15:38, 23 Oktyabr 2020 (Cümə) 143

Qarabağ savaşı: Azərbaycanın cəbhədəki uğurları münaqişənin həllinə kömək edəcəkmi?

Qarabağ savaşı: Azərbaycanın cəbhədəki uğurları münaqişənin həllinə kömək edəcəkmi?
Qarabağ cəbhəsində silahlar susmur. Sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında atəşkəsin növbəti dəfə pozulması irimiqyaslı müharibəylə nəticələndi. Böyük dövlətlər savaşı dayandırmaq və  danışıqları bərpa etmək üçün çağırışlar edirlər. Vasitəçilik məsələsində Rusiyanın daha fəal  olduğu nəzərə çarpır. Bu ölkənin prezidenti Vladimir Putin baş verənləri "böyük faciə” adlandırır, hər gün bir neçə dəfə Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla danışdığını deyir. Azərbaycan və Ermənistan xarici işlər nazirləri artıq iki dəfə Moskvada görüşüblər. Onların birinci görüşdə (10 oktyabr)  imzaladıqları humanitar atəşkəs razılaşması bir neçə saat sonra pozulub. 

Oktyabrın 1-də Rusiya, ABŞ və Fransa Prezidentləri birgə bəyanatla çıxış edərək, Dağlıq Qarabağda zorakılığın artmasını ən qətiyyətli formada qınayıblar, Azərbaycan və Ermənistan rəhbərliyini heç bir ilkin şərt olmadan dərhal danışıqları bərpa etməyə çağırıblar. Ancaq bu bəyanat təsirli olmayıb.

ABŞ prezidenti Donald Tramp münaqişə ilə bağlı cəmi bir dəfə danışıb. Sentyabrın 28-də o, jurnalistlərə açıqlamasında belə deyib: "Biz hadisələri çox diqqətlə izləyirik. Hərbi əməliyyatlar yeni başlayıb, bu haqda məlumatlıyam. Bizim o regionda çox yaxşı əlaqələrimiz var. Görək, bunu dayandıra bilərikmi".

Fransa müharibənin ilk fazasında aktiv görünürdü. Prezident Emmanuel Makron ilk günlərdə Dağlıq Qarabağda eskalasiyanın dərinləşməsinə imkan verməyəcəklərini bəyan etmişdi. Onun "Türkiyənin ritorikası Azərbaycanı Dağlıq Qarabağı yenidən "işğal etməyə” cəsarətləndirir” fikri həm Azərbaycanda, həm də Türkiyədə kəskin narazılıqla qarşılanmış, Minsk qrupu həmsədri olan vasitəçi ölkənin bu cür çıxışlarının yolverilməz olduğu vurğulanmışdı. Bəlkə də bu səbəbdən idi ki, sonradan Fransa bu cür bəyanatlarla çıxış etmədi və passiv mövqeyə keçdi. Oktyabrın 18-də Azərbaycan və Ermənistan Fransanın təşəbbüsüylə daha bir humanitar atəşkəs razılığı əldə etdilər, amma bu razılıq da bağlanar-bağlanmaz pozuldu.

Türkiyə əvvəlki kimi fəal şəkildə Azərbaycanı dəstəkləməkdə davam edir, xarici işlər naziri Mövlud Çavuşoğlu hətta döyüş meydanında da Azərbaycanın yanında olmağa hazır olduqlarını bəyan edib. İranın ehtiyatlı bəyanatları bu ölkənin tərəfsiz qalmaq niyyətində olduğunu göstərir. Ən son fəal təşəbbüs isə ABŞ-dan gəlib. ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo mətbuata açıqlamasında bildirib ki, oktyabrın 23-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşəcək: "Çox istəyirəm ki, onların vəziyyətə baxışını və təkcə ABŞ-ın maraqlarına deyil, bu ölkələrin hər birinin maraqlarına uyğun olan həllə necə yaxınlaşa biləcəyimizi eşidim”. 

Bəzi ekspertlər Donald Tramp administrasiyasının ABŞ-da 3 noyabrda keçiriləcək prezident seçkilərindən əvvəl tərəfləri barışdırıb sülhə nail olmaqla, imicini yaxşılaşdırmaq istədiyini bildirirlər, amma barışıq ehtimalının az olduğu, ABŞ-ın təşəbbüslərinin də kifayət etməyəcəyi vurğulayırlar. Azərbaycan və Ermənistan rəhbərlərinin açıqlamalarından belə görünür ki, tərəflər qətiyyən  bir-birlərinə güzəştə getmək niyyətində deyillər. Müharibə tam gücüylə davam etməkdədir.   

