12:51, 05 Sentyabr 2020 (Şənbə) 430

Tofiq Yaqublunun səhhətində problem yaranıb

Tofiq Yaqublunun səhhətində problem yaranıb
Müxalifətçi siyasətçi Tofiq Yaqublunun aclıq aksiyasının dördüncü günü səhhətində problemlər yaranıb. Bu barədə atası ilə telefonla danışan qızı Nigar Həzi məlumat verib.

Onun sözlərinə görə, 4 günlük aclıq aksiyası artıq siyasətçinin sağlamlığına təsir göstərməyə başlayıb. Onda tez-tez başgicəllənmə baş verir, zəifləyib.

Belə vəziyyətə baxmayaraq, heç bir tibbi müayinə aparılmayıb.

N.Həzinin qeyd etdiyi kimi, aclıq aksiyasının ilk nəticələri onun sağlamlığı üçün həyəcan siqnalıdır.

"Təcridxananın əməkdaşları dərhal Tofiq Yaqublunun səhhətilə maraqlanmalı və tibbi hissədən onun müayinəsinə göstəriş verməlidir. Təcridxana rəhbərliyi Tofiq Yaqublunun indiki durumunu nəzərə alaraq onun hər gün ailəsi ilə telefon danışığını təmin etməlidir. Biz hər gün onun səsini eşitməsək, ona nəsə olduğunu zənn edəcəyik”,

O, T.Yaqublu ilə baş verənlərə və baş verəcəklərə görə məsuliyyəti Azərbaycan rəhbərliyinin üzərinə qoyub.

Bununla yanaşı, N.Həzi qeyd edib ki, T.Yaqublu ruh yüksəkliyi saxlaybş və onu dəstəkləyənlərin hamısına minnətdarlığını bildirib.

"Həbsxananın rəis müavinləri atadan aclıq aksiyasını dayandırmağı xahiş ediblər. O belə cavab verib: "Yolundan dönməkdənsə ölmək yaxşıdır. Əgər mən ölsəm, həyatımı xalqım, vətənim üçün verəcəyəm. Geriyə yol yoxdur”!

Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu martın 22-də yol qəzasından sonra saxlanılıb. O, başqa bir maşının sürücüsü və sərnişinə hücumda günahlandırılıb. Ancaq buna sübut olmayıb.T.Yaqublu baş verənləri təxribat kimi dəyərləndirib. Sentyabrın 2-də o, məhkəmədə aclıq elan edib. Sentyabrın 3-də məhkəmə onu 4 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Beynəlxalq təşkilatlar hökmü pisləyiblər. Beynəlxalq Amnistiya təşkilatı T.Yaqublunu "vicdan məhbusu”  kimi tanıyıb.

turan.az