12:11, 22 Sentyabr 2020 (Çərşənbə axşamı) 217

Prezidentin çıxışı və müharibə ehtimalı

Prezidentin çıxışı və müharibə ehtimalı
"2016-cı ildəki hərbi toqquşmalara bənzər döyüşlərin təkrarlanması ehtimalı var”

"Ermənistan yeni böyük müharibəyə hazırlaşır. Onların təmas xəttinə yaxın qüvvələrində cəmləşmə baş verir. Biz hər şeyi görürük, hər şeyi izləyirik. Əlbəttə ki, özümüzü müdafiə edəcəyik. Necə ki, Tovuzda özümüzü müdafiə etdik, bütün başqa istiqamətlərdə özümüzü müdafiə edəcəyik. Onlar üçün Tovuz hadisələri növbəti dərs oldu. Əgər yeni dərs almaq istəyirlərsə, biz buna hazırıq”.

Prezident İlham Əliyev sentyabrın 19-da yerli mediaya müsahibəsində belə deyib.

O artıq danışıqlar getmədiyini və  Azərbaycanın həmin prosesdə imitasiya xatirinə iştirak etməyəcəyini də bəyan edib. İ.Əliyev belə vəziyətdə heç bir sülh müqaviləsinin olmayacağını da vurğulayıb. 

Sentyabrın 20-dən etibarənsə  Azərbaycanda səfərbərlik elan olunub, cəbhə xəttində, sərhəd bölgəsində atəşkəs pozulub və artıq bir bir hərbçimiz həlak olub. Bütün bunlar  "Yenidən müharibə başlayacaqmı” sualını gündəmə gətirib.

"2016-cı ildəki hərbi toqquşmalara bənzər döyüşlərin təkrarlanması ehtimalı var”

Siyasi şərhçi Şahin Cəfərli baş verənlər haqqında dəqiq fikir yürütməyin mümkün olmadığını deyir. Xüsusilə də  Tovuz döyüşlərindən sonra Azərbaycan-Ermənistan münasibətlərini, eləcə də Azərbaycan-Türkiyə-Rusiya üçbucağında baş verənləri izah etməyin çətinlityinə diqqət çəkən Cəfərli qeyd edir ki,  əvvəlki dövrlə müqayisədə müəyyən dəyişikliklər hiss olunmaqdadır:  "Tovuz hadisələri zamanı Türkiyə  Azərbaycana həmişəkinfən daha konkret dəstək nümayiş etdirdi. Əlbəttə, bu ölkə həmişə Azərbaycanın yanında olub, amma bu dəfə Türkiyə prezidenti Rəcəb  Tayyib Ərdoğan açıq şəkildə bildirdi ki, ehtiyac olarsa, Azərbaycana hərbi yardım da edə bilərlər. O, 1918-ci ildəki hərbi yardımı da xatırladıb. Bu açıqlamadan qısa müddət sonra Azərbaycan-Türkiyə hərbi təlimləri başladı. Deyilənə görə, Türkiyə ordusunun həmin təlimçün gəlmiş hərbi kontingenti hələ də Azərbaycandadır. Bu, təbii ki, Qarabağ məsələsi ətrafında yeni situasiya yaradır”.
 

 
Ş.Cəfərli hesab edir ki, son çıxışında İ.Əliyevin Ermənistanı sərt şəkildə hədələməsi Azərbaycanın Türkiyədən belə real dəstək görməsinin nəticəsidir. Rusiya-Türkiyə münasibətlərində gərginlik yaşandığına, xüsusilə Suriya məsələsində iki ölkə arasında yaranmış ziddiyyətlərin hər ötən gün daha da artmasına diqqət çəkən siyasi şərhçi Türkiyənin Azərbaycana dəstəyinin arxasında bu məqamın da təsiri olduğunu deyir:  "Türkiyə Rusiyaya nümayiş etdirmək istəyir ki, lazım gələrsə, ona nəinki Suriyada, hətta öz sərhədləri yaxınlığında da problem yarada bilər. Türkiyə Azərbaycandakı hərbi mövcudluğu ilə Rusiyaya məhz bu mesajı vermək istəyir”.  

Ancaq Ş.Cəfərli uzunmüddətli hərbi münaqişənin baş verməyəcəyini, lokal toqquşmaların daha real  olduğunu düşünür: "2016-ci ildəki münaqişəyə bənzər döyüşlərin təkrarlanması ehtimalı var”. 

"Rusiya Qarabağa qoşun yeritmək istəyir”

Siyasi şərhçi Zərdüşt Əlizadə hesab edir ki, Rusiya bölgədə mövqeyini möhkəmləndirməyə çalışır:  "Buna yeni müharibəylə, Azərbaycanın məğlubiyyəti hesabına öz qoşunlarını burda yerləşdirməklə nail olmaq istəyirlər. Artıq uzun müddətdir ki, Rusiya münaqişə tərəflərinə rus qoşunlarının Qarabağda yerləşdirilməsini təklif edir. Amma buna nə Azərbaycan, nə də Ermənistan razılıq verdiyi üçün Rusiya münaqişənin yeni mərhələsinin başlanmasına çalışır. İstəyir ki, daha böyük itkilər verməmək üçün tərəflər rus qoşunlarının Qarabağda "əyləşməsinə” razılaşsınlar”.
 

 
Z.Əlizadə qeyd edir ki, artıq Türkiyə də münaqişədə təkcə dəstəkçi kimi yox, tərəf kimi iştirak etmək marağındadır.

 "Azərbaycan yeni taktika müəyyənləşdirib”

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov prezidentin söylədiklərinin yeni olmadığını, onun həmişəki tezisləri səsləndirdiyini deyir:  "Amma bəzi yeni elementlər də var. İndiki mərhəldə daha çox danışıqlara qiymət verilir. Görünən odur ki, Azərbaycan iqtidarı bu proseslə bağlı ictimaiyyətə informasiya verilməsi kimi yeni taktika  müəyyənləşdirib. Yanlış təsəvvürlərin olmaması, həmsədrlərin real danışıqlar aparması fikrinin yaranmaması üçün indiki mərhələdə belə bir taktikanın müəyyən edilməsi vacibdir. Görünür,artıq imitasiya sxarakterli danışıqlara yol verilməyəcək”.
 

 
T.Zülfüqarov İlham Əliyevin söylədiyi bir fikrə xüsusi diqqət çəkir:  "Prezident qeyd edir ki, beynəlxalq qanunları pozan tərəf Ermənistandır. Amma biz də öz hüquqlarımızı bərpa etmək üçün bütün vasitələrdən istifadə edə bilərik və buna hüququmuz çatır”.

Müdafiə Nazirliyi sentyabrın 20-də, saat 23.13-də  Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının (PUA) Azərbaycanın Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edildiyi barədə məlumat yayıb. PUA-nın Şəmkir rayonu istiqamətində vurulduğu deyilir.

Nazirliyin bir gün sonra açıqladığı xəbərdə isə Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsin pozulduğu və Azərbaycan Ordusunun hərbi qulluqçusu kiçik çavuş Elşən Məmmədovun həlak olduğu bildirilib.

2020-ci il iyul ayının 12-də Tovuz istiqamətində bir neçə gün davam edən döyüşlərdə bir mülki şəxs və 12 hərbçi həlak olmuşdu. Həlak olan hərbçilər arasında Azərbaycan ordusunun general-mayoru Polad Həşimov da vardı.

Vüsalə Mikayıl