İndiyədək hər iki tərəfdən onlarla mülki şəxs ölüb və ya yaralanıb. Ermənistan tərəfinin rəsmi açıqlamalarına görə, indiyədək həlak olan erməni əsgərlərin sayı 900-ü keçib. Azərbaycan tərəfi itkilərini açıqlamır. Amma Azərbaycanın da yüzlərlə əsgərini itirdiyi heç kimdə şübhə doğurmur. Müharibə cəbhəsində olduğu kimi diplomatiya cəbhəsində də qızğın qarşıdurma gedir. Ermənistanın Baş naziri Nikol Paşinyan 21 oktyabrda xalqa müraciətində Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolunun olmadığını bəyan edib və Ermənistandakı, Dağlıq Qarabağdakı, dünyadakı bütün ermənilərə səslənərək, ələ silah götürməyə çağırıb. 

"Hansısa diplomatik həll yolundan danışmaq ümumiyyətlə, mənasızdır, ən azından indiki mərhələdə... Erməni xalqının haqqı üçün ilk növbədə ələ silah götürmək lazımdır. Bizim öhdəliyimiz hamılıqla xalqımızın haqqı üçün sonacan mübarizə
aparmaqdır", - Nikol Paşinyan deyib. 

Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev də oktyabrın 21-i Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində Azərbaycanın Dağlıq Qarabağda referendum keçirməyə icazə verməyəcəyini bəyan edib. 

"Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var." – deyə, İlham Əliyev vurğulayıb. 
İndiyədək hər iki tərəfdən onlarla mülki şəxs ölüb və yaralanıb. Ermənistan tərəfinin rəsmi açıqlamalarına görə, indiyədək həlak olan erməni əsgərlərin sayı 900-ü keçib. Azərbaycan tərəfi itkilərini açıqlamır. Amma Azərbaycanın da az itki vermədiyi şübhə doğurmur. 
Müharibə cəbhəsində olduğu kimi, diplomatiya cəbhəsində də ciddi qarşıdurma var. Ermənistanın baş naziri Nikol Paşinyan 21 oktyabrda xalqa müraciətində Dağlıq Qarabağ münaqişəsinin diplomatik həll yolunun olmadığını bəyan edib və Ermənistandakı, Dağlıq Qarabağdakı, dünyadakı bütün ermənilərə səslənərək hamını silaha sarılmağa çağırıb: 

"Hansısa diplomatik həll yolundan danışmaq ümumiyyətlə mənasızdır, ən azı indiki mərhələdə... Erməni xalqının haqqı üçün ilk növbədə ələ silah götürmək lazımdır. Bizim öhdəliyimiz hamılıqla xalqımızın haqqı üçün sonacan mübarizə aparmaqdır". 

Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev də oktyabrın 21-i Yaponiyanın "Nikkei" qəzetinə müsahibəsində Azərbaycanın Dağlıq Qarabağda referendum keçirməyə icazə verməyəcəyini bəyan edib: 
 
"Dağlıq Qarabağda heç bir referendum olmayacaq. Biz bununla heç vaxt razılaşmayacağıq. Biz danışıqlar zamanı buna razılıq vermədik və indi ərazinin böyük bir hissəsini geri aldığımız bir vaxtda bundan söhbət gedə bilməz. Öz müqəddəratını təyinetməyə gəldikdə, ermənilər artıq öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil Ermənistan dövləti var". 

Hazırda cəbhədə Azərbaycanın daha üstün tərəf olduğu nəzərə çarpır. Rəsmi məlumatlara görə, Azərbaycan ordusu cəbhədə əhəmiyyətli uğurlar qazanıb. Prezident İlham Əliyevin açıqlamalarına görə, Azərbaycan ordusu Füzuli, Cəbrayıl, Zəngilan şəhərlərini, bu üç rayonun, həmçinin Xocavənd rayonunun bir çox kəndlərini, Dağlıq Qarabağda Hardrut qəsəbəsini və ətraf kəndləri, o cümlədən şimal cəbhəsində Suvoquşan və Talış kəndlərini işğaldan azad edib. Qeyri-rəsmi mənbələrə görəsə, Azərbaycan ordusu artıq işğal altındakı Qubadlı rayonunun ərazisinə daxil olub və hazırda Ermənistanı Dağlıq Qarabağla birləşdirən Laçın dəhlizinə yaxınlaşmaqdadır. Azərbaycanın əbhədə qazandığı uğurlar münaqişənin həllinə necə təsir edə bilər? Hazırda bir çoxlarını maraqlandıran əsas sual budur. 

"Bu uğurlar, şübhəsiz ki, yeni reallıqlar yaradıb. Əgər əvvəllər masada və danışıqlar prosesində erməni tərəfin mövqeləri daha güclü idisə, indi Azərbaycanın mövqeyi daha güclü olacaq və o, şərt diqtə edən tərəf olacaq. Bu baxımdan mən düşünürəm ki, əvvəlki dövrlə müqayisədə indi vəziyyət kardinal şəkildə dəyişib” - "Toplum TV”-yə açıqlamasında siyasi şərhçi Şahin Cəfərli belə deyib. 

