21:58, 16 Oktyabr 2020 (Cümə) 382

Tofiq Yaqublu: “O vaxt Madagizə birinci mənim rotam girmişdi”

Tofiq Yaqublu: “O vaxt Madagizə birinci mənim rotam girmişdi”
"Toplum TV” son olaylarla bağlı Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin  üzvü Tofiq Yaqublu ilə söhbət edib.
 

- Tofiq bəy, 30 ilə yaxın bir müddətdır davam edən sülh danışıqlarının anidən öz yerini hərbi əməliyyatlara verməsinə səbəb nədir? Yoxsa, anidən deyildi?   
 
- Maraqlı sualdır. Ümumiyyətlə, bu suala daha geniş cavabı torpaqlarımız tam azad olunduqdan sonra vermək olar. Amma indiki vəziyyətin yaranmasında geosiyasi vektorların rol oynadığını da demək lazımdır. Onlardan biri Türkiyənin son dövrlər regionda aktivləşməsidir. Paşinyan-Putin münasibətləri, Azərbaycanda xalqın uzunmüddətli atəşkəsdən narazılığı, Ermənistanın son dönəm təmas xəttindəki təxribatları hazırki vəziyyətə təkan oldu. Amma müharibə hazırlıqları əvvəlcədən gedirdi. Azərbaycan-Türkiyə hərbi təlimləri, müharibə başlamamışdan İlham Əliyevin ritorikası, iyul hadisələrindən sonra səfərbərlik, "pickup”ların yığılması...Hiss olunurdu ki, müharibə başlayacaq. 
 
-  Amma Azərbaycan tərəfi iddia edir ki, Ermənistan sentyabrın 27-də atəşkəsi pozub və döyüş başlayıb. Sizcə, bu, Ermənistanın nəyinə lazım idi?  
 
 - Təcavüzkar elə hər zaman  təcavüzkardır. Ermənistanın məqsədi o ola bilər ki, biz Qarabağdan ümidimizi üzək. Torpaqlarımızda abadlıq işləri aparır, hərbi təlimlər keçirirlər. İstəyirdilər ki, Azərbaycan Şuşa-Laçın dəhlizinin onlarda qalması ilə razılaşsın, yoxsa daha çox ərazi tuta bilərlər. Bu da Azərbaycanı sülhə məcbur etmək addımları idi. Paşinyan həm də birinci Qarabağ savaşının qəhrəmanı deyil. Qəhrəmanlar Sarkisyanla Köçəryan idi ki, onları da həbsə atıb. Bundan dolayı  Azərbaycanla münaqişə çərçivəsində bir uğur əldə etmək istəyirdi.  
 
- İlk dəfədir ki, Azərbaycan bu qədər hərbi uğur qazanır və torpaqları işğaldan azad edir. Bildiyimə görə, siz də vaxtilə döyüşlərdə iştirak etmisiniz. Hazırki hərbi uğurları necə qiymətləndirirsiz?  
 
- İnandırım ki, İctimai televiziyada o xəbərləri eşidəndə ağladım. Bəzən soruşurlar ki, aldığımız filan kənd strateji ərazidir? Döyüş təcrübəmdən çıxış edərək cavab verirəm ki, qardaşım, Qarabağın hər qarışı stratejidir. 27 il sonra o torpaqda bizimkilər gəzirlər. Əlbəttə ki, bu, möhtəşəm uğurdur. İnanıram ki, erməniləri təslim olmağa məcbur edəcəklər. Düşünmürəm ki, biz axırıncı kvadratmetrə qədər döyüşə-döyüşə alacağıq. Yox, məncə, bir gedişlə həm diplomatik sahədə, həm də hərbi meydanda uğur qazanandan sonra ermənilər ədalətə gəlməyə məcbur olacaqlar. Qarabağda yaşayan ermənilər də bizim vətəndaşlarımızdır. Azərbaycanın yurisdiksiyasını qəbul edərək orada yaşaya bilərlər. Onlara qarşı heç bir diskriminasiya ola bilməz. Bu dəfə Türkiyə də bizim arxamızda möhkəm durub. Yalnız ritorika xatirinə deyil, əməli işlər də var.  
 
- Ermənilərlə azərbaycanlıların bir yerdə yaşaması nə qədər real görünür? Vaxında bir yerdə yaşayırdıq. Nəticədə Ermənistanın ərazi iddiaları ilə qarşı-qarşıya qaldıq.  
 
- Gəlin, ikinci dünya müharibəsinə baxaq. Almanlar yəhudilərin başına nə oyunlar açmışdılar. Amma müharibə bitdi və hər kəs reallığı qəbul elədi. Bizim bu proses uzun çəkə bilər, amma bunun mexanizmləri hazırlanmalıdır. Əlbəttə, Ermənistan bizim üçün şərəfli sülh sazişinə imza atsa, çox sadəlövhlük olardı ki, sabah hamı qucaqlaşıb barışsın. Yox, yaralar hələ təzədir. Lakin zaman hər şeyi həll edir. Bir az keçəndən sonra insanların müharibə emosiyaları yatacaq. Qarabağda abadlıq işləri aparacağıq və orada yaşayan insanlar da görəcək ki, biz onları vətəndaş kimi qəbul edirik.  
 
- Hərbi uğurlara qayıtmaq istəyirəm. Məsələn, geri qaytarılan kəndlərlə bağlı xəbərlər alanda bizə qəribə gəlir. Oraları tanımırıq deyə, yalnız yeni adlarla kifayətlənməli oluruq. Bəs siz bu kəndlərdən hansılarda döyüşmüsüz?  
 
