20:56, 24 Sentyabr 2020 (Cümə axşamı) 820

Sahibə Qafarova ilə Lavrovun görüşü: ləngimə, yoxsa hörmətsizlik?

Sahibə Qafarova ilə Lavrovun görüşü: ləngimə, yoxsa hörmətsizlik?
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrovla görüşüb.

Görüş çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə aid Sergey Lavrov Rusya tərəfindən təklif edilən bir sıra həlləri irəli sürüb. 

Bura işğal altında olan beş rayonun qaytarılması, rayonlara gediş-gəlişin bərpası, həmin ərazilərə sülhməramlıların yerləşdirilməsi və s. digər məsələlər müzakirə olunub. 

"Toplum.Tv" olaraq bu təkliflərə dair siyasətçilərdən münasibət öyrənib. 

"Bu, Azərbaycanın ərazi bütövlüyünün tanınmamasının başqa adıdır. İstər Dağlıq Qarabağ ətrafındakı rayonlar, istərsə də Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Lavrov səsləndirdiyi fikirlərlə Qarabağ münaqişəsinin həlli və ümumilikdə Azərbaycanla bağlı Rusiyanın xarici siyasətinin strategiyasını ortaya qoyur”, - Müsavat Partiyasının başqanı Arif Hacılı belə deyib.
 

 
O, hansı ad altında olmasından asılı olmayaraq Rusiya qoşunlarının Azərbaycana daxil olmasını yolverilməz hesab edir.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi isə "Toplum.Tv"yə bu təkliflərin Azərbaycanın dövlət maraqlarına uyğun olmadığını deyib: "Siyasi hakimiyyət bölgüsünə görə Azərbaycan Parlamenti dördüncü yerdə durur. Belə olan halda Parlamentin sədri ilə danışıqlar aparmağın bir açıqlaması var: Lavrov Azərbaycan ictimaiyyətinə bildirmək istəyir ki, bizim Azərbaycandakı əsas adamlarımızdan biri elə parlamentin sədridir. Biz diplomatik əlaqələrimizi onun vasitəsilə də qura bilərik”.
 
 

 
O bildirib ki, Ermənistanın "böyük müharibəyə başlamaq” anonsundan sonra Rusiya tərəfinin Azərbaycanla sülh danışıqları təklif etməsi ilə hər iki ölkənin "sinir ucları”nın əlində olduğunu göstərmək cəhdidir.

"Rusiya həm də bu danışıqları ona görə edir ki, Azərbaycana yenidən Rusiya qoşunları yeridilsin. Azərbaycanda rus sülhməramlıları sonuncu dəfə 20 Yanvar faciəsini törədib. Buna görə də Azərbaycanda bu sülhməramlıların yerləşdirilməsindən söhbət gedə bilməz”, - AXCP sədrinin müavini bildirib.

Politoloq Azər Qasımlı deyir ki, Lavrovun çıxışındakı açar söz sülhməramlılarla bağlı hissədir: "O, sülhməramlılar deyəndə Rusiyanın çoxluq təşkil etdiyi sülhməramlıları nəzərdə tutur. Buna baxmayaraq bu danışıqlarda hansısa yenilik yoxdur, daha əvvəl də bənzər danışıqlar aparılmışdı. Lakin sülhməramlıların Qarabağa yerləşdirilməsi ilə Azərbaycan tərəfinin Qarabağ münaqişəsinin həlli üzərindəki gedişləri sərhədlənəcək, hərbi güc istifadə edə bilməyəcək. Bu da ermənilərə danışıqları istənilən tarixə qədər uzatmağa şərait yaradacaq. Bu da Qarabağı və qalan rayonları bilavasitə itirməyimizlə nəticələnəcək”.
 

 
Politoloq hesab edir ki, Qarabağa sülhməramlılar yerləşdirildiyi təqdirdə belə, hansısa provokativ tədbirlər baş verə bilər: "Bu görüşlər bir daha onu göstərdi ki, Rusiya tərəfinin mövqeyində və Qarabağ münaqişəsinin həlli məsələrində heç nə dəyişməyib. Azərbaycan iqtidarının Qarabağı qaytarmaq və ya Qarabağda müharibə apaqmaq barəsində səsləndirdiyi fikirlər yalandır, heç bir əsası yoxdur, sadəcə, ölkədə ictimai fikri manipulyasiya etməyə və əsas problemlərdən insanların fikirlərini yayındırmağa yönəlib".

