12:17, 16 Sentyabr 2020 (Çərşənbə) 209

Teleseriallara ayrılan vəsaitlər: "Daha çox uydurma mövzular işlənir"

Teleseriallara ayrılan vəsaitlər:
Teleseriallara ayrılan vəsaitlər: "Daha çox uydurma mövzular işlənir" 

"Təxminən 10 ilə yaxındır ki, dövlət teleseriallar üçün pul ayırır. Lakin bu məbləğ elə də böyük olmayıb, təxminən 10-12 milyon manat təşkil edir. Milli Televiziya və Radio Şurası (MTRŞ) vasitəsilə bu pullar bölünür. Bəzi televiziyalar serialları çəkib nümayiş etdirir. Çəkilməyən seriallar da var. Bu pulu israf edənlər də var”. 

Televiziya üzrə mütəxəssis, professor Qulu Məhərrəmli Toplum.tv-yə seriallarla bağlı vəziyyəti müzakirə edərkən belə deyib.

MTRŞ yeni qərar verdi

MTRŞ yerli serial bazarında rəqabət mühitinin formalaşdırılması və daha keyfiyyətli milli telefilmlərin və serialların istehsalının stimullaşdırılması məqsədilə 01 sentyabr 2020-ci il tarixdən etibarən təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikası ərazisində yerüstü yayımla yayımlanan bütün televiziya proqramlarında əcnəbi teleserialların yayımının bəzi şərtlərlə bərpa olunması haqqında qərar qəbul edib.

Qərara əsasən, əcnəbi seriallar yalnız 23.00–07.00 vaxt aralığında tam dublyaj olunmuş formada nümayiş oluna biləcək. Bundan əlavə, həftə ərzində hər bir yayımçı 07.00–22.00 arası vaxt aralığında 2 (iki) saat əcnəbi serial yayımlaya biləcək. Yayımçıları yerli serial istehsalına təşviq etmək məqsədilə həftə ərzində həmin vaxt aralığında (07.00-22.00) yayımlanan hər 5 (beş) saat yerli serialdan əlavə 1 (bir) saat əcnəbi serial yayımlanması mümkün olacaq.

"Kadr bazası zəifdir”

Vaxtilə xarici serialların yayımına qadağa qoyarkən əsas gətirilən arqumentlərdən biri yerli serialların çəkilməsinə diqqətin yönəldilməsi idi. Bu baxımdan, on ilə yaxın bir müddətdə serialların çəkilməsi üçün pullar xərclənsə də, ortaya hər kəsin diqqətini çəkən, geniş ictimaiyyətin marağına səbəb olan serialın qoyulmaması suallar yaradır. 

Telejurnalist Qulu Məhərrəmli hesab edir ki, mövcud seriallar barədə müəyyən fikirlər yürütmək olar: "Azərbaycanda serialların çəkilişində müəyyən problemlər var. Birincisi, kadr bazası zəifdir. İkincisi, bu sahədə ənənə lazım olan səviyyədə inkişaf etməyib. Üçüncüsü, maliyyə problemidir. Digər bir problem isə bu işin təşkili, yəni menecmenti arzuolunan səviyyədə deyil. Bizim ölkədə dövlət maliyyə vəsaiti ayırandan sonra ayrı-ayrı televiziyalar serialları çəkir. Halbuki televiziyanın işi başqadır. Serial sahəsində inkişaf etmiş Avropa ölkələrinin, Türkiyənin, Çinin təcrübəsi sübut edir ki, serialların çəkilişi ilə istehsal studiyaları məşğul olmalıdır. Seriallar üçün maliyyə vəsaiti ayrıldıqdan sonra MTRŞ-da görüş keçirildi. Həmin görüşdə belə bir təklif irəli sürdük ki, serialların çəkilişi üçün vəsait prodakşın studiyalara verilsin. Onlar həm öz bazasını inkişaf etdirsin, həm bazar üçün məhsul istehsal edə bilsin, həm də daha çox peşəkarlıq nümayiş etdirsin. Amma təəssüf ki, bu təklif qəbul edilmədi. Yenə də serialları televiziyalar çəkməyə davam etdi. Lakin bütün çəkilən serialların uğursuz olduğunu da demək yalan olardı. Aralarında nisbətən uğurlu sayıla biləcək seriallar da var. Məsələn, Rövşən İsaqın çəkdiyi serialları nisbətən uğurlu saymaq olar. Lakin ümumilikdə götürdükdə səs salan, ölkənin bütün ictimaiyyətini, tamaşaçı diqqətini cəlb edən seriallarımız azdır”.
 