- Bu suala aidiyyatı olmasa da, bir şey demək istəyirəm. Müharibə başlamamışdan çoxları torpaqlar qayıtdığı təqdirdə məcburi köçkünlərin öz yurdlarına qayıdacağına inanmadığını deyirdi. Axı bunun nə fərqi var? Torpaqlar bizim olsun yetər. Kimə harda rahatdırsa, orada yaşaya bilər. Döyüşdüyüm yerlərsə çox olub. İlk döyüşlərim köhnə Şaumyan rayonunun Duzluq, Mənəşid, Erkəc kəndlərində olub. Daha sonra bizi Tərtərə gətiriblər. Talış, Madagiz uğrunda döyüşmüşəm. Madagiz kəndinə ilk dəfə mənim rotam gedib. Onda Firudin Şabanov soruşmuşdu ki, kim girə bilər kəndə,  demişdim mən... İndi isə oğlum Rəhim Madagizdə xidmət edir.  
 
- Bizə məlumdur ki, bölgədə Rusiyanın təsiri çoxdur və belə desək "ondan xəbərsiz iş görmək”  çətin məsələdir. Sizcə, Rusiya indiki vəziyyətdə Azərbaycanın torpaqlarını qaytarmasında maraqlı ola bilərmi? Əks halda bu hərbi uğurları nə ilə izah etmək olar?  
 
- Birincisi, zaman keçdikcə, şərtlər dəyişir. Əlbəttə, Qarabağın işğalı Rusiyanın işidir. Yeri gəlmişkən, İlham Əliyev özü də müsahibələrində bunu etiraf edib. Əlbəttə ki, Putin Azərbaycanın qələbəsini istəmir. Paşinyanın atdığı addımlar Putini qıcıqlandırırdı. Rusiya prezidenti istəyir ki, tərəflərin ikisi də ondan asılı olsun. Məncə, bunu da məqsədyönlü şəkildə edir, humanizmdən yox. Hətta mən yazmışdım ki, atəşkəsin pozulması da Putinin planlarına daxil ola bilər. Putin həm Paşinyana dərs verir, həm də onun məğlub olmasına imkan vermir.  
 
- Prezident müsahibələrinin birində qeyd edib ki, Moskvada tərəflər arasında əldə olunan razılaşma Azərbaycanın maraqlarına uyğundur. Razısınızmı? 
 
- Məncə, Prezidentin əminliklə "baza prinsipləri xeyrimizədir” deməyinə səbəb indiki döyüş mövqeyində əldə etdiyimiz nəticələrdir. Bu hərbi uğurlarla masaya oturulsa, başqa cür danışılacaq.   
 
- İlk dəfədir ki, Prezident Qarabağla bağlı belə sərt çıxışlar edir və qətiyyətli addımlar atılır. Sizcə, Prezidentin belə sərt çıxışlarına nə təkan verir? Yalnız Türkiyənin dəstəyinəmi arxalanır, yoxsa?   
 
- Birincisi, Türkiyənin dəstəyi olmasa belə, müharibə aparan dövlətin Prezidenti başqa cür danışa bilməzdi. Paşinyan özü də sərt çıxışlar edir. Türkiyə əməli olaraq müharibədə iştirak etməsə də, öz dəstəyini əsirgəmir.  
 
 - Sizcə, Türkiyənin bölgədəki maraqları yanız Azəraycana dəstək xarakterimi daşıyır?  
 
- Bu, çox təbii dəstəkdir. Qardaşıq da, bundan artıq nə demək olar? Amma digər tərəfdən təbii ki, Türkiyənin də öz çıxarları var. Qardaş ölkə artıq dünyaya mesaj verdi ki, Rusiya bölgədə tək hakim güc deyil.  
 
- Ermənistan və bir sıra qərb mediası iddia edir ki, cəbhə xəttində həm də türk ordusu vuruşur. Məqsəd Türkiyəni də münaqişəyə cəlb etmək ola bilərmi? 
 
- Ermənistan hər vəchlə bunu etmək istəyir. Çünki, üçüncü bir qüvvəni bölgəyə leqal müdaxiləsi olsa, beynəlxalq şərtlər dəyişəcək. Ona görə, birinci gündən sübut etməyə çalışırlar ki, türk hərbiçiləri cəbhədədir.  
 
- Fransanın Ermənistana güclü dəstək verməkdə məqsədi erməni secicilərin diqqətini cəlb etməkdimi? Yoxsa başqa maraqları var? 
 
- Bu seçicilərdən daha çox simpatya ilə bağlı olan bir şeydir. Ona görə də instinktiv olaraq Ermənistanı dəstəkləyirlər. Onların mövqeyindən narahat olmağa ehtiyac yoxdur. Fransa ora nə qoşun göndərəsidir, nə də hərbi texnika.  
 
 
- Ölkədə internetin məhdudlaşdırılması məsələsinə də toxunmaq istəyirəm. Bu məsələdə Azərbaycan demək olar ki, qarşı tərəfin lağ obyektinə çevrilib. Ölkədə interneti məhdudlaşdıran rejim məlumatları elə internet üzərindən paylaşır. Sizcə, hazırki zamanda internetin məhdudlaşdırılması doğru addımdırmı? 
 

- Ən absurd və  mənasız qərərlardan biri bu idi. Hər şeydən əlavə koronavirusa görə onlayn dərslər keçirilir. Necə olacaq bu onlayn dərslər? İnformasiya müharibəsində bizi tərki-silah ediblər. Sosial şəbəkələrdə fəaliyyət məhdudlaşdırılmasaydı, bunun bizə nə ziyanı olacaqdı? Onsuz da qarşılarını almağa çalışdıqları məkrli insanlar VPN-lə öz işlərini görəcəklər. Əgər Azərbaycanda demokratik hakimiyyət olsaydı, ölkəyə dəstək dəfələrlə güclü olacaqdı.    
 
Şəbnəm Adil