Siyasət

"Qorxu qaldıqca, heç kim səsini çıxara bilməyəcək" - AUDİOMÜSAHİBƏ

11 Oktyabr, 2017
6109
1990-cı ilin Yanvar faciəsi yaşanan zamanlarda, Bakıda radio, televiziya, qəzetlər susdurulan günlərdə, o, azərbaycanlıların səsini Azadlıq Radiosu vasitəsilə dünyaya çatdırırdı. 

Söhbət azərbaycanlı jurnalist, publisist, naşir, tərcüməçi Mirzə Xəzərdən gedir.
 
Toplum TV hazırda Almaniyanın Münhen şəhərində yaşayan jurnalistlə söhbətləşib. 

Müsahibəni təqdim edirik:

- Hazırda hansı fəaliyyətlə məşğulsunuz?
- İndi daha çox dincəlirəm, veb-saytım var, onunla məşğul oluram, başımı qatıram. Başqa bir fəaliyyətim də yoxdur.

- Artıq təqaüddəsiniz. Buna baxmayaraq, jurnalist olaraq gündəmi, xüsusilə Azərbaycan gündəmini izləyirsinizmi?
- Bəli, hər gün qəzetləri, veb-saytları oxuyuram, sosial mediada çıxan xəbərlərlə tanış oluram. İqtisadi vəziyyətdən o qədər də xəbərim yoxdur, amma oxuyuram və onlardan nəticələr çıxara bilərəm, amma konkret bir söz deyə bilmərəm, çünki bəziləri şikayət edir ki, iqtisadi vəziyyət çox pisdir, başqaları deyir ki, yaxşıdır. Bir tərəf deyir ki, bir milyon iş yeri açılıb, o biri tərəf deyir heç bir iş yeri açılmayıb, işsizlərin sayı çoxdur. İki nöqteyi-nəzər var. Biri vəziyyətin yaxşı olduğunu, irəli sıçrayış olduğunu, sürətli inkişaf olduğunu deyir və təkrar edir. Birmənalı qiymət vermək çətindir, çünki rəsmən deyilənlərlə faktiki real vəziyyət bir-birinə uymur. Bunun da nəticəsi odur ki, xalqın rəsmi mənbələrə inamı azalıb. Kənardan baxaraq bu nəticəyə gəlmək olur. Sosial mediada çoxlu fikirlər səslənir. Elə adamlar yazır ki, onlar kənarda deyillər, gündəlik həyatın o çətinliklərini çiyinlərində hiss edirlər. Yalan danışa bilməzlər, çünki onların başqa çıxış yolu da yoxdur, həqiqəti söyləyirlər. Reallıqla yuxarıdan söylənən o müsbət bəyanatlar arasında böyük fərq var, uçurum var. 

- 13 il AzadlıqRadiosunun Azərbaycan şöbəsinə rəhbərlik etmisiniz. Bu il də radionun saytına məhkəmə qərarı ilə blok qoyuldu. Səbəbi nədə görürsünüz? 
- Mən Azadlıq Radiosundan 14 ildir ki, çıxmışam. O vaxtdan bəri nə AzadlıqRadiosunun verilişinə qulaq asmışam, nə də ki veb-saytına girmişəm, ehtiyacım da olmayıb, məlumatları mən başqa mənbələrdən də ala bilərəm.Yalnız AzadlıqRadiosuna blok qoyulmayıb, mənim veb-saytıma da blok qoyulub.Feysbukda çoxları şikayət edir ki, orda çıxan yazıları oxuya bilmirlər. Azadlıq Radiosu tək deyil, mənə elə gəlir ki, bir neçə nəşriyyat da, məsələn "Azadlıq" qəzeti də blok altındadır və başqaları da var. Tənqidi fikirlər səsləndirənlər blok olunur. Azadlıq Radiosunun nəyə görə blok edildiyini orada səslənən tənqidi fikirlərlə əlaqələndirmək lazımdır. 

-”Mirzə Xəzərin səsi” fəaliyyətini davam etdirirmi?
- ”Mirzə Xəzərin səsi” fəaliyyətini dayandırmayıb, mən hələ də yazıram, arada sosial mediada fəal olmağa çalışıram. Başqa bir imkanım da yoxdur, mənim nə radiom var, nə də televiziyam. Gücüm yalnız sosial mediaya çatır, çünki veb-sayt blok edildiyi üçün orda yazmaq da yararsızdır. Ona görə də əsas fikrimi sosial mediaya - tvitterə, feysbuka yönəltmişəm.

- Azərbaycandan sizə hər hansı əməkdaşlıq təklifi gəlsə dəyərləndirərsiniz, yoxsa geri çevirərsiniz?
-Bilmirəm, əslində fikirləşə bilərəm, amma o qədər də ehtiyacım yoxdur. 

