17:58, 12 Sentyabr 2020 (Şənbə) 76

Tofiq Yaqublu 11 gündür ki, ölüm aclığı aksiyası keçirir

Tofiq Yaqublu 11 gündür ki, ölüm aclığı aksiyası keçirir
Bu gün, sentyabrın 12-də müxalif siyasi xadim Tofiq Yaqublu artıq 11-ci gündür 3 saylı İstintaq Təcridxanasında aclıq edir.

Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.

Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.

Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını bildirib.

Vəkilləri və ailə üzvləri onun səhhətinin ağır olduğunu deyir.

Dünən, sentyabrın 11-də axşam saatlarında müstəqil mütəxxəsis, tibb elmləri doktoru Adil Qeybulla təcridxanada Yaqublunu müayinə edib.

Adil Qeybulla bildirib ki, aclığın 2-ci həftəsi insan həyatına təhlükə dövrünün başlanmasıdır.

"Aclıq aksiyasında su və duz qəbulu şərtdir. Amma Tofiq Yaqublu uzun müddətdir su və düz qəbul etmir. Biz ona vəziyyəti, bunun onun həyatına təhlükə olduğunu izah etdik. Bu cür aclıqda ürək qəfil dayana bilər. 60-a yaxın yaşı var, bu yaxınlarda əməliyyat olunub, astma xəstəliyi var. Amma o israrla aclığı davam etdirəcəyini bildirdi,” həkim qeyd edib.

Adil Qeybullanin sözlərinə görə, bundan sonra onun xahişi və sanitar həkimlərin iştirakı ilə bəzi tibbi tədbirlər görülüb.

"Venadaxili bir litr maye köçürdük, vitaminlər köçürdük. Sonra onu öz yerinə yola saldıq. Tofiq Yaqublu aclığı dayandırmadı. Amma mən bir həkim kimi deyirəm ki, vəziyyət çox ciddidir.”

Adil Qeybulla bildirib ki, Tofiq Yaqublu sentyabrın 10-da özündən gedib.

Tofiq Yaqubluya dəstək məqsədi ilə ictimai-siyasi fəallar da aclığı davam etdirir.

Hazırda Bakıda Müsavat Partiyasının qərargahında müxalifət fəalları, Berlində kansler Angela Merkelin ofisinin qarşısında və Almaniyanın Nürnberq şəhərində BMT-nin ofisi qarşısında Azərbaycandan olan mühacirlər aclıq aksiyası keçirir.
 
turan.az