Deputat Fazil Mustafa isə hesab edir ki, Milli Məclisin sədrinin bu səfəri diplomatik uğur sayılmalıdır: "Rusiyanın Dövlət Dumasının, Federasiya Şurasının rəhbərliyi və Xarici İşlər Nazirliyi ilə görüşlərdə məhsuldar müzakirələr aparılıb. Mən bu çıxışları dinləyəndə sevindim ki, əhatəli formada Qarabaq probleminin həlli müvafiq şəxslərə çatdırılıb".
 

 
O, Rusiyanın danışıqlar prosesində təkliflər irəli sürməsinin müşaqişənin həllinə ümid yaratdığını deyir. Lakin deputat münaqişənin həllinin təklif edilən formada həyata keçirilməsini ölkə üçün optimal variant hesab etmir. 
O deyir ki, Rusiya beynəlxalq hüquqa uyğun mövqe sərgiləməlidir. 

"Rus sülhməramlılarının gəldiyi yerlərə sabitlik gətirdiyini görməmişik”, - Fazil Mustafa Lavrovun işğaldan azad olunacaq ərazilərə sülhməramlı qoşunların yerləşdirilməsi barəsində dediklərini belə şərh edib. 

Deputat qeyd edib ki, Qarabağa yerləşdiriləcək sülhməramlılar Rusiyanın deyil, BMT-nin təyin etdiyi sülhməramlılar ola bilər.
Azərbaycan Milli Məclisinin sədri Rusiya Xarici İşlər Nazirindən yüksək status sayılır. Lakin görüşlər zamanı müşahidə olunur ki, Milli Məclisin spikeri Sahibə Qafarova görüş otağında gözlədilir. 

Nazir içəri daxil olanda isə Azərbaycanın nümayəndə heyəti ayağa qalxır. Bunu Azərbaycan nümayəndə heyətinin aşağılanması kimi şərh edənlər də var. 

Arif Hacılı da bunu Azərbaycana qarşı hörmətsizlik kimi dəyərləndirir: "Mən ümumiyyətlə Azərbaycan parlament sədrinin Rusiyaya səfərini yersiz hesab edirəm. Milli Məclis sədrinin Rusiya Xarici İşlər Nazirinin qəbuluna getməsinin özü protokol qaydalarına ziddir. Bu görüş parlament sədrinin şəxsi ambisiyaları çərçivəsində baş verə bilər. Lakin indiki halda, Milli Məclis spikerinə qarşı edilən hörmətsizlik birbaşa ölkəyə edilən hörmətsizlikdir”.

Seymur Həzi isə bu hadisənin xüsusi bir mesaj olduğu qənaətini bölüşmür: "Onsuz da onlar lazım olduqda Azərbaycanla bağlı istənilən addımı atırlar. Çünki Azərbaycan hökuməti onlardan kifayət qədər çəkingən davranış sərgiləyir”.

"Bu təsadüfən və ya bilərəkdən ola bilər. Lakin Rusiya böyük dövlətdir. Sergey Lavrov da özünü Milli Məclis spikerindən üstün hesab edir. Çünki o, böyük ölkənin Xarici İşlər naziri, Sahibə Qafarova isə saxta seçkilərlə iş başında olan şəxsdir. Azərbaycan Parlamenti də müstəqil qurum deyil. Lavrov da bunu çox gözəl bilir və ona görə də davranır”, - Azər Qasımlı deyir.

O, bu hadisənin məqsədli edildiyini istisna etməsə də, hesab edir ki, protokol qaydaları çərçivəsində də hörmətsizlikdir.
Deputat Fazil Mustafa isə bunu texniki detal hesab edir: "Belə halda kiminsə üstünlüyünü göstərməsi mədəni prinsiplərə ziddir. İnanmıram ki, Rusiya tərəfi bu qədər primitiv qayda pozuntusuna hansısa formada rəvac versin. Ola bilər ki, hansısa əlahiddə situasiyaya görə görüşdə bu kimi ləngimə olub”.

Elməddin Şamilzadə