17:05, 26 Avqust 2020 (Çərşənbə) 1044

Turan İbrahimov: "İki maraq dairəsi var: biri dağıdır, biri qarşısını almağa çalışır"

Turan İbrahimov:
"İnsanların məndən gözləntisi böyükdür” 

"Məsələyə tam obyektiv də yanaşanda başa düşürəm ki, çox sayda jurnalist evsiz, kirayələrdə qalacaq”

Teleaparıcı Turan İbrahimov Toplum TV-nin suallarını cavablandırıb. 

- Turan bəy, sosial mediada sərtləşdirilmiş karantin qaydalarının bəzilərinin ləğvi haqda belə bir fikir paylaşmısınız: "Uzun sözün qısası.Yumşaltmadılar, azca boşaltdılar. SMS-i də ləğv etdilər ki,acından rahatca - açıq havada və dəniz qırağında öləsiniz. Artıq bəzi qadağalar aradan götürülüb”. Daha sonra da qaydalara dəyişiklik edildi. Sizcə, yumşaltdılar, yoxsa yenə də boşaltdılar?
 
"Dövlət məsuliyyətli davranmalıdır”

- Karantin haqqında, karantinin sərtləşdirilməsi haqqında çox danışmışam. Müxtəlif media qurumlarına geniş müsahibələrim olub. Sosial şəbəkə hesablarımda da fikir bölüşürəm. Son yazdığım bir az sarkazm, içində də bir az razılaşmamaq, etiraz olan paylaşımdır. Niyə görə? Əslində hazırda Azərbaycanda dövlətə də haqq qazandırmaq olur, vətəndaşa da. Dövləti də qınamaq olur, vətəndaşı da, cəmiyyəti də. Yəni pandemiya dövründəki vəziyyəti belə təsvir etmək olar: yuxarı bığdır, aşağı saqqal. Dövlət məsuliyyətli davranmalıdır. Dövlətin narahatlıqları var. Dövlət müxtəlif mənbələrdən cəmiyyətə, ictimaiyyətə məlum olmayan informasiyaları əldə edir. Dövlət nəticə etibarilə bir neçə ay sonrasını da indidən nəzarətə götürmək üçün addımlar atmalıdır. Bəli, karantin oldu, məcbur bəzi sahələr qapandı. Amma o sahədə çalışanlar 2 ay, 3 ay, 4 ay dözdülər. Hazırda karantinin 6-cı ayındayıq. Onlar da dolanmaq üçün gündəlik fəaliyyət göstərib pul qazanmalıdırlar. Bütün bunlarla birlikdə, bu cəmiyyətin içində olan, ordan-burdan yox, birbaşa qohum-əqrəbasından, təmasda olduğu insanlardan bu qənaətə gələn biri kimi deyə bilərəm ki, insanlar tükənib. Maddi səbəblərdən, ortaya çıxan problemlərdən mənəvi baxımdan tükəniblər. Ona görə də istənilən halda dövlət, hökumət yeni forma tapmalıdır. Yəni həm karantin davam etsin, həm də insanlar işləyib pul qazana bilsin. 

- Artıq televiziyada aparıcı kimi çalışmırsınız. Hazırda nə işlə məşğul olursunuz?

- Televiziya fəaliyyəti həmişə mənim ikinci işim olub. Televiziyada fəaliyyət göstərməyim üçün özümün kriteriyalarım var. Məni müəyyən layihələrə, verilişlərə dəvət edəndə o kriteriyaları ilk növbədə şərt kimi qoyuram. Onu qəbul edənlərlə işləyirəm, etməyənlərlə işləmirəm. Əksər halda bir müddətdən sonra problemlərim yaranıb, fikir ayrılıqlarımız olub. Amma davam etmişik. Kriteriyam budur ki, mən özüm olmalıyam. Öz düşüncələrimi rahat şəkildə ifadə etməliyəm və həmişə də bunu eləmişəm. Fikirlərimi ifadə etməklə bağlı problem olmayıb. Mənim əsas işim həmişə yenə də media, ictimai əlaqələr, kommunikasiya sahəsi ilə bağlıdır. Həm Azərbaycanda, həm Türkiyədə, həm də Rusiyada fəaliyyət göstərən beynəlxalq şirkətlərə müstəqil, müqavilə əsasında media və ictimaiyyətlə əlaqələr üzrə müşavirlik eləmişəm. Hazırda da o işlə məşğulam.

