Siyasət

Qəddar müharibənin ön cəbhəsində: Dağlıq Qarabağda ölüm və ümidsizlik

22 Oktyabr, 2020
630
"Nyu-York Tayms” qəzetinin jurnalistləri Qarabağ müharibəsindən yazıb
 
Müəllif: Anton Troianovski
Foto: Sergey Ponomaryov
"Nyu-York Tayms" qəzetində 18.10.2020-ci il tarixdə dərc edilib, 21.10.2020-ci il tarixdə yenilənib

Cəbhə xəttində üfunətdən baş çatlayır. Əsgərlərin cəsədləri həftələrdir yerlərdə qalıb. 

Səngərlərdə qorxu hökm sürür. Ermənilər başları üzərində uçuşan və kefinə düşəndə öldürən Azərbaycan dronlarından müdafiəsizdirlər. 

Hərbi məzarlıqda buldozerlə bir çuxur qazılıb. İki sıra məzarlıq artıq doldurulub, onların yanında isə təzəcə qazılmış və tezliklə doldurulacaq düzbucaq çalalar var. 

Avropanın Asiyayla birləşdiyi Qafqaz dağlarındakı mübahisəli ərazi uğrunda Azərbaycanla Ermənistan arasındakı üç həftəlik münaqişə amansız bir müharibəyə çevrilməkdədir. Bunu bizə günlərdir zirzəmilərdə gizlənən adamlar deyir. 
 
Onlar hesab edirlər ki, Azərbaycan Dağlıq Qarabağdan bir parça qoparmaq üçün saysız-hesabsız qurbanlar verir. 
Etnik ermənilərin nəzarət etdiyi bu ərazi beynəlxalq hüquqa əsasən Azərbaycan torpağıdır.

Son həftələrdə əhali nəmli və soyuq zirzəmilərdə yaşayır, bəziləri yerdə kardon kağızların üzərində yatır, bu uçuq-sökük yer həm də mətbəx funksiyasını yerinə yetirir. Dağlıq Qarabağın və Azərbaycan şəhərlərinin bombardman edilməsi və raket hücumlarına məruz qalması nəticəsində indiyədək onlarla mülki vətəndaş və yüzlərlə əsgər öldürülüb, burada gecələrə qorxunc işıqlar və səslər hakimdir.

Axırıncı həftə fotoqraf Sergey Panomoryovla birgə dörd gün vaxt keçirdiyim Dağlıq Qarabağın Stepanakert şəhərində uzaqdan tez-tez artilleriya atəşlərini eşitmək mümkün idi. Axırıncı cümə günü isə şəhərin özü hücuma məruz qaldı. Hava hücumu sirenaları, partlayış və gurultu səsləri bütün gecə boyunca dinmədi, otelin qonaqları tez-tez zirzəmiyə qaçmaq məcburiyyətində qalırdılar. Raketlərdən biri şəhərin mərkəzinə düşəndə, otel otağımın pəncərəsi sarı işığa boyandı. 

Memar Manuşak Titanyan tikdiyi binalardan birini artıq itirib: Şuşa şəhərindəki Mədəniyyət Evinin damı dağılıb, bir hissəsi küçədəki ağaclardan birinə ilişib qalıb, bəzəkli qırmızı oturacaqlar toz içindədir, səhnə pərdəsi isə dağıntıların arasında parça-parça olub. 

İndi o, üç övladına görə narahatdır, 18 yaşlı oğlu – evin sonbeşiyi cəbhədədir. adın Dağlıq Qarabağın paytaxtı Stepanakert şəhərində rəsmi orqanların fabrikdə qurduğu emalatxanada hərbi geyimlər tikməklə başını qatır. Günorta çağı bina yaxınlıqdakı partlayış səsindən silkələnəndə ürəyi ağzına gəlsə də, paltar tikməyə davam edib. 

"Müharibə, yəqin ki, dünyadakı ən qorxunc şeydir - xanım Titanyan deyir, - İnsanın indiyəcən ixtira etdiyi  ən təhlükəli şeylər müharibədə özünü ən qorxunc formada biruzə verir”.

Bu müharibə region əhalisi üçün kökləri 100 ildən də qədimə gedib çıxan ərazi və tarix üzərindəki zorakı mübarizənin davamıdır. Ermənilər və azərbaycanlılar sovet dövründə bu mübahisəli ərazidə bir yerdə yaşayıblar, ta ki, 1980-cı illərin sonunda iğtişaşlar, ardınca toqquşmalar və çoxillik müharibə başlayana qədər. 

