23:40, 08 İyul 2020 (Çərşənbə) 882

“Son bir neçə aydır ki, müxalifət-iqtidar münasibətləri pozitiv yöndə dəyişib”

“Son bir neçə aydır ki, müxalifət-iqtidar münasibətləri pozitiv yöndə dəyişib”
Seymur Həzi: "Ölkədə siyasi mühit yoxdur, nəinki siyasi əməkdaşlıq”
 
"Biz onların tamaşasında nəinki rol alırıq, hətta bu istedadsız ssenarini izləmirik də. Arada sadəcə xəbərlərdə tanış oluruq”. 

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin açıqlamasını şərh edərkən AXCP sədrinin müavini Seymur Həzi Toplum tv-yə belə deyib. 
 

 
Ədalət Vəliyev açıqlamasında qeyd edib ki, Azərbaycanda iqtidar ilə müxalifət arasında milli maraqlar naminə indiyə qədər müşahidə edilməyən yaxınlaşma var və ölkənin siyasi mühitində sağlam əməkdaşlıq şəraiti yaranır. 

Seymur Həzinin fikrincə, bu açıqlamanın reallıqla heç bir əlaqəsi yoxdur: "Ölkədə siyasi mühit yoxdur, nəninki siyasi əməkdaşlıq”. 

O, Ədalət Vəliyevin bir sıra müxalifət partiyaları ilə görüşünə münasibət bildirməyib. 

"Qoyun, bu görüşləri xalq qiymətləndirsin”, – Seymur Həzi əlavə edib. 

Natiq Cəfərli: "Müxalifətlə iqtidar arasındakı təmaslar bir sıra məsələlərin müzakirəsi üçün zəmin yaradır”
 

 
ReAl Partiyasının icra katibi Natiq Cəfərli isə Seymur Həzidən fərqli olara hesab edir ki, müxalifətlə iqtidar arasında qurulan təmaslar ümummilli məsələlərin müzakirəsi üçün zəmin yaradıb. 

Onun fikrincə, yaxınlaşmadan danışmaq hələ çox tez olsa da, 25-30 ildir ki, qarşılıqlı ittihamlarla dolu müxalifət-iqtidar münasibətləri son bir neçə ayda pozitiv yöndə dəyişib.  

İqtidarla aparılan dialoqların hələ cəmiyyətə fayda verəcək şəkildə sürətlə getmədiyini vurğulayan Natiq Cəfərli görüşlərdə ümummilli problemlərin həllinə şərait yaradacaq beşə yaxın məsələ qaldırdıqlarını söyləyir. 

"Təkliflərimizi versək də, təəssüf ki, bu məsələlərin həlli bizdən yox, Prezident Administrasiyasının və Parlamentin qəbul etdiyi qanunlardan, onlara ediləcək dəyişikliklərdən aslıdır”, – o əlavə edib. 

Partiya sədri İlqar Məmmədovun artıq 6 dəfə görüşlərdə iştirak etdiyini söyləyən Natiq Cəfərli dialoq və təmasların uzunmüddətli ola bilməyəcəyinə diqqət çəkib. 

Onun sözlərinə görə, bu danışıqların yaxın zamanda pozitiv nəticələri olmalıdır: "Biz də çalışırıq ki, bu təmasların pozitiv nəticəsini bütün ictimaiyyət görsün və iqtidar-müxalifət münasibətlərinin yeni müstəvidə inkişafı hamı tərəfindən müsbət qarşılansın”. 

Natiq Cəfərli sonda bu fürsətin ölkənin qarşısında duran problemlərin həllinə xidmət edəyəcəyinə ümid etdiklərini deyib. 

Arif Hacılı: "Bizim iqtidarla hər hansı bir yaxınlaşmamız baş verməyib”
 

 
Müsavat Partiyasının başqanı Arif Hacılı isə deyir ki, keçən illə müqayisədə münasibətlər daha kəskindir. 

Arif Hacılı müxalifət partiyası olaraq iqtidarla heç bir yaxınlaşmalarının olmadığını söyləyib: "Onların apardığı dialoq adlandırılan oyun gerçək müxalifətlə hakimiyyət arasındakı münasibətlərin daha da gərginləşməsinə səbəb olur”. 

Partiya başqanının qənaətincə, hakimiyyət gerçək müxalifətlə yaxınlaşmaq üçün heç bir addım atmır. 

Sülhəddin Əkbər: "Yeganə müsbət addım partiyaların qeydiyyatı məsələsidir”
 

 
Azad Demokratlar Partiyasının (ADP) sədri Sülhəddin Əkbər isə Toplum tv-yə açıqlamasında söyləyib ki, müzakirə mühitinin yaranması hakimiyyətin iradəsindən aslıdır. 

Onun fikrincə, siyasi dialoq istəyən hökumətin bir tərəfdən repressiv siyasət yürüdüb, digər tərəfdən dialoqa çağırış etməsi qeyri-səmimi səslənir.

"İlk növbədə siyasi məhbus məsələsi həll olunmalı, mühacirlərin ölkəyə dönüşü üçün şərait yaradılmalı, sərbəst toplaşma azadlığı təmin olunmalıdır”, – ADP sədri əlavə edib. 

Sülhəddin Əkbər PA rəsmisi ilə görüşündə siyasi islahatlarla bağlı təkliflər verdiyini qeyd edib. Onun sözlərinə görə, görüş tanışlıq məqsədi daşıyıb və daha sonra aralarında heç bir təmas olmayıb. 

O, hökumətlə münasibətdə yeganə müsbət addımın partiyaların qeydiyyatı məsələsi olduğunu bildirib: "Ümid edirəm ki, hakimiyyət bundan sonra həqiqətən siyasi iradə nümayiş etdirəcək və ölkədə siyasi dialoq mühiti yaradacaqdır”. 

PA rəsmisi Ədalət Vəliyev fevralın 27-də Xalq Pariyasının sədri Pənah Hüseynlə, aprelin 24-də ADP sədri Sülhəddin Əkbərlə, iyulun 1-də isə ReAl sədri İlqar Məmmədovla görüşüb. 

AXCP və Müsavat sədrləri isə görüşdən imtina edərək ölkədə siyasi məhbusların azad olunması, islahatların aparılması məsələsi görüşün müzakirə mövzusu olacağı təqdirdə Ədalət Vəliyevlə görüşəcəklərini bildiriblər. 

Şəbnəm Adil