını deyir. "Bizim dünya informasiya kanalında görəcəyimiz əsas iş ermənilərin "etnik uyğunsuzluq” tezislərini darmadağın etməkdir. Xarici ölkələrin şəhər və küçələrində döyüşmək əvəzinə informasiya məkanında, diplomatiyada və müharibə meydanında üstünlüyü ələ almalıyıq”, - ekspert əlavə edir.

Politoloq Qarabağ məsələsində müttəfiqlərin qazanılmasının önəmini, böyük dövlətlərin reaksiyasının nəzərə alınmalı olduğunu vurğulayır. 

Əsas problem kimi isə bunları sadalayır: "Bizim tarixən əsas problemimiz o olub ki, sapımız öz əlimizdə olmayıb. Demokratik yolla seçilən milli hökumətimiz olmayana, dövlətçilik ənənəsi yaradılmayana və peşəkar ordumuz formalaşmayana qədər indiki hakimiyyətdən müharibə tələb etmək əbəsdir. Milli hökumət öz hakimiyyətini düşünməz, milli maraqlar, cəmiyyət üçün faydalı olanı düşünər. Ona görə ilk öncə məsuliyyətli milli hökumət qurulmalıdır”.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin(XİN) 23 iyulda bəyanat yayıb. Bəyanatda xaricdə yaşayan azərbaycanlılara bütün müvafiq yardımın göstərilməsi, o cümlədən ehtiyac duyulduğu təqdirdə hüquqi yardımla təmin edilməsinə dair diplomatik nümayəndəliklərə təlimat verildiyi bildirilib.

İyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan -Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimi pozulub. Hər iki tərəfdən itkilərin olduğu barədə rəsmi məlumatlar var. 
Hazırda sərhəddə stabillik hökm sürsə də, dünyann müxtəlif şəhərlərində həm Ermənistan, həm də Azərbaycan tərəfi məsələ ilə bağlı etiraz aksiyaları keçirirlər. 

Vüsalə Mikayıl