Ermənistan 1994-cü ildəki qələbəsindən sonra Dağlıq Qarabağ müstəqilliyini elan edib. Ümumən isə müharibə 20 min insanın ölümü və əksəriyyəti azərbaycanlılardan ibarət olan bir milyon insanın məcburi köçkünə çevrilməsiylə nəticələnib. 

Azərbaycan sentyabrın 27-də hücuma keçib və intensiv artilleriya atəşləri və dəqiq dron zərbələri ilə kiçik ərazilər əldə etməyə başlayıb. Ermənistanın məhdud hava müdafiəsi dronların qarşısını almaqda aciz olsa da, əsasən könüllülərdən və rezervistlərdən ibarət olan ordu Azərbaycan ordusunun hücumunu yavaşlada bilib. 

Erməni rəsmilərin dediyinə görə, cəbhənin bəzi hissələrində ermənilər yeni səngərlər qazaraq hücuma keçməyə cəhd edən onlarla azərbaycanlı əsgəri öldürüblər. 

Xəzər dənizində neft-qaz ölkəsi olan Azərbaycanın güclü ordusu var. O, İsrail, Türkiyə və Rusiyadan aldığı təkmil dronlardan və artilleriya sistemlərindən istifadə edir. Ancaq münaqişədən üç həftə keçsə də, Azərbaycan bu üstünlüyünü geniş ərazilər tutmaq üçün istifadə edə bilməyib, bu isə uzun və əzablı müharibə mənasına gə
lir. Həmçinin bu, Azərbaycanın əsas müttəfiqi olan NATO ölkəsi Türkiyəni Ermənistanla hərbi ittifaq müqaviləsi olan Rusiyaya qarşı qoymaqla, daha genişmiqyaslı müharibəyə gətirib çıxara bilər.

Şənbə günü Ermənistan və Azərbaycan meyitlərin və əsirlərin dəyişdirilməsi üçün Fransanın vasitəçiliyi ilə atəşkəs barədə razılığa gəldiklərini elan etdilər. Ancaq bir həftə əvvəl Rusiyanın vasitəçiliyi ilə bağlanmış müqavilə pozulduğu və tərəflər bunda bir-birlərini ittiham etdikləri kimi, bazar günü də eyni şey təkrarlandı. 

"Bu müharibə erməniləri gücsüzləşdirmək məqsədi güdür. - Hərbi ekspert Maykl Kofman Azərbaycanın hərbi kampaniyasını belə şərh edir. - Bu, aydın bir qələbə nəzəriyyəsilə yaxşı hazırlanmamış  kampaniyadır”. 


Yaxşı silahlanmamış Ermənistan döyüşə ehtiyatda olan hərbi qulluqçuları və könüllüləri də cəlb edib. Onlardan bəziləri 1990-cı illərdəki müharibənin veteranlarıdır. Məsələn, xüsusi təyinatlı qüvvələrin təqaüddə olan polkovniki Artur Aleksanyan deyir ki, yeni münaqişə başlayanda yaralanıb və əməliyyat olunub. Hazırda isə o, şimal cəbhəsində Azərbaycanın irəliləməsini dayandırmaq üçün səngərdə könüllülər bölüyünə başçılıq edir. 

Aleksanyan şənbə günü Stepanakertdə verdiyi müsahibəsində 15 ildir əlinə silah almadığını deyib, sonra isə radio cihazlarıyla dolu çantasını götürərək cəbhəyə yollanıb. Müsahibə zamanı o, köynəyini qaldıraraq qarnına doladığı, gündə 8 dəfə dəyişdirmək məcburiyyətində olduğu sarğıları göstərmiş, axırıncı müharibədən qalma süni diz qapaqlarını taqqıldatmışdı.

Aleksanyan deyir ki, 1990-cı illərin müharibəsi indikinin yanında heç nədir, o dövrdə əsas silah "Kalaşnikov” idi, indi isə yüngül silahlardan nadir hallarda atəş açılır. Onun sözlərinə görə, rəhbərlik etdiyi bölük səngərdə keçirdiyi 17 gün ərzində fasiləsiz, hər 20 dəqiqədən bir atılan artilleriya atəşinə məruz qalıb. Onlar döyüş meydanı üzərində uçuşan, hədəf görəndə hücuma keçən Azərbaycanın "kamikadze dronları”nın erməni tanklarını və digər obyektlərini sistemli şəkildə bombalaması nəticəsində yaranan kraterlərlə əhatə olunublarmış: 

- Dronlar elə sürətlidirlər ki, nişan ala bilmirdik. Mən qorxmadığımızı deyə bilmərəm. Hamımız qorxurduq.