- Azərbaycan jurnalistikasının indi ən çox nəyə ehtiyacı var?
- Azərbaycan jurnalistikasının güclü və inanılacaq bir nümunəyə ehtiyacı var. Elə bir nümunə ki, ona baxıb səhvlərini düzəltsinlər və özlərinə ibrət dərsi götürsünlər. Mənə elə gəlir ki, elə bir nümunə bu gün Azərbaycan jurnalistikasında çatışmır. Ona görə də pərakəndəlik, dilin səlist olmaması jurnalistikanın inkişafına mane olur. Amma başqa bir səbəb də, məncə, qorxudur. Onu aradan qaldırmaq mümkün deyil, çünki siyasi hakimiyyət öz siyasətini davam etdirdikcə, o qorxu qalacaq. Qorxu qaldıqca, heç kim öz səsini çıxara bilməyəcək və o qorxu, yaradıcılığın da inkişafına mane olacaq. Ona görə jurnalistləri də qınamaq doğru deyil, çünki onlar real şəraitdə fəaliyyət göstərir. Real şəraiti də biz uzaqdan da olsa görürük. Elə bir şəraitdə hər kəsdə elə bir cəsarət, hünər yoxdur ki, buna müqavimət göstərsin. Başqa bir yöndə də nümunə ola bilərdi, analitik materialların yazılışında obyektivliyə riayət olunsaydı, bir şey ortaya çıxardı. Amma yenə də deyirəm, indiki şəraitdə Azərbaycan jurnalistikasından çox şey tələb etmək doğru deyil. 

- Keçən həftə Xədicə İsmayıl iki beynəlxalq mükafata layiq görüldü, həbsdə olan jurnalist Əfqan Muxtarlı da mükafat aldı. Sizcə, onların fəaliyyəti nümunə deyilsə, onda bu beynəlxalq mükafatlar niyə verilir?
- Onların mükafat almasına mən məna baxımından elə baxmıram, çünki beynəlxalq mükafatların verilməsində yalnız jurnalist peşəkarlığının səviyyəsi əsas götürülmür. Burada jurnalistlərin ictimai fəaliyyəti əsas götürülür. Ona görə də onların nümunə olması o qədər də mümkün deyil. Onların jurnalist kimi fəaliyyətinə qiymət verilmir, ictimai-siyasi fəaliyyətinə qiymət verilir. 

- Əgər belədirsə belə bir sual da yaranır.Sizcə jurnalistin öz mövqeyi olmalıdır?
- Jurnalsitin mütləq öz mövqeyi olmalıdır və hansı şəraitdə olursa olsun, öz  şəxsi qələmini və xəttini və ya dünyagörüşünü yumşaq şəkildə tənqid edə bilsə belə açıq desək, öz ləyaqətini qoruyub saxlamalıdır. 

- Heç bir siyasi təşkilata mənsubiyyətiniz yoxdur, aydındır ki, özünüzü heç birinə aid etmirsiniz. Sizdən siyasi mənsubiyyətinizi soruşsaq, nə cavab verərsiniz? 
- Mən bitərəf adamam. Mənim Azərbaycandakı heç bir siyasi təşkilat, hərəkat və ya kursa  heç bir yaxınlığım yoxdur. Düzünü desəm heç rəğbətim də yoxdur.Özüm öz dünyamda yaşayıram və öz prinsiplərimə sadiqəm. Başqalarının siyasi görüşlərinə tabe olmaq istəmirəm, çünki öz müstəqilliyimi hər şeydən üstün sayıram. Müstəqil yaşamaq, müstəqil fikirləşmək, fikrimi müstəqil şəkildə ifadə etmək mənim üçün önəmlidir və heç kimin fikrinə əyilə bilmərəm. Bu, mənim mənliyimə və təbiətimə ziddir. 

Bəs o prinsipləriniz nədən ibarətdir, müstəqillikdən başqa?
- Mənim prinsipim humanizmdir, insan ləyaqətinin alçalmasına qarşıyam, yoxsul insanlara zülm edilməsinə qarşıyam.Dini yaxşı bilirəm, çünki "İncil”i və "Tövrat”ı tərcümə etmişəm və ona görə də o ideyaların ülviliyinə inanıram. 

