17:15, 15 İyul 2020 (Çərşənbə) 285

Telman Əbilov: “Generalın ölümünü təsadüf hesab etmirəm, çünki...”

Telman Əbilov: “Generalın ölümünü təsadüf hesab etmirəm, çünki...”
"Generalın öldürülməsi artıq müharibədən xəbər verir. Şəhid generalın xüsusilə artilleriya sahəsində böyük təcrübəsi vardı. Görünür, ermənilər Polad Həşimovun bu sahənin bilicisi olduğundan xəbərdar olublar.Buna görə də generalın ölümünü təsadüf hesab etmirəm”.

Bunu hərbi ekspert Telman Əbilov Toplum tv-yə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hücumlar Tovuzda ona görə başlandı ki, Azərbaycan Qarabağ cəbhəsində ermənilərə hücum etmədi: "Əgər biz vaxtında Qarabağ, Horadiz, Tərtər istiqamətində öz torpaqlarımız uğrunda mübarizə aparsaydıq, ermənilər indi bizim dövlət sərhədlərimizi pozub Tovuza hücum etməzdilər. Görünür, indi ermənilərdə Qarabağ məsələsinin həll olunması rəyi yaranıb. Hələ Harami ərazisində bəzi hissələrin də onların olmasını iddia edirlər. Ermənilər üçün Qarabağ müharibəsi bitib. Belə fikirlərlə Azərbaycan tərəfinin heç bir addım atmaması isə sanki bütün bunlarla razılaşmaq mənasına gəlir. Buna görə də ermənilər artıq Qarabağ ərazisindən hücum etmir”. 

Ekspert Ermənistan tərəfinin Tovuz istiqamətində hücuma başlamasının məqsədini isə belə izah edir: "Dövlət sərhəddini pozmaqda məqsəd Qərblə bağlı kommunikasiya xətlərinin Tovuz ərazisindən keçməsidir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tiblisi-Ərzum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti Tovuz ərazisindən keçir. Ermənilər artıq o qədər arxayınlaşıblar ki, bizim Qərblə iqtisadi əlaqələrimizi kəsmək üçün Tovuzda strateji nöqtə seçmək istəyirlər. Ona görə də bu çox təhlükəli məqamdır. Biz vaxtında ermənilərin cavabını versəydik, onlar belə bir həmləyə cürət edə bilməzdilər. Artıq bir neçə gündür döyüş başlayıb, şəhidlərin sayında artım var, kəndlərin köçürülməsindən söhbət gedir. Amma hələ də Azərbaycan tərəfi onların layiqli cavabını verə bilməyib”. 

T.Əbilovun fikrincə, Azərbaycan tərəfi ikinci bir cəbhə açmalıdır: "Biz hökmən hücuma keçməliyik. Tovuz hücumunun qarşısını almaq üçün mütləq ikinci cəbhə açılmalıdır”,- ekspert qeyd edir. 

İyulun 12-də günorta saatlarından başlayaraq Azərbaycan -Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimi pozulub.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, atəşkəs Ermənistan ordusu tərəfindən pozulub. 

İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində döyüşlər davam edib. Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad da daxil olmaqla, 7 nəfər həlak olub.Ümumilikdə, iyulun12-dən davam edən döyüşlərdə Azərbaycan tərəfi 11 şəhid verib. 

Müdafiə Nazirliyi yaralıların da olduğunu bildirib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə isə, erməni tərəfinin bu müddət ərzində 2 polis və 4 hərbçisi ölüb.

Vüsalə Mikayıl