14:06, 07 Sentyabr 2020 (Bazar ertəsi) 370

Tofiq Yaqublunun hökmündən apellyasiya şikayəti verilib - YENİLƏNİB

Tofiq Yaqublunun hökmündən apellyasiya şikayəti verilib - YENİLƏNİB
Vəkil Aqil Layıc Tofiq Yaqublu ilə görüşüb. Bu barədə vəkil feybuk səhifəsində yazıb: "Tofiq Yaqublu çox gec gəldi, halı yox idi, rəngi solmuş və əvvəlki tək yerimirdi, gözləri çuxura enmişdi sanki. Deyir ki, 91 kilodan 82 kiloya düşüb".

Vəkil Aqil Layıc xatırladıb ki, Tofiq Yaqublu 6 gündür aclıq aksiyası keçirir: "Tofiq bəy deyir ki, müəssisə rəisinin müavini Rasim Əsgərov və psixoloq onunla görüşüb. Psixoloji durumuna görə akt tərtib etmək istəyiblər. İddia ediblər ki, sanki o, açlığı psixoloji vəziyyətinə görə edir. Amma psixoloji halı çox normal olduğunu qeyd edib, aclığı ədalətsizliyə qarşı etdiyini bildirib, psixoloji durumuna görə yox".
 
***
 
Müsavat Partiyasının üzvü Tofiq Yaqublu barəsində olan hökmdən apelyasiya şikayəti verib. 

Bu barədə onun vəkili Aqil Layıcov özünün "Facebook" səhifəsində məlumat verib.

O deyib ki, Nizami rayon Məhkəməsinin hökmündən şikayət verərək T. Yaqublu barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər. 

T. Yaqublu martın 22-dən həbsdədir. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində onun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. 

T. Yaqublu CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə təqsirli bilinib. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O bildirib ki, "8-ci kilometr bazarı”nın qarşısında park olunmuş maşınında əyləşib bazardan qayıdacaq həyat yoldaşını gözlədiyi vaxt maşını qəsdən vurulub. Daha sonra maşını vuran sürücü Elxan Cəbrayılov və yanında olan Cəvahir Cəbrayılova ona hücum edib. Həmin vaxt anlayıb ki, bu təxribatdır.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində siyasi fəal Tofiq Yaqublunun işi ilə bağlı məhkəmə prosesi başa çatıb.

Məhkəmədə Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqubluya hökm oxunub.

O, 4 il 3 ay müddətində azadlıqdan mərhum edilib. Hökmə görə, o cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.