14:52, 01 İyul 2020 (Çərşənbə) 460

ÜST-dən yeni açıqlama

ÜST-dən yeni açıqlama
Dünya Səhiyyə Təşkilatı (DST) bildirib ki, COVID-19 pandemiyasının "ən pisi bəlkə də hələ qabaqdadır”. Təşkilatın baş direktoru Tedros Adhanom Ghebreyesus deyib ki, bəzi ölkələr iqtisadiyyatlarını açmağa başlayandan sonra epidemiyanın sıçrayışı ilə üzləşiblər.

O əlavə edib ki, virusun yayılma sürəti də artıb.

Ghebreyesus xəstəliyin yayılmasını məhdudlaşdırmaq məqsədilə dünya liderləri arasında daha sıx əməkdaşlığa çağırıb: "Ən pisi hələ qabaqdadır. Bunu deməyimdən məyusam, amma belə bir atmosfer və şəraitdə biz ən pis halın baş verə biləcəyindən narahatıq. Bu səbədən biz hərəkətlərimizi əlaqələndirməli və bu qorxulu virusla birlikdə mübarizə aparmalıyıq...”

Taktika dəyişməyib: test, izləmə, karantin

Bütün dünyada koronavirusa yoluxmadan 500 mindən çox insan ölüb. Amerika qitəsində, Rusiya və Hindistanda yoluxma halları artır.

Braziliyada yoluxmaların sayı artıq 1.3 milyona çatıb. ABŞ-da rəsmilər 2.6 milyon nəfərin virusa yoluxduğunu bildirirlər.
The Independent yazır ki, hələlik yoluxmaların sayı Afrikada və Asiyada nisbətən azdır.

Adhanom Ghebreyesus daha sonra deyib: "Virusun yayılmaq üçün meydanı hələ genişdir. Biz hamımız normal həyatımızı davam etdirmək istəyirik. Amma acı reallıq bundan ibarətdir ki, pandemiyanın başa çatmasına hələ yaxınlaşmamışıq”.

DST rəhbəri bildirib ki, "dünya boyunca ölkələrdə milli birliyin və qlobal həmrəyliyin olmaması virusun yayılmasına kömək edir və ən pisi hələ qarşıdadır”.

Doktor Adhanom Ghebreyesus deyib ki, DST-nin mesajı dəyişməz olaraq qalır: "test, izləmə, təcrid olunma və karantin”.

Anthony Fauci: ABŞ-da yoluxma günə 100 minə çata bilər

Bu arada ABŞ-da Milli Allergiya və İnfeksion Xəstəliklər Mərkəzinin direktoru professor Anthony Fauci Senat dinləməsi zamanı deyib ki, Birləşmiş Ştatlarda təcili hərəkətə keçilməsə, gündəlik yoluxmaların sayı 100 minə çata bilər.

O deyib ki, COVID-19-la mübarizədə ABŞ "yanlış istiqamətdə hərəkət edir”.

The Telegraph yazır ki, ötən həftə ABŞ-da bir gün ərzində 40 min yoluxma qeydə alınıb. Lakin doktor Fauci vəziyyətin daha da pisləşəcəyindən narahatdır:

"Bizim hazırda günə 40 mindən çox yeni yoluxmamız var. Əgər vəziyyət dəyişməsə, mən bu rəqəmin 100 minə çatmasından təəccüblənməyəcəyəm. Odur ki, mən çox narahatam”.

O bildirib ki, adamlar fiziki məsafə qaydasına riayət etməməkdə və maska taxmamaqda davam etsələr, ABŞ-da "böyük fəlakət” ola bilər.

ABŞ rəsmiləri bildirirlər ki, iyunun 30-a olan məlumata görə 12 ştatda xəstəxanaya düşənlərin sayında artım yaranıb.

azadliq.org