18:14, 17 Oktyabr 2020 (Şənbə) 102

Şahin Cəfərli: “Azərbaycan baza prinsiplərindən imtina etməlidir”

Şahin Cəfərli: “Azərbaycan baza prinsiplərindən imtina etməlidir”
"Məqsəd Türkiyəni qıcıqlandırmaqla ərazidə gedən hərbi əməliyyatlara cəlb etmək, bununla da Ermənistanın digər qüvvəllərdən hərbi yardım almasına nail olmaqdır”.

Politoloq Şahin Cəfərli Ermənistan baş naziri Nikol Paşinyanın "Liberation" nəşrinə müsahibəsini şərh edərkən belə deyir. 
Baş nazir Ermənistanın danışıqlara hazır olduğunu bildirir, ancaq danışıqların başlamamasında Türkiyəni suçlayır: "Çünki Türkiyə regionun yenidən formalaşdırılması və burada öz təsirinin yaradılması problemini həll edir”. 
Nikol Paşinyan deyir ki, Yerevan Azərbaycan və Türkiyənin regiondakı hərbi fəaliyyətinin qarşısını almaq üçün  Rusiyanın daha konkret addımlar atmasını gözləyir. O hesab edir ki, Rusiyanın regiona təsir mexanizmləri  ABŞ və Fransanın təsir imkanlarından daha çoxdur.
Azərbaycanlı politoloq isə hesab edir ki, Ermənistanın bugünlərdə Ordubadı hədəf alması, oranı raket zərbələrinə məruz qoyması təsadüfü deyildi, "Türkiyəni provakasiyaya çəkmək cəhdi idi”.

Ş.Cəfərlinin fikrincə, Türkiyənin regionda güclənmək istəməsi və bölgəyə olan marağı müharibə başlayandan Azərbaycana verdiyi dəstəkdə tam ifadə olunur. 
"Bu baxımdan son hadisələr göstərdi ki, Türkiyənin Azərbaycana yaxınlığı yalnız coğrafi deyil, həmçinin strateji mahiyyət daşıyır”.
Ş.Cəfərli eyni zamanda Ermənistanla Rusiyanın strateji əməkdaşlığına diqqət çəkir və qonşu ölkənin Moskvanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü də xatırladır. O deyir ki, bugünlərdə bölgədə atəşkəs bərpa olunmursa, deməli, burada söhbət yalnız Ermənistan və Azərbaycandan getmir, "güc mərkəzləri münaqişəni uzatmaqda maraqlıdır”.

Ş.Cəfərli vurğulayır ki, Azərbaycanın apardığı hərbi əməliyyatlar beynəlxalq hüqüq baxımından tam qanunidir, dinc əhaliyə qarşı törədilən terror hücumları isə bu əməliyyatların legitimliyini daha da artırır. O, münaqişənin nizamlanmasını ATƏT-in Minsk Qrupunun həmsədrlərinə həvalə etməyin tərəfdarı deyil. Hətta daha radikal addımlar atılmasının tərəfdarıdır.   
"Məsələnin həllini Minsk Qrupunun masasına həvalə etmək olmaz. Baza prinsipləri rədd edilməli, Azərbaycan Konstitusiyasının müddəaları əsasında bu problem öz qəti həllini tapmalıdır”.

Sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında münaqişə alovlanıb, döyüşlər gedir. Azərbaycan Cəbrayıl, Füzuli şəhərlərini, Hadrutu, onlarla kəndi, əhəmiyyətli yüksəklikləri işğaldan azad etdiyini bildirir. 
Oktyabrın 10-da tərəflər humanitar atəşkəs haqda razılıq əldə etsələr də, tərəflər onun pozulmasında bir-birini ittiham edir.

Roza Məmmədova