 
Qulu Məhərrəmli deyir ki, əsas problemlərdən biri də mövzuların yanlış seçilməsidir. 

"Yerli seriallarda daha çox uydurma mövzular işlənir. Məsələn, mütləq kriminal, xəyanət kimi mövzular olmalıdır. Bunlar isə daha çox Venesiya, Kolumbiya, Türkiyə seriallarını xatırladan elementlərdir. Bu mövzular üzərində serial qurmaq doğru deyil. Məsələn, Türkiyə birdən-birə  meydana çıxaraq çox maraqlı, ictimai əhəmiyyətli mövzulara toxundu. Lakin bizim seriallar bu baxımdan özünü ifadə edə bilmədi və auditoriya toplaya bilmədiyi üçün inkişaf edə bilmədi. Xarici seriallarının yayımının qadağan olunması göstərdi ki, bizim ekranlarımız serial baxımından xeyli kasad görünür. Buna görə də MTRŞ xarici serialların nümayişinə icazə verdi. Bunun isə həm təcrübə baxımdan, həm də tamaşaçıların hüquqlarının qorunması baxımından müsbət cəhətləri var. Lakin xarici serialların hansı dəyərləri təbliğ etdiyinə diqqət etmək lazımdır”, - Qulu Məhərrəmli deyib.

Azərbaycanda çəkilən serialların vəziyyəti

Toplum.Tv Azərbaycanda çəkilən serialların vəziyyətini, reytinq səviyyəsini, aktyorların qonorarlarını, ssenarist və rejissorların bu işdə nə qədər təcrübəli olub-olmadığını, qonşu ölkələrlə müqayisədə irəlidə, yoxsa geridə olduğunu bilmək məqsədilə bu sahədə təcrübəsi olan, peşəkar insanların fikirlərini öyrənməyə çalışıb. 

Müraciət olunan aktyorların, ssenaristlərin və rejissorların bir qismi ümumiyyətlə sualları cavablandırmaq istəməyiblər. Ancaq cavab verənlər də olub.

Aktyor, ssenarist Kənan Yusifov deyib ki, çox vaxt öz yazdığında oynamamağa çalışır: "Amma bizdə hansısa aktyorun seçim haqqı çox nadir hallarda olur. Sahə çox təzədir. Bazar istənilən kimi inkişaf etməyib. Üstəlik ölkə də balacadır”. 
 

 
Qonorarlara gəlincə, aktyor deyib ki, ölkə sərhədlərindən çıxmamış hansısa fantastik qonorara ümid etmək sadəlövlük olardı: "Amma bununla belə düşünürəm ki, çox ola bilər”. 

Prodüser, aktrisa Təranə Səmədova: "Azərbaycanda film sektorunda məvaciblər 95 faiz çox aşağı olur. Bəzi istisnalar var. Bu, nəinki məni, yaradıcı insanların hər birini ruh düşkünlüyünə uğradır. Mən ağızdolusu "aktrisayam” deyə bilmərəm. Amma bir çox peşəkar aktyor- aktrisalarımız var ki, sadəcə küsüblər bu sahədən və çəkiliblər kənara. Bu sahədə ən başlıca çatışmazlıq peşəkar bir aktyora qonorar verməməyin dərdindən yoldan ötən, aktyorluqdan, səhnə mədəniyyətindən xəbəri olmayan, orfoepiyadan bixəbər, məqsədləri özlərini reklam edən yararsızları çəkmələridir. Müəyyən qisim insanları Azərbaycan filmlərindən iyrəndirirlər, müəyyən qisim də bu yararsızlıqdan özlərinə ibrət götürür. Ssenari seçimində isə nəsə açıq səhnələrdən qaçmışam hər zaman. Belə normalda hər obrazı yaşayaraq oynaya bilərəm”.
 

Ssenarist Faiq Ağamalı: "Cənab prezident hər il pul ayırır, amma bəzi "qurumlar” və ya şəxslər bu pulu yeyir. Və ortaya şor çörəkdən başqa heç nə qoya bilmirsən. Bizdə də var savadlı rejissorlar, aktyorlar. Avadanlıqlar da var. Sadəcə qrafika bahadır bizdə. Yenə də pul (gülür)”.

Rejissor, aktyor Kənan MM: "10 il bundan əvvəlki seriallarla indiki serialları müqayisə eləsək, çox insan - sənətçi, sıradan bir tamaşaçı olsun - bunu qəbul eləsə də, eləməsə də, ovaxtki seriallarla indiki seriallar arasında yerlə-qədər fərq var. Və düşünürəm ki, yaxşıya doğru da gedir. Amma bu sponsor hesabına çəkilən seriallar bir yerdə qırılacaq. Buna dövlət tərəfindən birmənalı şəkildə dəstək lazımdır”.
 