Bəs ATƏT-in  Minsk Qrupunun 5+2 formatındakı Madrid və Kazan prinsiplərinin "taleyi” necə olacaq? Azərbaycanın cəbhədəki uğurları həmin prinsipləri dəyişə biləcəkmi? 
Ş.Cəfərli əvvəlki təklif və prinsiplərin artıq aktuallığını itirdiyini düşünür:

"Məsələn, əvvəllər 5+2 formatı üzrə həll yolu təklif edilirdi, amma artıq Azərbaycan həmin beş rayondan üçünün - Fizuli, Cəbrayıl və Zəngilanın böyük hissəsini işğaldan azad edib. Qeyri-rəsmi mənbələrə görə də, artıq döyüşlər Qubadlıda gedir. Bu isə o deməkdir ki, Azərbaycan 3 rayonu azad edib, dördüncüsünə daxil olub. Belə olan təqdirdə 5+2 formatı aktuallığını itirir. Ona görə də düşünürəm ki, əgər danışıqlar başlasa, o zaman həmsədr ölkələr yeni bir sülh planı ortaya qoymalıdırlar və əvvəlki dövrlərlə müqayisədə indi Azərbaycanın maraqlarını daha ciddi şəkildə nəzərə almalıdırlar. Əvvəlki baza prinsiplərindəki bəzi müddəalar Azərbaycanın maraqları
na tamamilə zidd idi, məsələn, Dağlıq Qarabağa əvvəlcə müvəqqəti statusun verilməsi və təhlükəsizliyin təmin edilməsi, ardınca isə Dağlıq Qarabağın yekun statusunun ümumxalq səsverməsi ilə müəyyən edilməsi müddəası. Dağlıq Qarabağda belə bir referendumun keçirilməsi, təbii ki, Azərbaycanın maraqlarına uyğun deyildi. Ona görə də indiki şəraitdə Azərbaycanın qarşısına əvvəlki prinsiplərin qoyulması tamamilə əhəmiyyətsizdir”.  

Şahin Cəfərli hesab edir ki, Azərbaycanın cəbhədəki uğurlarından sonra münaqişənin həll olunması ehtimalı kifayət qədər yüksəkdir:

"Həmsədr ölkələr başda olmaqla, bütün dünya gördü ki, Azərbaycan xalqı və dövləti işğal faktı ilə barışmadı. Atəşkəsin elan olunmasından 30 ilə yaxın vaxt keçdi, Azərbaycanda yeni gənc nəsillər ortaya çıxdı, amma cəmiyyət Qarabağı unutmadı. Hətta Azərbaycanın yeni gənc nəsli əvvəlki nəsillərdən daha qərarlı və istəkli şəkildə Qarabağın qaytarılmasını ölkə rəhbərliyindən tələb etdi. İyul ayında minlərlə gəncin iştirakıyla Qarabağ tələbiylə Bakıda keçirilən mitinq Azərbaycanın yeni gənc nəslinin işğalla barışmadığını və barışmayacağını göstərirdi. 27 sentyabrda başlayan hərbi əməliyyatlar da bunun daha bir sübutu oldu. İndi məsələnin həll olunması ehtimalı çox yüksəkdir. Həmsədr ölkələr də məsələni uzatmaqdansa, masada buna nöqtə qoymağa çalışacaqlar. Ermənistan artıq yeni reallıqla barışmaq məcburiyyətindədir. Fikrimcə, Rusiya da bu vəziyyətdə Ermənistana ciddi dəstək verməyəcək. Düzdür, bu coğrafiyada Ermənistan Rusiyanın maraqları nöqteyi-nəzərindən vacib ölkə olaraq qalır. Amma hər halda, Rusiya da artıq dərk edir ki, status-kvonu və münaqişəni dondurulmuş vəziyyətdə saxlamağın mənası yoxdur. Beləcə, Rusiya münaqişənin həllinə töhvə verməyə çalışacaq, həmçinin də həll prosesində axıra qədər öz maraqlarının nəzərə alınmasına çalışacaq. Baza prinsiplərində bölgəyə sülhməramlı kontingentin çağırılması nəzərdə tutulub. Bu baş verəcəksə, Rusiya çalışacaq ki,  kontingentin böyük hissəsi onun əsgərlərindən ibarət olsun, ya da ən azı komandiri rusiyalı hərbçi olsun. Ancaq münaqişənin yenidən dondurulması və ya uzadılması məsələsi, fikrimcə, artıq aradan qalxıb”.
Cavid Ramazanlı