- Televiziya kanallarından yenə iş təklifi gəlir sizə?

- Yeni mövsümlə əlaqədar təkliflər gəlməkdədir. Götür-qoy edirik. İndiki vəziyyətdə razılaşım ya razılaşmayım, qalmışam belə. Bilirsiniz necədir, insanların məndən gözləntisi böyükdür. Şişirdilmiş gözləntilərdir. Hətta mənim o gözləntilərin formalaşmasında xüsusi rolum olmayıb. Ona görə düşünürəm ki, insanların, ictimai rəyin qəbul etdiyi Turan obrazını birdən dağıdaram. Bu da mənə lazım deyil. Televiziyadan da elə bir təklif olmalıdır ki, maddi baxımdan da  məni qane etsin. Onda müəyyən gözləntiləri xərcləmək olar. 

- Bir qədər öncə milli mətbuatın 145 yaşını qeyd etdik. Mətbuatın, jurnalistikanın vəziyyəti sizi qane edirmi?

- Azərbaycan mediasında islahatlar nəticəsində Administrasiyada ləğv olunmuş məlum şöbənin (Əli Həsənovun rəhbərlik etdiyi ictimai-siyasi şöbə nəzərdə tutulur. red) apardığı siyasətlə bağlı ən çox tənqidləri mən etmişəm, ən çox təklifləri mən irəli sürmüşəm. Hətta milli tezliklərdəki fəaliyyətim dövründə xalqa açıq televiziyalarda mən bu tənqidləri eləmişəm. Həmişə də vurğulamışam ki, Administrasiyanın o şöbəsinin yanaşması ilə Azərbaycanda media yox, tamam başqa bir şey formalaşdırılıb. İndi hamı tənqid edir. Mən heç vaxt xora qoşulmamışam. Vaxtilə bu haqda danışmışam. Hər şey göz qabağındadır. Azərbaycan mediası dişsiz, rəngsiz, təsirsiz bir vəziyyətdə idi son islahatlara qədər. İslahatlar sonrasında qeyri-müəyyənlik var. Əslində media sahəsində çalışanlar, media kapitanları üçün yaxşı imkanlar var. İnsiativ göstərsinlər, müəyyən proseslərdə yeni tendensiyalar ortaya qoysunlar. Amma görürəm ki, onların böyük bir qismi gözləmə mövqeyindədirlər. Bundan sonra proseslər necə inkişaf edəcək onu vaxt göstərəcək. Əgər televiziyalardan danışırıqsa, "daha böyük təsir imkanına malik olmalıdır” deyirik. Amma Azərbaycanda televiziyaların təsir imkanları cüzidir, onlara Azərbaycan auditoriyası baxmır. Onun da müxtəlif səbəbləri var. Keyfiyyət baxımından, texniki, tərtibat, peşəkarlıq baxımından inkişaf edir. İctimai Tv-nin, Azərbaycan Televiziyasının  möhtəşəm dəyişimi göz qabağındadır. Real TV-nin tam fərqli bir şəkildə yeni televiziya sahəsinə, kommunikasiya bazarına daxil olması, çox böyük nailiyyətlər əldə etməsi də göz qabağındadır. Mən rəqəmlərə baxıb deyirəm. Kim bəyənir, kim bəyənmir o ayrı. Bir çox şeylərdən danışmaq olar. Amma müstəqil yaradıcılıq, müstəqil xəbərçilik çox zəifdir. Məsələn, İctimai TV-də çox fəqli yanaşmalarla xəbərçilik edirlər, amma insanların bundan xəbəri yoxdur.

- Həsən bəy Zərdabi 145 il öncə evini satıb milli mətbuatın təməlini qurdu. Niyə indi bəzi jurnalistlər ev sahibi olmaq üçün mətbuatı qurban verirlər?