- 2003-cü ildə Azadlıq Radiosundan ayrılmağınızı şərh edərkən, Azərbaycan milli maraqlarını jurnalistikadan üstün tutmağınızla bağlı bir fikir səslənmişdi. O milli maraqlar nədən ibarətdir və nəyə görə onlar sizin jurnalistika fəaliyyətinizlə ilə üst-üstə düşmədi?
- Əgər radionun tələb etdiyi jurnalistika prinsiplərinə və ya meyarlarına əməl etsəydim,  Yanvar hadisələri zamanı yalnız 5 dəqiqəlik bir xəbərlə efirə çıxıb, bitirməliydim.Ondan sonra da Azərbaycanda nə hadisə baş versə ona ötəri, xarici radio stansiya olaraq, "Reuters”, "Associated Press” necə işıqlandırırsa, mən də elə işıqlandırmalıydım.Milli ideayaya xidmət etməli deyildim, radionun verdiyi o çərçivədən kənara çıxmamalıydım. Radionun tələbi və peşəkarlıq haqqında kodeksi milli ideyanı kənara atır, onu qəbul etmir, milliyətçilik idealogiyasını kənara atır və ona imkan vermir. Əgər belə olsaydı, nə Azadlıq Radiosu indi tanınan radio, nə də mən indiki tanınan Mirzə Xəzər olmazdım. 

- Siyasi mənsubiyyət sualına da, deyəsən, cavab verdiniz ki, millətçisiniz...
- Bəlkə də, elə səslənə bilər.Bir zamanlar mən millətçi idim, Milli hərəkata yardım edirdim. Milli hərəkata yardım edən adam millətçi sayıla bilər. 

- Həm də tərcüməçi, yazar və tədqiqatçısınız. Sözün, ədəbiyyatın, sənətin cəmiyyəti dəyişmə gücünə, aydınlanmaya inanırsınızmı?
- Bəli, inanıram.Əgər səmimiyyət hakimdirsə, hansı şəraitdə olursa olsun, səmimiyyət varsa, o ideyalar inkişaf edə bilər.Əgər səmimiyyət yoxdursa və şəxsi maraq, şəxsi mənfəət üstünlük təşkil edirsə, onda onda heç bir ideya inkişaf edə bilməz.O ziyalının cəmiyyətə xeyri dəyə bilməz, çünki şəxsi marağından başqa heç kimi nəzərə almır.

- Ümumiyyətlə, ziyalı deyəndə gözünüzün qarşısına kim gəlir?
- Mirzə Ələkbər Sabir….(gülür ) Kimlər var idi? Cəlil Məmmədquluzadə... Onlar o şəraitdə elə bir yaradıcılıq nümunəsi göstəriblər ki, o aktuallığını bu gün də itirmir və bundan sonra da itirməyəcək. Əsl ziyalılıq budur. 

- 1974-cü ildə siz Sovet Azərbaycanından mühacirət etdiniz, indi isə müstəqil Azərbaycandan mühacirət etmək istəyənlərin sayı o zamankından daha çoxdur... 
- Düzdür... 

- Ordan, xaricdən görünən Azərbaycandan yenə də mühacirət etmək istərdiniz?
- Əgər 1974-cü ildə Azərbaycanda vəziyyət indiki kimi olsaydı, mühacirət etməzdim, amma o zamankı Azərbaycan tamam başqa bir Azərbaycan idi. Düzünü deyim ki, bu, subyektiv bir məsələdir. O zaman mənim SSRİ-ni tərk etməyimin səbəbi atamın, ailəmin İsrailə köçməsi oldu.Əgər onlar köçməsəydi, mən də köçməzdim.Mənim mühacirət etməyim yalnız siyasi rejimə müxalif olmağımdan irəli gəlmirdi, əsas etibarilə yaxınlarımın xaricə köçməsi ilə bağlı idi.Mən deyə bilmərəm ki, o vaxt dissident idim və hakimiyyətə qarşı çıxırdım, ona görə də Azərbaycanı tərk etdim. Bu gün Azərbaycanı tərk edənlər sözdə də olsa deyirlər ki, biz rejimə qarşıyıq, ona görə getmişik. Amma mən o vaxtlar rejimə qarşı deyildim, çünki vəkil idim, vəkilliyimi edirdim.Əgər bizimkilər Bakıda qalsaydı, mən bəlkə daha da irəli gedəcəkdim.Düzdür, o vaxtkı rejimlə mən bəlkə də içimdə razılaşmamışam, amma bu o demək deyil ki, mən dissidentlik etmişəm, mitinq təşkil etmişəm və ya nə isə yazmışam. İndiki şərait o vaxt olsaydı, mənim atam da ordan çıxmazdı.Bilirsiniz, mənim işim çox mürəkkəbdir, birmənalı deyil... (gülür)

- Sonda Azərbaycan oxucusuna nə demək istəyirsiniz?
- Özləri olsunlar, səmimi olsunlar, öz ləyaqətlərini qorusunlar, imkan daxilində... Hamısına da xoşbəxtlik arzu edirəm. 

- Bəs jurnalistlərə nə məsləhət görürsünüz?
- Jurnalistlərə də eynisini, ləyaqətlərini qorusunlar. Vəssalam…

İzzətxanım Cabarlı
Toplum.tv
 
Müsahibənin audio yazısını buradan dinləyə bilərsiniz:
 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo