19:09, 17 Noyabr 2020 (Çərşənbə axşamı) 1000

Şərtləri pozulan bəyanat, səssiz qalan tərəflər, sual doğuran məqamlar

Şərtləri pozulan bəyanat, səssiz qalan tərəflər, sual doğuran məqamlar
"Qarabağdan Ermənistana qaçan şəxslərin rus sülhməramlıları vasitəsilə geri qaytarılması bəyanata ziddir, onun 4-cü maddəsinin kobud şəkildə pozulmasıdır” - hüquqşüas Ələsgər Məmmədli belə hesab edir.
 
Bəyanatın 4-cü bəndinə görə, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıtmalıdır.
 
Amma Ə.Məmmədli indiki halda BMT-nin bura dəvət olunmasını ağılabatan hesab etmir.
 

 
"Çünki müharibə yeni bitib, bölgədə silahlı erməni dəstələri var, Azərbaycanın nəzarəti təmin olunmayıb, ərazilər isə yaşayış üçün hələlik yararlı deyil”.
 
Noyabrın 10-da bölgədə sülhü bərqərar etmək üçün Azərbaycan, Ermənistan və Rusiya tərəfindən imzalanmış bəyanatın əsas şərtlərindən biri Kəlbəcərin noyabrın 15-nə kimi, Ağdam, Laçın rayonlarının dekabrın 1-dək ermənilər tərəfindən boşaldılmasıdır. Ancaq Kəlbəcərlə bağlı tarix 10 gün geri çəkildi.
 
Ə.Məmmədli deyir ki, müddətin uzadılması artıq bəyanatın şərtlərinin pozulması deməkdir.
 
"Vaxtın uzadılması bəyanatda göstərilməyib, buna dair əlavə bənd, yaxud razılaşma yoxdur. Digər məqam isə Rusiyanın bölgəyə yalnız sülhməramlıları deyil, daxili skturukturlarını – Fövqəladə Hallar Nazirliyini, Hərbi Prokurorluğu və s. gətirməsidir. Bu da anlaşmada nəzərdə tutulmamışdı. Görünür, Rusiya Azərbaycan ərazilərinə işğalçı kimi yanaşır. İşğal etdiyi ərazidə özünün "idarəetmə və nəzarət” sistemini qurub”.
 
Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan son müsahibələrinin birində Qarabağ xalqının hüququ uğrunda mübarizəni davam etdirdiklərini demiş, qeyd etmişdi ki, rusların bölgədə mövcudluğu müharibənin başlamayacağına təminat verir: "Bunun üçün soydaşlarımız öz evlərinə qayıtmalıdırlar. İndi orada Rusiyanın sülhməramlıları var və onlar təhlükəsizliyi təmin edirlər. İnvestisiyalar həyata keçiriləcək, infrastruktur bərpa olunacaq".
 
Rusiya Müdafiə Nazirliyi isə bu günə qədər 482 nəfərin Xankəndinə gəldiyini, həmçinin daha öncə evlərini tərk edən 1200-dən çox erməninin geri döndüyünü açıqlayıb, proses rus əsgərlərinin vasitəçiliyi ilə həyata keçirilib.
 
Ə.Məmmədli deyir ki, ilk növbədə bəyanatdakı ardıcıllıq qorunmalıydı, yəni ərazilər boşaldılmalı, onları rus sülhməramlıları əvəzləməliydi: "Boşaldılma tam təmin olunmadan köçürülmənin başlanması yalnız qarşılıqlı güvənin və sülhün bərqərar olmasından sonra baş verə bilər”.
 
Hüquqşünas hesab edir ki, indiki halda Azərbaycan qırmızı xətlərini açıq-aşkar bəyan etməlidir: "Rusiya imzaladığı bəyanatı pozmaqla yanaşı Azərbaycanın suverenlik hüququna təhdid yaradır. Azərbaycan mövqeyini bildirməli, tərəflərə xəbərdarlıq etməlidir”.
 
Bəyanatın bir neçə dəfə pozulması yeni bəyanatı və ya sülh müqaviləsini zəruri edirmi?
 
Bu ziddiyyətlər fonunda bəyanatı hansı faktorlar qüvvədə saxlayır?
 
Siyasi şərhçi Nəsimi Məmmədli güman edir ki, Azərbaycan atəşkəs bəyanatını təzyiq altında imzalayıb və onu pozmayacaq. 
 

 
"Rəsmi şəxslər bu təzyiqlə bağlı açıq danışmasalar da, bunu təkzib edəcək yanaşmalar da yoxdur. Əgər bu "atəşkəs” razılaşması olmasaydı, bir neçə gün ərzində Ermənistan ordusu tamamilə məhv olacaqdı və ərazilərimizdən qovulacaqdı. Hansısa səbəblərdən Azərbaycan hökuməti bu sənədi imzalamaq məcburiyyətində qalıbsa, deməli, mümkün qədər onu pozmamağa çalışacaq”. 
 
