16:35, 17 Sentyabr 2020 (Cümə axşamı) 138

Tofiq Yaqublunun apelyasiya şikayəti niyə gecikib?

Tofiq Yaqublunun apelyasiya şikayəti niyə gecikib?
Nigar Həzi: "Elçin Sadıqov bizə demişdi ki, çoxdan göndərilib. Dünən bilmişik ki, hələ bu gün göndərəcək”

Tofiq Yaqublunun işi ilə bağlı apelyasiya şikayəti sentyabrın 17-də məhkəməyə göndəriləcək. 

Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi Toplum TV-yə məlumat verib.
 

 
O, apelyasiya şikayətinin niyə gec göndərilməsinin səbəbini bilmir: "Vəkil Elçin Sadıqov bizə demişdi ki, çoxdan göndərilib. Biz də dünən bilmişik ki, hələ bu gün göndərəcək”.

Nigar Həzinin sözlərinə görə, onlar üçün əsas şikayətin verilməsidir: "Şikayət gedəndən sonra biz o məsələyə dönüb araşdıracağıq”.

Tofiq Yaqublunun digər vəkili Aqil Layıc apelyasiya şikayətinin gecikməsiylə bağlı məlumatı olmadığını, özünün sentyabrın 7-də artıq apelyasiya şikayətini göndərdiyini bildirib: "Niyə gecikdirildiyini  bilmirəm, onu Elçin Sadıqovdan soruşun”.
 

 
"Tofiq Yaqublunun barəsindəki saxta cinayət işi Bakı Apelyasiya Məhkəməsinə göndərilib".

Bunu vəkil Elçin Sadıqov yazıb.

O, şikayətin təsdiq olundığını sübut edən mesajı da paylaşıb.
 


Tofiq Yaqublu artıq 16 gündür ki, aclıq aksiyası keçirir. Martın 22-dən həbsdə olan Tofiq Yaqublu sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib.  

O, Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə ittiham olunur. 

Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. 

Tofiq Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. 

Vəkillərinin və yaxınlarının sözlərinə görə, T.Yaqublu artıq sudan da imtina edəcəyini deyib. 

Yaxınlarının sözlərinə görə, belə olarsa, onun hər an komaya düşə biləcəyi gözlənilir. Son məlumata görə, T.Yaqublunun vəziyyəti ağırdır, artıq yaxşı danışa bilmir.

Elmar Əziz