11:40, 15 İyul 2020 (Çərşənbə) 193

"Tovuz istiqamətində sakitlikdir"

Azərbaycan Müdafiə Nazirliyi Tovuz istiqamətində sakitlik olduğunu bildirib.

Nazirliyin sözçüsü Vaqif Dərgahlı BBC News Azərbaycanaya bildirib ki, "hazırda Tovuz istiqamətində ümumilikdə sakitlik hökm sürür".

Bundan əvvəl MN iyulun 15-də gecə Tovuz rayonu istiqamətində "nisbi sakitlik" olduğunu bildirsə də, səhər saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus "növbəti bölüyün dayaq məntəqəsinin" məhv edildiyini bildirib.

Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində atışmalar ötən bazar günü başlayıb və bazar ertəsi fasilələrlə davam edib. Azərbaycan 11 hərbçisini itirib, Ermənistan da itki verdiyini açıqlayıb. Hər iki tərəf atəşkəsin pozulmasında bir-birini günahlandırır.

Azərbaycan MN iyulun 14-də axşam saatlarında bildirib ki, Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və döyüş texnikası "məhv edilib".

MN həmin gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu istiqamətində yerləşən yaşayış məntəqələrinə atəş açmaqda davam etdiyini bildirib. Amma gecə "nisbi sakitlik olub,"- Azərbaycan MN açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan iyulun 15-də Facebook səhifəsində yazıb ki, "Ermənistan-Azərbaycan sərhədinin şimal-şərq hissəsində (Tavuş-Tovuz istiqaməti) dünən saat 23:30-dan bu vaxtadək (səhər saat 8:00) nisbi sakitlik olub. Gecə ərzində artilleriya qurğularından istifadə olunmayıb".

Şuşan Stepanyan dünən saat 22:30 - 23:00 arasında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın "2 pilotsuz uçan aparatını" vurduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin hər hansı "pilotsuz uçan aparatının vurulmadığını, bu iddiaların yalan olduğunu" bildirib.

Atəşkəs çağırışları davam edir

Böyük Britaniya Xarici İşlər Nazirlyi Ermənistan və Azərbaycanı "atəşkəs rejiminin pozulmasına son qoymağa və dialoqa başlamağa" çağırıb.

Bu barədə məlumat Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Facebook səhifəsində yerləşdirilib.

"Birləşmiş Krallıq Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhəddə son vaxtlar atəşkəs rejiminin pozulmasından çox narahatdır və insan həyatının itirilməsinə çox təəssüflənir. Biz hər iki tərəfi atəşkəs rejiminə hörmət etməyə və vəziyyətin gərginləşməsi və daha çox itki verməməsi üçün dialoqa çağırırıq", - məlumatda deyilir.

Böyük Britaniya XİN-i "hər iki tərəfi təmkinli olmağa və gərginliyi daha da artıra biləcək ritorikadan çəkinməyə" çağırırıb.

Qurum "ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönəlmiş danışıqlar prosesinə dəstəyini" bildirib.

line
Azərbaycan üç gündür ki, davam edən döyüşlərdə biri general-mayor olmaqla 11 hərbçisini itirib.

General-mayor Polad Həşimovdan başqa, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir Yaşar Babayev, gizir İlqar Zeynallı və əsgər Elçin Mustafayev də iyulun 13-14 keçən gecə həlak olublar, Müdafiə Nazirliyi açıqlayıb.

Azərbaycanda Tovuz istiqamətində gedən döyüşlər zamanı həlak olmuş hərbçilərin sayı 11-ə çatıb, bir mülki şəxs də ölüb.
 
 
bbc.com