16:41, 26 May 2020 (Çərşənbə axşamı) 307

Rusiya Gürcüstana satdığı qazı ucuzlaşdıracaq

Rusiya Gürcüstana satdığı qazı ucuzlaşdıracaq
Gürcüstan Rusiyanın "Qazprom” şirkəti ilə təbii qazın tədarükü ilə bağlı müqaviləyə yenidən baxır.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava bildirib.
 
O deyib ki, bu, təbii qazın qiymətinin təxminən 15% aşağı düşməsinə gətirib çıxaracaq: "Rəqabət və dünyada neft məhsullarının ucuzlaşması faktını nəzərə alaraq, "Qazprom”la müqaviləyə yenidən baxılma qiymətlərin aşağı salınması məqsədi daşıyır”.
Nazir qiymətləri kommersiya sirri olduğundan açıqlaya bilməyəcəyini qeyd edib: "Bu gün Gürcüstanın təbii qaz bazarı tam rəqabətlidir və kommersiya qiyməti tədricən azalır. Həm SOCAR, həm də "Qazprom” bu tendesiyaya uyğun davranır. Zərurət yaranacağı təqdirdə, qiymətləri daha da endirə bilərik. Bu, bazardakı vəziyyətdən asılı olacaq”. 
 
Qeyd edək ki, Gürcüstanın cari il üzrə yenilənən təbii qaz idxalı proqnozuna əsasən, ölkə Rusiyadan 200 milyon kubmetr qaz idxal edəcək. Öncəki proqnozda bu həcm 170 milyon kubmetr təşkil edirdi.