01:07, 02 İyun 2020 (Çərşənbə axşamı) 228

Təhsil Nazirliyinin qarşısında aksiya: Rüstəm İsmayılbəyli həbs edildi

Təhsil Nazirliyinin qarşısında aksiya: Rüstəm İsmayılbəyli həbs edildi
Təhsil Nazirliyi qarşısında təhsil haqlarına və semestr imtahanlarına etiraz edən Rüstəm İsmayılbəyliyə 15 sutka inzibati həbs cəzası verilib. 

Bu barədə  jurnalist Vüqar Mirzəbəy Toplum Tv-yə məlumat verib. 

Vüqar Mirzəbəy bildirib ki, iyunun 1-də bir qrup tələbə Təhsil Nazirliyi qarşısında tələbələrin adından semester ödənişi və imtahanların ləğv edilməsi ilə bağlı tələbi nazirliyə irəli sürərkən saxlanılıblar. 

Vüqar Mirzəbəy deyir ki, o, Qiyas İbrahimov, Rüstəm İsmayılbəyli, İlham Əhmədov, Rəhim Əhmədov, Allahverdi Həsənov və daha bir nəfər etiraz zamanı saxlanılaraq 18-ci polis bölməsinə aparılıblar. 

Vüqar Mirzəbəy bildirib ki, Rüstəm İsmayılbəyliyə 15 sutka inzibati həbs cəzası verilib, digər tələbələr isə 100-200 manat cərimələnərək sərbəst buraxılıblar. 

Aksiyada ictimai fəal Sanay Yağmurun da fiziki zorakılıqla üzləşdiyi bildirilir. Bu barədə anası, yazıçı Zümrüd Yağmur məlumat yayıb.  

Təhsil Nazirliyinə etiraz edən tələbələrin etirazıları keçirilən onlayn dərslərin  yalnız mühazirədən ibarət olması, bu dərslərin  bütün müəllimlər və tələbələr üçün əlçatan olmaması ilə bağlı olub. 

Onların tələbi ödənişlərin və imtahanların ləğvi edilməsi ilə bağlı olub olub. 

Bakı Şəhər Baş Polis İdarəsi açıqlama yayaraq deyib ki, bir qrup şəxs Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərib.  

Bildirilib ki, əhalinin sıx olduğu ictimai yerdə sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan cəhdin qarşısı ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən alınıb, onlar ərazidən uzaqlaşdırılıb: "Ümumilikdə 7 nəfər saxlanılıb. Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər - aksiyanın təşkilatçısı barəsində toplanan materiallar isə rayon məhkəməsinə göndərilib”.  

Elmar Əziz