Aleksanyanın və digər erməni döyüşçülərin sözlərinə görə, Azərbaycanın qorxunc silahları olsa da, piyadaları hücuma keçəndə asan hədəfə çevrilirlər. Aleksanyan deyir ki, onların cəsədləri döyüş meydanında qalıb iylənir.
 
"Onlardan birini vuranda, o biriləri qaçmır”, - cəbhədən gələn əsgər Tiqran Saakyan belə deyir. - Sən ikincisini vurub yıxırsan, üçüncünü vurub yıxırsan, amma onlar gəlməkdə davam edirlər, elə bil robotdurlar”. 

Stepanakertdəki hərbi bazada Saakyan və yoldaşları - bəzilərinin 50 yaşı var, – hərbi keşişin xeyir-duasını almaq üçün növbəyə durublar. Erməni Apostol Kilsəsinin dyakonu Narek Petrosyan deyir ki, əsgərlərin qohumları ona zəng edib cəbhədən xəbər soruşanda, o, doğmalarının öldüyünü bilsə də, həmin şəxslərə  ümid verməyə çalışır. Ölüm xəbərlərini çatdırmaq ayrıca bir ilahiyyatçı qrupun öhdəliyindədir. 

"Biz onlara bunun müqəddəs dava olduğunu deyirik, bunun üçün bir-birimizi qurban verməyə hazırıq” – Narek Petrosyan belə deyir. 

Artıq 700-dən çox erməni əsgər həlak olub, hər iki tərəfdən ölən mülki vətəndaşların da sayı onlarladır. 

Azərbaycan hərbi itkilərini açıqlamır. Ancaq hökumət şənbə günü açıqlama verib ki, ölkənin ikinci böyük şəhəri olan Gəncəyə Ermənistandan atılan raket nəticəsində 14 nəfər həyatını itirib. 

Hərbi səfərbərlik haqqında qanun əsgərlik yaşı çatan kişilərin ərazini tərk etməsini qadağan etsə də, rəsmi məlumata görə, Dağlıq Qarabağda əhalinin yarısından çoxu artıq evlərini tərk edib. Qalanlar arasında qadınlar da var, onlar cəbhə xəttindəki ərlərinə, övladlarına və atalarına yaxın olmaq istəyirlər. Artıq koronavirus təhlükəsi insanları ən çox narahat edən məsələ deyil, ancaq beynəlxalq yardım təşkilatları raketdən müdafiə sığınacaqlarının infeksiya yuvası olmasına dair xəbərdarlıqlar edirlər. 

Dağ başında yerləşən Şuşa şəhərinin sakinləri - 33 yaşlı Alyona Şahramanyan və qonşuları 3 həftə əvvəl yaşadıqları binanın çirkli zirzəmisinə k
öçüblər. Onlar qapılardakı və beton divarlardakı dəlmə-deşikləri plastik əşyalarla və kardon kağızlarla doldurublar. Qadınlardan biri xəstədir, yel çəkən bu zirzəmidə soyuqladığını deyirlər. 

Şahramanyanın əri də, qardaşı da cəbhədədir, ikincisi telefon zənglərinə cavab vermir. Qadın əvvəlki gün tikiş emalatxanasınn yerləşdiyi kilsəyə getmək üçün çölə çıxanda dronun səsini eşidib vahimələnib. Müqəddəs Xilaskar Kilsəsi bu ayın əvvəlində iki dəfə vurulub, ikinci zərbədə ağır yaralanan rus jurnalistin qanı kilsənin həyətinə tökülmüş daşlarda hələ də qalmaqdadır. 

"Bizə heç kim kömək etmir - Şahramanyan belə deyir, - tək qalmışıq”.

Dövlət qurumları 1990-cı illərdə həlak olmuş döyüşçülərin dəfn edildiyi hərbi məzarlığın istinad divarını yıxıblar və yeni qurbanlara yer açmaq üçün yamaca doğru qazma işləri görüblər. Süni çiçək çələnglərinin və məzar daşlarının arasından yeni ölmüş qardaşının məzarı üzərində bir adam görünür.
O, kədərlə qollarını yana açıb titrək səslə deyir: - Bunlar yenidir – bizim uşaqlardır. Başqa nə demək olar?
 




Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo