22:46, 25 Sentyabr 2020 (Cümə) 119

Şikayətçi: "Gərək ikinci böyrəyin də olmasın ki, pensiya alasan"

Şikayətçi:
Sosial pensiyaların əhatə dairəsinin azaldılması barədə şikayətlər var.

Adının açıqlanmasını istəməyən şikayətçilərdən biri "Toplum.tv”yə deyib ki, pensiyaların verilməsi ilə bağlı komissiya yenidən yoxlamaya başlayıb: "İndiyədək bir böyrəyi olmayan adam pensiya ala bilirdi. İndi komissiya deyir ki, qaydalar dəyişib, pensiya almaq üçün gərək ikinci böyrəyin də xəstə olsun. Komissiya sənədləri qaytarıb deyir ki, Bakı qəbul etmir. Nə qədər adamın sənədləri geri qaytarılıb”.

Həkim Aydın Əliyev deyib ki, bu məsələ bir az araşdırma tələb edən mövzudur: "Adam var ki, bir böyrəyinin olmaması ilə yanaşı onun digər problemləri də var və daim müalicə, dərmanlar  almalıdır.  Adam da ola bilər ki, hər iki böyrəyində  çatışmazlıq var, fəaliyyət göstərir, amma  ona əlavə bir yaxın adamından,  donordan  böyrək köçürülüb. Fakt odur ki, onun bir böyrəyi olur, amma o, köçürülmüş  böyrəkdir. Bu adama da sosial yardım lazımdır. Çünki ona daim müalicələr, həkim nəzarəti lazımdır və sair. Adamın bir  böyrəyi  ola və o böyrəkdə xəstəlik, narahatlıq ola bilər. Heç vaxt qəti demək olmaz ki, bir böyrəyin fəaliyyət göstərir deyə sənə ödəniş düşmür”.

Aydın Əliyev qeyd edir ki, Tibbi Sosial Ekspertiza  Komissiyasında  bu məsələ ciddi araşdırılmalıdır: "Orada müxtəlif kodlar altında xəstəliklər var ki,  hansılara pensiya düşür, hansılara yox.  Bunu elə-belə "sənə düşmür”  demək olmaz, yəni  qanunla bu təsbit olunmalıdır”.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin (ƏƏSMN) mətbuat xidmətinin rəhbəri Fazil Talıbov isə "Toplum Tv"yə qaydalarda dəyişikliyin olmadığını deyib.

Elmar Əziz