15:30, 18 Noyabr 2020 (Çərşənbə) 711

Şəhid anası: “Mən ona nə sarıldım, nə də görüşdüm”

Şəhid anası: “Mən ona nə sarıldım, nə də görüşdüm”
Tanışlıq 
 
"Ələkbər biz evlənəndən 17 il sonra doğulub. 22 yaşında itirdik onu... Hər işində dəstək olmağa çalışırdım”. 
 
Füzuli döyüşlərində həlak olan Ələkbər Ələsgərovun atası İsgəndər Ələsgərov belə deyir. Gerisini gətirə bilmir,  "Anası danışsın” deyir... 
 
Sveta Ağayeva  Ələkbərin Dənizçilik Akademiyasını bitirdiyini söyləyir: "4 il  həm oxuyub, həm də işləyib, bizə kömək edib. Uşaqlıqdan o da, qardaşı da əsgər paltarı geyinməyi xoşlayırdılar, taxtadan tapançalar düzəldirdilər. Ələkbər həmişə əlini kürəyimə vurub deyirdi ki, görərsən necə oğlanlar böyütmüsən, torpaqlarımızı biz alacağıq.  Nə qədər desəm də ki, torpaqlar sülh yoluyla alınacaq, dediyindən dönmürdü. Deyirdi, şəhid olsam, Çingiz Mustafayevin "Ana, mən şəhid oldum” mahnısını qoyub qulaq asarsan. Dediyi oldu. Sanki oğlum şəhid olmaq üçün yaşamışdı”.  
 


 
Sveta Ağayeva danışır ki, Horadiz tərəfdəki hərbi hissədə xidmət etmiş Ələkbər general-mayor Polad Həşimov həlak olandan sonra könüllü olaraq orduya yazılıb. 
 
"Sentyabrın 21-i telefonuna zəng gəldi ki, hərbi komissarlığa gəlməlisən. Mən ona nə sarıldım, nə də görüşdüm. Dedi,  təlimə gedib qayıdacam. Amma son gedişi oldu...” 
 
11 gün sonra...  
 
"O arada cəmi iki dəfə də  zəng vurdu, Füzulidə olduğunu dedi. Soruşurduq necəsən, bizi qorxutmaq üçün düzünü demirdi. Amma atışma səslərini eşidirdim. Oktyabrın 1-də zəng gəldi, Ələkbərin anası olub-olmadığımı soruşdular və  heç nə demədən dəstəyi asdılar. Başa düşdüm ki, pis bir şey olub. Sonra evə gələn polis gəldi, onun arxasınca   çıxanda küçədə böyük bir izdiham gördüm. Hər şey aydınıydı, oğlum şəhid olmuşdu…” 
Ailənin ikinci oğlu da hərbi xidmətdədir. 
 
"Bakıya təlimə göndərildiyini demişdilər ona. Sevinə-sevinə gəlmişdi, qardaşının şəklini görüb ürəyi getdi. 4 saat heç nə danışmadan eyni nöqtəyə baxıb durdu. Kaş hər şey yuxu olaydı…” – Sveta xanım belə deyir.
 
O, Nəsimi rayon İcra Hakimiyyətindən, Heydər Əliyev Fondundan gələnlər olduğunu, yardım etdiklərini bildirir, "Sağ olsunlar” söyləyir. 
 
Ana özünü tox tutmağa çalışır: "Pis-yaxşı dolanırdıq. Təhsillərini eyni ildə bitirdilər. Diplomunu alana qədər Ələsgər evimizin yanındakı "Araz” marketində işlədi. Sevinirdim ki, ikisi də diplom alacaq, amma qismət olmadı...” 
 
"Atasının dostu ermənilərdən tankı alaraq…” 
 
Ələkbərin iş yoldaşı Emin Eyvazov çox vətənpərvər gənc olmasından danışır: "Ailəsindən gizlətsə də, bizə könüllü yazıldığını demişdi. Çox sevinərək getdi, hamımız yığışıb onu yola saldıq. Atasının dostu, polkovnik-leytenant rütbəli hərçimiz ermənilərin ələ keçirilmiş tanklarından birinin üstünə Ələkbərin adını-soyadını yazaraq şəklini çəkib ailəsinə göndərib ki, oğlunuzun qisasını aldıq”. 
 
Ələkbərin Cavid adlı iş yoldaşı onun çox gülərüz olduğunu, ölümünə həm kollektivin, həm də müştərilərin çox kədərləndiyini qeyd edir: 
"Bizə qalan şəkilləri oldu. Baxıb fəxr edirik ki, Ələsgər bizim iş yoldaşımız olub”. 
 
Son mahnı 
 
Sveta Ağayeva hər gün "Ana, mən şəhid oldum” mahnısını dinləyir: "Oğlumdan son xatirədir, hər gün idman edə-edə bu mahnıya qulaq asardı...” 

Mənim xəyallarım vardı, 
Mənim öz dünyam vardı, 
Mənim sevdiyim vardı, 
Ana, mən şəhid oldum… 

Nərmin Məcidli