N.Məmmədlinin sözlərinə görə, Ermənistan hökumətinin və ordusunun da bu razılaşmanı kobud şəkildə pozacaq taqəti qalmamışdı: "İmkanı olsaydı, heç öncədən belə bir sənədi imzalamazdı. Bu sənəd Ermənistanın tam məğlubiyyətinə, Azərbaycanın isə tam qələbəsinə imkan vermədi”. 
 
N.Məmmədli deyir ki, hələlik burada əsas söz sahibi və şərtləri diqtə edən tərəf Rusiyadır və o, heç bir beynəlxalq mandata əsaslanmadan gecəylə Qarabağa daxil oldu.
 
Ermənistanın bu bəyanatı pozmaq üçün çoxsaylı təxribatlara cəhd edəcəyini bildirən siyasi şərhçi əlavə edir ki, Rusiya "sülhməramlılarının” və Qarabağdakı qondarma rejimin vasitəsilə itirilən mövqelərini bərpa etməyə və qorumağa çalışacaq: "Artıq belə cəhdlər var və bunu davam edəcəyi ehtimalı da yüksəkdir”. 
 
Onun qənaətincə, Azərbaycan-Türkiyə hərbi-siyasi əməkdaşlığı Qarabağda yeni formatda davam etdirilməsə, bu, ölkə üçün böyük risklərə və təhlükələrə gətirib çıxara bilər. 
 
Siyasi şərhçi hesab edir ki, Rusiya dekabrın 1-dək bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməsə, Azərbaycan hökuməti təcili olaraq Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirməli, NATO ilə yeni münasibətlərə start verməlidir. Əks halda Rusiyanın bölgədə təkbaşına hegemonluğunun ölkə suverenliyinə və ərazi bütövlüyünə yeni təhlükə mənbəyi olacağını iddia edir: "Rusiyanın Qarabağdakı mövcudluğu ölkəmizin Konstitusiyasına və qanunlarına, milli maraqlarına xələl gətirəcəksə, onun buradan çıxarılması istiqamətində fəal diplomatık fəaliyyət başlanmalıdır”.
 
İşğaldan azad olunan ərazilərin qısa zamanda bərpası indiki halda nə dərəcədə real səslənir?
 
Torpaqlar qismən azad edildi, bəs orda məskunlaşma nə zaman başlayacaq? Belə fikirlər var ki, azad olunan torpaqlarda yaşayışın tez zamanda bərpası Azərbaycanın həmin bölgədə həm də psixoloji üstünlük qazanmasına yol açacaq. Ancaq bu bir o qədər də asan başa gəlməyəcək. 
 
"Bu planın reallaşmasına milyardlarla dollar vəsait və zaman sərf olunacaq” - ReAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli söyləyir.
 

 
Onun sözlərinə görə, ilkin mərhələdə görüləcək ən əsas iş təhlükəsizliyin təmin olunmasıdır: minadan təmizləmə, sərhədin dəqiqləşdirilməsi, hərbiçilər üçün post qurulması və s.
 
İqtisadçı yalnız bundan sonra quruculuqdan danışmağın mümkünmlüyünü qeyd edir - yəni yollar, körpü, işıq, qaz, su çəkilməli, yaşayış evləri tikilməli və bərpa olunmalı, həmçinin sənaye və kənd təsərüffatı bərpa edilməlidir.
 
Prosesin mərhələli şəkildə həyata keçirilməli olduğunu deyən iqtisadçı əlavə edir ki, layihə təkcə Dövlət Neft Fondunun vəsaiti hesabına başa gələ bilməz. O, Fondun imkanlarının məhdud, istiqamətlərinin isə bəlli olduğunu vurğulayır, Azərbaycanda yeni iqtisadi sistemə ehtiyac olduğunu deyir: "Bu sistem təşviqedici olmalı, ölkəyə investorları cəlb etməlidir. Xarici invesistorlar üçün münbit şərait qurulmalı, rəqabətli mühit yaradılmalı, məmurların biznesə müdaxiləsi məhdudlaşdırılmalıdır”.
 
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov mediaya verdiyi açıqlamada bildirib ki, insanların işğaldan azad edilən ərazilərə qayıtması könüllük əsasında aparılacaq.
 
N.Cəfərli hesab edir ki, məcburi köçkünlərin könüllülük prinsipi ilə geri qaytarılması həm siyasi, həm də mənəvi baxımdan doğru qərardır: "Yəni hansı dövlət qurumu deyə bilər ki, biz insanları zorla köçürəcəyik? Bu konstitusiyaya da ziddir”.
 
İqtisadçı həmçinin əlavə edir ki, burada dövlətin edəcəyi iş yalnız bununla yekunlaşmamalıdır, bölgədə həm işləmək, həm də yaşamaq üçün normal şərait yaradılsa, insanlar ora köçməkdə maraqlı ola bilər.
 
Roza Məmmədova