15:47, 11 Sentyabr 2020 (Cümə) 132

Tofiq Yaqublunun müayinə edilməsinə icazə verildi

Tofiq Yaqublunun  müayinə edilməsinə icazə verildi
Ədliyyə Nazirliyinin Penitensiar Xidməti professor Adil Qeybullanın Tofiq Yaqublu ilə görüşməsinə, onu müayinə etməsinə icazə verib.

Bu barədə məlumatı vəkil Elçin Sadıqov feysbuk hesabında paylaşıb.

"Görüş bu gün saat 17:00-da olacaq”, - deyə o qeyd edib.

Ailəsi və yaxınları 10 gündür aclıq aksiyası keçirən Tofiq Yaqublunun səhhəti ilə bağlı narahatdır. 

Vəkil Elçin Sadıqovun sözlərinə görə, T. Yaqublu çox zəifləyib və halsızdır: "Güclə yeriyirdi. Baş ağrıları və baş gicəllənmələri var.  Gözləri dərin çuxura düşmüşdü. Amma hərarəti yoxdur". 

Yaxınları deyir ki, Tofiq Yaqublunun halı gündən-günə geriyə doğru gedir. Hər an həyatını itirmək təhlükəsi var. 
"Bu qədər zəif və halsız olmağına baxmayaraq bildirib ki, mübarizə əzmindədir. Aclığı dayandırmaq barədə qətiyyən düşünmür", -  deyə vəkil bildirib.

Sabir Rüstəmxanlı: Tofiq Yaqublu ilə bağlı çıxarılmış məhkəmə hökmü ədalətsizdir

"Tofiq bəy kimi insanı bir neçə il azadlıqdan məhrum etmək ədalətsizlikdir”

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqublunun 4 il 3 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. 
Ondan bir gün əvvəl – sentyabrın 2-də Tofiq Yaqublu son söz deyərkən aclıq aksiyasına başladığını bəyan edib. 

Tofiq Yaqublu xuliqanlıqda ittiham olunur. Lakin o, özünü təqsirli bilmir, şəxsən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirir.

Tofiq Yaqublu məhkəmənin hökmünə etiraz olaraq 10 gündür aclıq aksiyası keçirir.

Zərifə Novruz