14:08, 31 May 2020 (Bazar) 466

Tələbələr “güzəşt” deyir, LDU “gözlə”

Tələbələr “güzəşt” deyir, LDU “gözlə”
Lənkaran Dövlət Universitetinin tələbələri imtahanlarda güzəşt olunmamasından narazıdırlar. Universitetin üçüncü kurs tələbəsi Samir Axundzadə bu barədə Toplum TV-yə danışır. 

Tələbə bildirir ki, onlayn dərslər mayın əvvəlindən başlasa da, onlardan kollokviumda iştirak etməyi tələb edirlər: "Bizə əvvəlcədən deyildi ki, "Microsoft teams” ilə distant təhsil keçiriləcək. Biz də qeydiyyatdan keçdik. Onlayn dərslər də bizə hardasa mayın əvvəlindən başladı keçirilməyə. İmtahan sessiyası bizdə belə olmalı idi, kollokviumlar iyunun 1-dən iyunun 10-a qədər keçiriləcəkdi və bu kollokviumdan yığılan ballar, məsələn, 50 balla götürüləcəkdi. Bir kollokvium olacaqdı və həmin kollokviumda üç sual veriləcəkdi. Çətin və orta suallara 20 bal, asan suala isə 10 bal veriləcəkdi və 50 bal imtahana giriş balı olacaqdı. Yəni imtahana giriş balı müəyyən olunandan sonra imtahanlar keçiriləcəkdi”. 

Samir Axundzadə deyir ki, imtahanın necə keçirilməsi haqqında öncədən dekanlıqdan məlumat verilsə də, sonradan qərarın iyunun 1-də veriləcəyi bəyan edilib: "Demişdilər ki, bizə suallar veriləcək, biz də A4 kağıza yazıb, şəklin çəkib göndərəcəyik onu dekanlığa, müəllimlər də onu yoxlayacaq. Amma tələbələr imtahanın belə keçirilməsinə razı deyildi, tələbələr bildirirdi ki, belə qayda yoxdur. Digər universitetlərdə, məsələn, Aqrar Universitetdə ləğv etdilər imtahanı, Bakı Dövlət Universitetində bəzi güzəştlər edildi. Amma Lənkaran Dövlət Universitetində hələ də güzəştlər edilmir. Bu universitet deyir ki, güzəşt ediləcək, amma biz bu qərarı iyunun biri verəcəyik. İyunun 1-də qərar veriləcək, amma mayın 25-dən 28-ə qədər bizə deyilib ki, kollokviumlar üçün qeydiyyatdan keçməlisiz. Tutaq ki, biz 28 mayda qeydiyyatdan keçdik, amma bir iyunda qayda dəyişdi. Ona görə də bəzi uşaqlar qeydiyyatdan keçməyib, universitetin qərar verməsini gözləyir. Azərbaycanda yeganə universitetdir ki, tələbələrə güzəşt etmir”. 

Tələbə deyib ki, artıq kollokviumun keçirilmə vaxtını da təyin ediblər: "Bizim şəxsi kabinetimizə kollokviumların vaxtları var. Axrıncı şəkillərdə kollokviumun keçirilmə vaxtını da təyin ediblər. Yəni artıq hətta kollokviumun vaxtlarını da təyin ediblər, amma bizə deyirlər ki, hələ qərar iyunun 1-də veriləcək".
 
Samir Axundzadənin iddiasına görə, prorektor universiteti tənqid edənləri təhdid edir: "Eşitmişəm ki, prorektorumuz deyib ki, əgər kimsə bizim universitet adından nəsə desə, tənqid edənlər olsa, onlar  üçün heç də yaxşı qurtarmayacaq. Üstəlik deyib ki, sentyabrda görüşəcəyik sizinlə, onda əvəzini çıxarıq. Amma dəqiq bilmirəm, belə söz olubmu”.
 
 

 

 

 
Lənkaran Dövlət Universitetinin mətbuat xidmətinin katibi Esmira İsmayılova Toplum TV-yə deyir ki, tələbələrin dedikləri şaiədir, əsassızdır. 

"Söhbət ondan gedir ki, hələ ayın 1-də bizdə Elmi Şura keçiriləcək. O da qərar verəcək. Həmin qərardan sonra bilinəcək ki, imtahanlar hansı formada keçiriləcək, nə olacaq, nə olmayacaq. Bayr
am günləri ilə bağlı indi Elmi Şuranın iclasını keçirə bilmirik”. 

