12:30, 18 Sentyabr 2020 (Cümə) 76

Tofiq Yaqublunun azadlığa buraxılması üçün vəsatət verildi

Tofiq Yaqublunun azadlığa buraxılması üçün vəsatət verildi
Müsavat Partiyasının və Milli Şuranın  həbsdə olan üzvü Tofiq Yaqublunun azadlığa buraxılması üçün vəsatət verilib.

Məlumatı T. Yaqublunun vəkili Aqil Layıc öz "facebook” hesabında yayıb.

Vəkilin bildirdiyinə görə, səhhətində olan kritik vəziyyət nəzərə alınaraq  hökm qüvvəyə minənə qədər onun azadlığa buraxılmasına dair vəsatət verilib.

17 gündür həbsinə etiraz olaraq aclıq edən Tofiq Yaqublunun apelyasiya məhkəməsi sentyabrın 28-nə təyin olunub.

Martın 22-də Tofiq Yaqubluya qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşya vasitəsilə zərəçəkmiş şəxsə zor tətbiq etmək, xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb və həbs edilib. 

İttihama görə, Tofiq Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, sentyabrın 3-də Nizami Rayon Məhkəməsində çıxarılan hökmlə 4 il 3 ay azadlıqdan məhrum edilib. Siyasi fəal hökmdən bir gün öncə məhkəmədə son sözünü deyəndə çıxışının sonunda aclıq aksiyasına başladığını bildirib. T.Yaqublu qanunsuz həbsinə və məhkəmə ədalətsizliyinə etiraz olaraq bu addımı atdığını, azadlığa buraxılana qədər aclığı dayandırmayacağını bəyan edib.

Sentyabrın 12-də siyasi fəal hospitala köçürülüb. Vəkillərinin və yaxınlarının sözlərinə görə, o, hər an komaya düşə bilər. Beynəlxalq təşkilatlar T.Yaqubluya qarşı ittihamların geri götürülməsini tələb edir, onun həbsini siyasi sifariş sayırlar.

Roza Məmmədova