 
Adının çəkilməsini istəməyən aktyor:"Yerli seriallardakı vəziyyət məni heç vaxt qane etməyib. Ona görə də qeyri-müəyyən vaxta qədər seriallara çəkilməyə "stop” demişəm və çəkilməyəcəm. Seriallarda çatışan nəsə var ki, çatışmazlıq da olsun? Bizim serial sektoru özü çatışmazlıqdır. 4 ildir ki, aylıq 1100 manat alırıq. Bunu aya 20 bölümə bölsək bölüm başına 55 manat edir. Sizə kim desə ki, serialda yüksək maaş var, inanmayın. Maksimum aylıq 1500 manatdır. O da xalq artisti olmalısan. Hər xalq artistinə də verilmir”.

Seriallardan qazananlar

Toplum.Tv Azərbaycanda aktyorların və aktrisaların aldıqları qonorarları araşdırıb və müəyyən nəticələr əldə edib. Məsələn, "Ata ocağı” serialının oyunçuları Qurban İsmayılovla Asya Atakişiyeva həftəyə 400, aktyor Rasim Cəfərov həftəyə 350 manat qazanır. 

"İmtahan” serialına çəkilənlərdən - Üzəl Kərimova 150, Cövdət Şükürov 200, Nigar Babayeva 100 manat həftəlik, Vaqif Kərimov isə hər seriyaya görə 20 manat qazanır.

 
Serialların gizli reytinqi

Azərbaycan televiziyalarında yayımlanan milli serialların reytinqini ölçən "AGB Neilson” reytinq şirkəti Toplum.Tv-nin sorğusunu belə cavablandırıb: "Azərbaycanda televiziya kanallarının reytinqi ilə biz məşğul oluruq. Müştərilərlə müqavilə bağlayırıq, müəyyən məbləğ ödəyirlər və reytinqlərini çatdırırıq. Reytinqləri biz yox, kanallar yayımlamalıdır. Biz onların icazəsi olmadan bu barədə məlumata verə bilmərik. Reytinqləri kanallardan ala bilərsiniz”.

Tenderlər keçirilirmi?

Telekanallar serialları necə əldə edir? Bunun üçün hər hansı tender keçirilirmi? 

MTRŞ bu sualın cavabını telekanallarda axtarmaq lazım gəldiyini bildirib. Serialı yayımlayan telekanallar isə sualı cavablandırmaq istəməyib.  

Serial çəkən prodakşın və studiyalar

Toplum.Tv-nin Azərbaycanda serial çəkən prodakşınların və ya film studiyalarının olub-olmamasını müəyyənləşdirmək cəhdi boşa çıxıb. "Buta” Film studiyasına və "SOY production”la əlaqə saxlamağa çalışsa da, səlahiyyətli şəxslərin olmaması səbəbindən suallara cavab almaq mümkün olmayıb. 

Serialların çəkilməsində kanalların rolu

Rəsmi məlumatlara görə, 2020-ci il üçün mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu kimi digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 439,2 milyon manat pul ayrılıb. Bu rəqəm 2019-cu il ilə müqayisədə 99,6 milyon manat çoxdur. Ayrılan məbləğin 178,1 milyon manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyət xərclərinə, yəni kitabxanalar, muzeylər, qoruqlar, mədəniyyət sarayları, evləri, mərkəzləri, teatrlar, musiqi kollektivlarinin maliyyə təminatına və s. 52,0 milyon manatı isə televiziya, radio və nəşriyyat xərclərinə, yəni "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, İctimai Televiziya və Radio Yayımları Şirkəti, "Mir" Dövlətlərarası Teleradio Şirkəti Azərbaycan Milli Nümayəndəliyi və s. ayrılıb. 

Yerli serialların çəkilməsinə gəlincə, təkcə 2020-ci ildə Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Milli Televiziya və Radio Şurasına 3(üç) milyon manat pul ayrılıb. Həmin vəsait özəl ümumrespublikateleradio yayımçıları arasında bərabər şəkildə bölünüb. 

