23:38, 31 Mart 2020 (Çərşənbə axşamı) 1073

TƏBİB: “Koronavirusla bağlı cavabların yubanması yüklənmələrlə bağlıdır”

TƏBİB: “Koronavirusla bağlı cavabların yubanması yüklənmələrlə bağlıdır”
Adil Qeybulla: " Covid 19-la bağlı aparılan testlərin nəticələri dərhal çıxmalıdır"
 
"Demək olar ki, hər gün zəng edirdim. Davamlı olaraq TƏBİB-in (Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi – red.) "Facebook” səhifəsinə yazırdım, "qaynar xətt”i yığırdım. Amma mənə nəticələrin çıxacağı vaxtı konkret demirdilər. Hamısı bir-birinin üstünə atırdı”, – bu sözləri bu il martın 15-də koronavirusla bağlı testdən keçmiş ictimai fəal Əbülfəz Qurbanlı deyir.
 
 

İnfeksiyaya yoluxub-yoluxmaması ilə bağlı testin cavabını ona 3 günə deyiblər. 

Ə.Qurbanlı cavab çıxan günə qədər böyük həyəcan və narahatlıq keçirdiyini bildirib: "Düzdür, sahə həkimi hər gün mənimlə maraqlanırdı. Başa düşürdüm ki, nəsə ciddi bir şey baş versə, mənə yardım edəcəklər. Amma adi bir testin cavabını niyə 3 günə versinlər axı?! İstəsələr, bir günə də verə bilərlər, 5-6 saata da”.

Əbülfəz Qurbanlı ona cavabın gec deyilməsini test nəticələrinin neqativ çıxması ilə əlaqələndirir. 

Onun qənaətincə, testin nəticəsi müsbət çıxsaydı, yəqin, dərhal müdaxilə edilər, karantinə alınardı. 

TƏBİB-in mətubat katibi Rəvanə Əliyevanın Toplum TV-yə dediyinə görə test cavabları əvvəllər 24 saat ərzində və ya 2 günə çıxırdısa, indi bir az ləngimələr ola bilər.

"Bunun da səbəbi labaratoriyalardakı yüklənmələrdən irəli gəlir. Amma nəticədə cavablar çıxır”, – deyə o, əlavə edir. 

Tibb elmləri doktoru Adil Qeybulla hesab edir ki, koronavirusla bağlı testlərin cavabları dərhal, ən geci bir neçə saat ərzində çıxmalı və lazımi tədbirlər görülməlidir: "Covid-19-la bağlı aparılan testlər express testlərdir. Bu testlər yayılmış xəstəliyin daşıyıcılarını tez zamanda müəyyən etmək üçündür. Yəni bu cür testlərin nəticəsi dərhal elan olunmalıdır”.

 
Adil Qeybullanın ehtimalına görə, ola bilsin ölkə üzrə statistikaya nəzarət etmək üçün testlərin nəticələri hər hansı bir mərkəzə göndərilir, ancaq bu da 24 saat çəkə bilər. 

Rəsmi məlumatda indiyədək Azərbaycanda 30 minə yaxın test aparıldığı, 4085 nəfərin karantində olduğu deyilir. 

Sosial şəbəkələrdə isə Covid-19-la bağlı aparılan test nəticələrinin gecikdirilməsi ilə əlaqədar yazılmış statuslara rast gəlinir. 

Şəbnəm Adil