15:56, 14 Sentyabr 2020 (Bazar ertəsi) 116

"Tofiq Yaqublu hospitalda da aclığı davam etdirir"

Yalnız vəkillərindən biri müxalif fəalla görüşə buraxılıb

Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan fəalı Tofiq Yaqublu sentyabrın 2-dən başladığı aclığı hospitalda da davam etdirir. Bu barədə Meydan TV-yə T.Yaqublunun qızı Nigar Həzi məlumat verərək bildirib ki, atası hospitalda iki gün reanimasiyada saxlandıqdan sonra sentyabrın 14-də palataya köçürülüb.

N.Həzinin sözlərinə görə, hospitalda da T.Yaqubluya qida tərkibli sistemlər vurulmadığına görə onun səhhəti geri gedir. Amma yuxu sisteminin və aclıq etdiyi günlərdə bədənində itirdiyi suyun bərpası üçün ona tibbi yardım göstərilir: "Uzun müddətdir ki, yuxu problemi vardı. İndi sistemlər köçürürlər, yatır. Bədənində itirdiyi suyu bərpa eləmək üçün sistemlər köçürülür. Mən onu sonuncu dəfə görəndə vəziyyəti çox pis idi. Ondan çox nigaranıq. Burada da nə görməyə qoyurlar, nə də səsini eşidə bilirik. Heç olmasa, telefon zənginə də icazə vermirlər. Biz çox narahatıq. Ortada ən azı, Oqtay Gülalıyevin başına gələnlərlə bağlı pis təcrübə var. Onu təcridxanadan köçürəndə də bizə məlumat verməyiblər. Biz biyə bundan "Facebook”da kiminsə statusundan xəbər tutmalıyıq?”

Sentyabrın 14-də T.Yaqublunun üç vəkilindən yalnız birini – Elçin Sadıqovu onunla görüşməyə buraxıblar. Digər iki vəkil – Aqil Layıc və Nemət Kərimlini isə görüşməyə qoymayıblar.

N.Həzi bunun da anlaşılmaz olduğunu deyir: "Bu nə deməkdir? Bir vəkili buraxırlar, digər ikisini yox? Əgər tək-tək buraxmaq istəyirlərsə, o zaman Tofiq Yaqublu üçün bu daha ziyanlıdır. Çünki üçü ilə eyni vaxtda danışsa, daha az enerji itirər, nəinki hər biri ilə ayrı-ayrılıqda. Yox, digər ikisini ümumiyyətlə, buraxmayıb, yalnız birini buraxırlarsa, bunu da bir əsaslandırsınlar”.

T.Yaqublu sentyabrın 12-də hospitala köçürüləndən sonra vəkil A.Layıc onunla görüşmək istəsə də, o zaman da ona icazə verilməmişdi. Sentyabrın 13-də müvəkkili ilə görüşmək üçün hospitala gedən N.Kərimli də eyni münasibətlə üzləşmişdi.

Vəkillər bunun qanunsuz olduğunu bildirir.

"Məsul şəxslər problem olmadığını bildirdilər. Amma görünən budur ki. problem var. Bizi hüquqlarını müdafiə etdiyimiz şəxslə görüşə buraxmırlar. Halbuki, vacib məsələ ilə bağlı məsləhətləşməliyik. Bizim buraxılmamağımız qanunsuzdur. Onu görmək, vəziyyətini müşahidə etmək hüququm var vəkil olaraq”, - deyə A.Layıc bildirib.

N.Kərimli də baş verənləri müdafiə hüququnun pozuntusu kimi qiymətləndirib: "Vəkilin müvəkkili ilə görüşə buraxılmaması üçün heç bir bəhanə ola bilməz. Hazırda Tofiq Yaqublunun həkim qədər güvəndiyi həm də vəkilləridir. Görüş üçün rəsmi şəkildə də Penitensiar Xidmətə müraciət eləmişəm. Xəbər yoxdur...”

N.Həzi atasının ailə üzvlərilə görüşünə şərait yaradılması üçün Ombudsman Aparatına da müraciət edib.

Elçin Sadıqov görüşdən sonra T.Yaqublunun ailə üzvlərinə deyib ki, onu uzanmış vəziyyətdə görüb. Çünki çox halsızdır, bir müddət təzyiqi də kəskin düşüb, tibbi müdaxilə olunub. Vəkilin dediyinə görə, aclığı davam etdirdiyi üçün əvvəlki günlərdən də zəifləyib.

Martın 22-dən həbsdə olan T.Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. O, hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.