14:23, 29 İyul 2020 (Çərşənbə) 646

“Qanun Nəşrlər Evi” cərimə edilib

“Qanun Nəşrlər Evi” cərimə edilib
"Heç Türkmənistanda da buradakı kimi problemlə üzləşmirəm”

Səbail Rayon Məhkəməsi "Qanun Nəşrlər Evi”ni 1500 manat cərimə edib.

İddia Gömrük Komitəsi tərəfindən irəli sürülüb. Buna səbəb kimi "Qanun Nəşrlər Evi”nin qısa idxal bəyannaməsini təqdim etməməsi göstərilib.

Bu barədə məlumatı nəşriyyatın direktoru Şahbaz Xuduoğlu paylaşıb.

O yazıb ki, məhkəmə nəşriyyatın təmsilçisi olmadan qərar qəbul edib:

"İyulun 28-də apelyasiya şikayəti verdik, amma birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxladılar. İlin-günün bu vaxtında üstümüzə 1500 manat da yüklədilər”.

Şahbaz Xuduoğlu Meydan TV-yə deyib ki, onlar Ali və Konstitusiya məhkəmələrinə şikayət edəcəklər:

"Çünki qoyulan qaydalar və qanunlarda dəyişikliklərə ehtiyac var. Təsəvvür edin ki, xaricdən yük gəlirsə, Azərbaycan sərhədinə yaxınlaşmamış, yük haqqında gömrük orqanına məlumat verirsən və üstəlik 36 manat pul ödəyirsən. Bu pul niyə ödənilir, bu da məlum deyil. Əgər yükü gətirən şirkət vaxtında xəbər verməsə və sərhəddən keçirib sənə təhvil versə, dərhal 1500 manat cərimə olunacaqsan. Yükün həcmi, dəyəri heç kəsi maraqlandırmır. Nə gətirirsən gətir, qısa idxal bəyannaməsi verməsən, cərimə olunacaqsan. Bu qayda gömrükdə islahatlar aparılandan sonra tətbiq olunmağa başlayıb. Bir də gömrükdə "Ramal-Trans” (ada heç bir müdaxilə olunmayıb) deyilən bir tələ var. Kimin yükü gəldi, aparıb salırlar ora və yükün həcminə uyğun səndən pul alırlar. Bizdən bəzən 500-600 manat qopardırdılar. Heç bir sənəd də vermirlər”.

Şahbaz Xuduoğlu bu barədə Dövlət Gömrük Komitəsinin sədrinə şikayət edib, amma cavab belə olub ki, qaydanın tətbiqi onlarlıq deyil:

"Əgər qayda Dövlət Gömrük Komitəsinə bağlı deyilsə, o zaman adımıza gələn yükü o tələyə niyə salırsız? Malımızı "Ramal-Trans” ərazisinə girmədən deklarasiya edin, çıxıb gedək. Gömrükdə islahatlar başlayanda ən çox sevinənlərdən biri mən oldum. Çünki Vüsal Novruzov orada bir məzarlıq düzəltmişdi. İndi o yoxdur, amma kabusu hələ də gömrüyü idarə edir. Gömrükdə islahatlar başladı, "ura” dedik. Amma boğazımızda tikə qaldı. İndi gömrük boğazımızda qalan tikədir. Nə yuxarı qayıdır, nə də aşağı düşür. Qısa idxal bəyannaməsini kim ixtira edib? Bəs bu cərimənin miqdarı haradan götürülüb? Bu Ramal Trans niyə? Bəzən xarici ölkələrə kitab göndərirəm. Bir neçə e-mail yazmaqla gömrük rəsmiləşdirilməsi asanlıqla həll olur. Heç Türkmənistanda da buradakı kimi problemlə üzləşmirəm. Rüsumlarını al, malını göndər, gəlsin. Bu qaraçılıq, hər tin başı bir qutu qoyub pul yığmaq niyə gərək?”