15:55, 28 İyul 2020 (Çərşənbə axşamı) 569

Razi Nurullayev partiyasının adını dəyişdi

Razi Nurullayev partiyasının adını dəyişdi
Deputat Razi Nurullayev 2015-ci ildən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) adına iddia etdikləri partiyalarının yeni adını açıqlayıb. Artıq onun rəhbərlik etdiyi siyasi təşkilat Milli Cəbhə Partiyası (MCP) adlanır. Bu barədə deputat özü bildirib: "Partiyanın adının dəyişməsinə səbəb beş ildə hökumətin bizi AXCP adı ilə tanımaqdan imtina etməsi oldu. Yəni, bu adla bizi tanımadı. Məhkəmə çəkişmələri hər hansı nəticə vermədi. Mən də 2018-ci il prezident seçkilərində, 2020-ci ilin parlament seçkilərində partiya adından çıxış edə bilmədim. Yəni, artıq bu adın bir anlamı qalmadı".

Onun deməsinə görə, Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi adlı qurum yaradıldıqdan sonra onun rəhbərliyi ilə görüşləri olub. R.Nurullayevin fikrincə, həmin görüşlərdəki müzakirələrdə aydın olub ki, ölkədə yeni situasiya yaranır, partiyaların qeydiyyatına problem olmur:

"Düşündük ki, yeni partiya təsis olunması yaxşıdır və bu addımı atdıq. İyulun 27-də onlayn formatda keçirilən qurultayda partiyanın adı dəyişdirildi. Amma parlament daxilində müxalifət partiyası kimi qalmaqda davam edəcəyik".

R.Nurullayev əvvəllər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini olub. Sonra AXCP-dən ayrılan siyasətçi o quruma iddia edib. Özünün tərəfdarları ilə 2015-ci il oktyabrın 18-dən AXCP adına iddialarını ortaya qoyublar. Lakin iddiaları təmin edilməyib.

Azərbaycan Xalq Cəbhəsi 1989-cü ildə yaranıb.

1995-ci ildə həmin təşkilat Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) çevrilib. Daha sonrakı illərdə bir sıra partiyaları da elə həmin partiyadan ayrılan insanlar təsis edib.

azadliq.org