16:30, 06 Avqust 2020 (Cümə axşamı) 559

Prezident İlham Əliyev müşavirə keçib

Prezident İlham Əliyev müşavirə keçib
Avqustun 6-da Azərbaycan prezidenti İlham Əliyev ölkədə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı video-müşavirə keçirib.

Prezidentin saytında dərc edilən məlumatda bildirilir ki,  dövlət başçısı koronavirusa qarşı mübarizə işində müsbət dinamikanın müşahidə olunduğunu qeyd edib: "İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq”, - İ.Əliyev bildirib. 

Onun sözlərinə görə, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. "Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”, - o qeyd edib.


"Adambaşına düşən testlərin sayına görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir. Biz qısa müddətdə laboratoriyalarımızın sayını 5 dəfə artırdıq. Yaxın gələcəkdə alınacaq yeni laboratoriyalar imkan verəcək ki, daha da böyük sayda testlər keçirilsin. Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verilib. Onlardan 4-ü bir gün ərzində - iyulun 29-da fəaliyyətə başlayıb. Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində mənim iştirakımla bu xəstəxanaların açılışı olub. Yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək”, - dövlət başçısı bildirib.

turan.az