Siyahı belədir:
1. " Lider Tv və Radio Azərbaycan” MMC- 500.000 manat
2. " Xəzər Tv "MMC- 500.000 manat
3. " Azad Azərbaycan " Teleradio Kompaniyası- 500.000 manat
4. " Space Müstəqil Teleradio Şirkəti” MMC-500.000 manat
5. " ARB 24” MMC- 500.000 manat
6. " Real Təhlil İnformasiya Mərkəzi” MMC- 500.000 manat

Toplum.Tv əməkdaşları bütün bunları, yəni ayrılan vəsaiti, çəkilən serialları, onların reytinqini, ayrılan vəsaitə təxminən neçə serial və ya neçə seriya çəkildiyini, yeni sezonda hansı serialların yayımlanacağını, tenderlərin keçirilib-keçirilmədiyini öyrənmək üçün kanallarla əlaqə yaratmağa çalışıb. Lakin kanalların bir neçəsi zəngləri cavablandırmayıb. Cavablandıran kanallardan isə "biz bu barədə sizə  məlumat verə bilmərik” cavabı verilib. Telekanallar göndərilən informasiya sorğusu da  cavablandırmayıb. 

Seriallardan milyonlar qazanan əcnəbilər

Söhbət serialdan gedirsə, ağıla ilk gələn ölkələrdən biri də Türkiyədir. Bu ölkədə serial sektorunda çalışan insanlar kifayət qədər yaxşı məbləğdə pullar qazana bilirlər. Türkiyə serial sahəsində inkişaf etmiş bir ölkədir. Araşdırmalar göstərir ki, bu ölkədə bir bölümə qazanılan məbləğ Azərbaycanda qazanılan məbləğdən qat-qat çoxdur. 

Ekspertlər hesab edir ki, bunun da bir çox səbəbi var. İlk növbədə, ölkə böyükdür və əhali çoxdur. Ən əsası Türkiyədə serialları kanallar yox,  şirkətlər çəkir və yayımlanması üçün kanallarla müqavilə bağlayır. Əgər reytinq gözlənilən nəticəni vermirsə, kanalla yapım şirkəti arasındakı müqavilə pozulur, yaxud serial vaxtından əvvəl final edir. 

Dünyada çəkdiyi seriallarla reytinq rekordları qıran ölkələrdən biri də Cənubi Koreyadır. Koreya aktyorlarının qazandıqları qonorarları öyrənmək mümkün olmasa da, Türkiyə bu baxımdan daha əlçatımlı oldu. Türkiyə mediasının yazdığına görə, bəzi aktyorların bir seriyadan qazandığı qonorar belədir:
1. Aras Bulut İynemli- "Çukur” serialının bir bölümü üçün 120.000 TL (27,212 manat) qazanır.
2. Engin Akyürek- "Sefirin kızı” serialının bir bölümü üçün 200.000 TL (45,360 manat) qazanır.
3. Neslihan Atagül- "Sefirin kızı” serialının bir bölüm üçün 150.000 TL (34,020 manat) qazanır.
4. Beren Saat- "Netflix”də yayımlanan "Atiye” serialının bir bölümü üçün 200.000 TL (45,360 manat) qazanır.
5. Taner Ölmez- "Mucize Doktor” serialının bir bölümü üçün 70.000 TL (15,874 manat) qazanır.
Bu siyahını uzatmaq da olar. Çünki qonorarlar yüksək və fərqlidir.  
 
Yerli, yoxsa xarici seriallar?

Maraqlıdır, xarici serialların yayımlanmasına icazə verilməsi yerli serialların taleyinə necə təsir göstərəcək? Ümumiyyətlə, indiyə qədər hansısa ölkə Azərbaycan serialını almaq istəyibmi?

2019-cu ildə "Xəzər” TV-nin çəkdiyi "Ata ocağı”, "Cehizsiz gəlinlər” və "İmtahan” serialları Çində keçirilən Şenzen Beynəlxalq Tv serialları sərgisində yer alıb. Bu sərgi Azərbaycan seriallarının satış üçün qatıldığı ilk beynəlxalq sərgidir. 

"Day.az yazır ki, sərgidə bu seriallar maraqla qarşılanıb. Buna səbəb ailə-məişət problemlərinin onlara fərqli təsiridir.

Problemin həlli

Araşdırmalardan bu nəticəyə gəlmək olar ki, Azərbaycanda serial sektorunda istənilən, gözlənilən nəticəni əldə etmək üçün ilk növbədə maliyyə problemini həll etmək, serialların çəkilməsi prosesinikanallara həvalə etmək əvəzinə, bu prosesi həyata keçirtməyi prodakşınların öhdəsinə buraxmaq, yeni film studiyaları və prodakşınlar yaratmaq, mövcud olan prodakşınların fəaliyyətinigenişləndirmək, düzgün və təsirli mövzu seçmək, aktyorların qonorarlarını artırmaq, çəkiliş heyətini keyfiyyətli avadanlıqlatəmin etmək lazımdır. Sadalanan bəzi nüanslar birbaşa maddivəziyyətlə əlaqədardır. 

Yasəmən Abbaszadə 
Murad Rəhimli
Gültəkin Həzisoy 
Aytən Zamanova