23:05, 25 Sentyabr 2020 (Cümə) 136

Qubad İbadoğlu: “Səhiyyə necə inkişaf edib ki, hər il 1 milyon xəstə İrana müalicəyə gedirdi?”

Qubad İbadoğlu: “Səhiyyə necə inkişaf edib ki, hər il 1 milyon xəstə İrana müalicəyə gedirdi?”
Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatları keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev həmin debatda videoformatda çıxış edib.

Prezident deyib ki, Azərbaycanda səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə inkişaf edib və yenidən qurulub. 

Son 17 ildə 700-ə yaxın xəstəxana yenidən tikilib və ya əsaslı təmir edilib.

İqtisadçı  Qubad İbadoğlu feysbuk hesabında  İlham Əliyevin çıxışına münasibət bildirib.

Ekspertin yazıb ki, Dövlət Statistika Komitəsinin "Azərbaycan faktlar və rəqəmlər" buraxılışının səhiyyə bölməsində ölkədə 1 yanvar 2020-ci il tarixə fəaliyyətdə olan xəstəxanaların sayı 570 göstərilir:   "Digər tərəfdən də , səhiyyə infrastrukturu əhəmiyyətli dərəcədə necə inkişaf edib və yenidən qurulub ki,  hər gün 3 min,  hər il orta hesabla 1 milyon xəstə İrana müalicəyə gedirdi?  Niyə indiyə qədər ölkədə tibbi sığorta tətbiq olunmayıb?”

"İlham Əliyev qeyd edib ki, görülmüş tədbirlər nəticəsində ölkədə COVID-19 ilə bağlı vəziyyət nəzarət altındadır. Öz növbəsində  Nazirlər Kabineti yanında Operativ Qərargah cümə axşamı xəstəliyə yoluxanlarının sayının artdığını bildirib. Belə ki, ötən gün COVİD-19-a 162 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər sağalıb, bir nəfər isə vəfat edib. Göründüyü kimi, həm xəstələnənlərin sayı sağalananlardan 29 nəfər çoxdur, həm də xəstələnənlərin  sayında 2 gün əvvəllə müqayisədə 1,65 dəfə artım qeydə alınıb",- ekspert bildirir.

İlham Əliyev çıxışı zamanı onu da deyib ki, pandemiya dövründə iqtisadi sabitlik, makroiqtisadi və maliyyə dayanıqlılığının təmin olunması, habelə işsizliklə bağlı məsələlərin həlli məqsədilə 2 milyard dollar həcmində iqtisadi-sosial yardım paketi təqdim edilib. 

Sosial dəstək tədbirləri təqribən 5 milyon vətəndaşı, yəni ölkə əhalisinin yarısını əhatə edir. 

Maliyyə naziri açıqlama verib ki, pandemiya ilə mübarizə tədbirləri, onun ölkə iqtisadiyyatında yaratdığı mənfi təsirlərin azaldılması üçün Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə dövlət büdcəsindən ayrılmış 1 milyard 409 milyon manat vəsaitdən 6 ay ərzində 752 milyon manatı xərclənib. Yəni ayrılmış vəsait 828,8 milyon dollar, xərclənmiş vəsait isə 442,4 milyon dollardır.

 www.stat.gov.az
 
Şəmsiyyə İbişova