E.İsmayılova tələbələrin bəri başdan nahaq təşvişə düşdüklərini düşünür.

O dərslərin, mühazirələrin "Zoom” və "Microsoft teams” proqramı ilə keçirildiyini, bütün məlumatların, sualların, mühazirlərin şəxsi kabinetlərə yerləşdirldiyini söyləyir: "Hansı tələbə onlayn imtahana qoşulursa onlayn imtahan verəcək, olmasa da avqustda imtahan verəcəklər. Kollokvium sualları da iki aydır verilib. Hər bir tələbənin şəxsi kabinetinə bütün fənnlər üzrə mühazirələr, əlavə bildirişlər, bütün elanlar yerləşdirilib. Müəyyən tələbələr qoşula bilməyibsə, onları heç kim imtahan verməyə məcbur etmir. Yəqin imtahan vermək könüllü olacaq. Kim istəyər onlayn verər, kim isəməz gələr sonra imtahan verər”. 

Mətbuat xidmətinin katibi Elmi Şura qərar verilmədən bu haqda danışanların dərs oxumayan tələbələr olduğunu iddia edir. "Kollokvium sualları da nə qədər yüngülləşdirilib, sualın suyunu çıxarıb, bir az saxlayıblar. Biz də qalmışıq məəttəl ki, bu üç-dörd gündür bunlara nə xəbər düşüb, kim bunları qızışdırıb. Aralarında da bir dənə oxuyan uşaq yoxdur, mən tanıyıram onları”. 

E.İsmayılova qərarı gözləməyi məsləhət görür: "Natiq müəllim (LDU-nun rektoru) dedi ki, heç ola bilər onlayn imtahan da olmasın, ya yayda imtahan olsun, dərslər keçirilsin, ya da ümumiyyətlə heç imtahan olmasın, qiymətlər yazılsın. Kim nə deyə bilər, nə qərar çıxarılaca?  Hər şey iyunun 1-i məlum olacaq. Tələbələr amma elə atılıb düşürlər, qalırıq belə. Gərək qərar açıqlansın, ondan sonra biz deyək necə oldu. Qərar açıqlanmayan yerdə niyə bunlar tüstü çıxarırlar, od çıxarırlar? ”. 

LDU-nun mətbuat katibi onlayn dərslərin keçirilməməsi haqda deyilənlərlə də razılaşmır. "Bizdə çox güclü onlayn dərs keçirilib. Bölgə Universiteti olanda nə olar? Onlayn dərslər necə lazımdır keçirilib” deyə əlavə edir. 

Təhsil eksperti Nabatəli Qulamoğlu hesab edir ki, Təhsil Nazirliyi bütün universitetlərdə imtahanların keçirilməsi ilə bağlı vahid qərar verə bilərdi. O, nazirliyin belə bir qərar vermək hüququ olduğunu deyir.
 

 
"Amma onu nəzərə almaq lazımdr ki, Təhsil Nazirliyi sərbəst qurum deyil”, - ekspert izah edir. 

Bununla belə, N.Qulamoğlu bütün universitetlərdə imtahnların ləğvinin əleyhinədir, səbəbini də "bu, bizim tələbələri  tənbəlliyə öyrədəcək” deyə izah edir: "Mən bilirəm ki, universitetlərin böyük əksəriyyəti müxtəlif proqramlar vasitəsilə tələbələrə dərs keçiblər. Ola bilər, imtahanda verilən materialın məzmunu müəyyən qədər asanlaşdırılsın, ümumi mövzular verilsin, detallara varılmasın”. 

Təhsil eksperti bildirir ki, tələblərə həqiqətən dərs keçirilməyibsə, universiteti məhkəməyə vermək olar: "Tanıdığım bir neçə universitet var, məsələn, Xəzər Universiteti bilirəm ki, dərs keçirlər. Ola bilsin ki, uzaqda qalan qoşula bilməsin dərsə. Amma mən deyim ki, özüm kənddə doğulmuşam və kəndlə daima əlaqə saxlayıram. Lerikin ucqar kəndlərindən biridir, orda internet bizimkindən güclüdür”. 

N.Qulamoğlunun qənaətincə, istənilən halda sözügedən universitetdə tələbələrə dərs keçirilib-keçirilməməsi araşdırılmalı, bundan sonra qərar verilməlidir.

Arzu Çinarlı