- Azərbaycanda reklam bazarı çox kiçikdir. Ölkədə sırf reklam bazarının diktəsi ilə formalaşan mediadan danışsaq, bunu arzulasaq, yenə də çox sayda jurnalist nə ev ala, nə də maddi vəziyyətini yaxşılaşdıra bilər. Təbii ki, bir qrup jurnalist, təxminən 50-60 nəfər doğrudan da reklamdan maliyyələşən mediada yaxşı, arzulaqdıqları həyatı qazanacaqlar. Və bir də medianın indiki kimi fəhlələri olacaq. O fəhlələr də yenə kirayələrdə - əgər bu ifadə düzgündürsə - sürünəcəklər. Çünki bazar imkanları məhduddur. Yox, ideal iqtisadi əsaslarla mövcud olan cəmiyyətdəki reklam bazarından danışırıqsa, o hələ çox uzaq görsənir. Ona görə də bütün bunları nəzərə alanda dövlətin yaratdığı bu şərait, bu imkan müsbət qiymətləndirilməlidir. Mən buna sırf insani nöqteyi-nəzərdən baxıram. Zamanında qeyri-obyektiv, hətta korrupsiya sxemləri çərçivəsində, evə ehtiyacı olmayan şəxslərə evlərin verilməsini kənara qoyuram. Bu faktdır, heç kim dana bilməz. Və bunu edən şəxslər bu və ya başqa şəkildə ifşa olunublar, cəzalanıblar. Amma sırf stajına görə, sırf imzasına görə, sırf jurnalist olduğuna görə bu evlər verilirsə, nəyi pisdir ki? Neçə jurnalist şəhərin elə yerindən, elə binadan, elə bir mənzili öz gücünə əldə edə bilər?  Məsələyə tam obyektiv  yanaşa bilərəm, amma obyektiv də yanaşanda başa düşürəm ki, çox sayda jurnalist evsiz, kirayələrdə qalacaq. Axı onların da ailəsi var, uşağı var. Mən heç kimi qınamaq istəmirəm. İstənilən şəxs peşəkarlığını da, mənliyini də, şəxsiyyətini də, hətta öz şəxsi siyasi baxışlarını da qoruyaraq o evlərə sahib ola bilər. Belə nümunələr də var. 

- Tənqidçilərin fikrinə görə, televiziyalar, KİV-lər, jurnalistlər obyektivliyini itirib. Siz bu barədə nə düşünürsünüz?

- Dünyada sırf obyektiv jurnalistika ilə məşğul olan, geniş auditoriyaya çıxan, rəy formalaşdıran media orqanı artıq qalmayıb. Hər kəs bir prosesin tərəfidir. Hər kəs bir marağın reallaşması üçün fəaliyyət göstərir. Mən media qurumları və jurnalistlərdən danışıram. Bir şeylərin gözləntisindədir hər kəs. Bu müəyyən yerlərdə dövlətdir, oliqarxlardır, müəyyən yerlərdə hətta geosiyasi maraqları olan dövlətin ittifaqlarıdır. Məsələ belədir, çünki istənilən jurnalist bir nöqtədən sonra şəxsi hisslərindən, duyğularından, reflekslərindən, instiktlərindən çıxış edərək nəyəsə yanaşır. Obyektiv jurnalistika mümkündür. Ola bilər, amma biraz əvvəl siz mənə sual verdiniz dövlət ev verir buna münasibətiniz necədir falan. Sırf marketinq, reklam, kommersiya nəzərindən bir jurnalist dolanmaq istəyirsə, o kimlərinsə  maraqlarının təmsilçisi olmalıdır. Deməli, yenə obyektiv ola bilməyəcək. 

- Sizcə, indi mətbuatda ədalətli, cəsarətli jurnalistlər varmı? 

- "Cəsarətli, ədalətli” - bunlar hamısı nisbidir. Dediyim kimi iki maraq dairəsi var. Biri dağıtmaq istəyir, biri dağıdanın qarşısını almaq istəyir. Kim pisdir, kim yaxşıdır demirəm. Hər ikisinin tərəfində olan jurnalistlər var. Onlar digərlərini ədalətsizlikdə, zalımın yanında olmaqda ittiham edirlər deyə bilərik. O ki qaldı ümumbəşəri dəyərlər, jurnalistikanın qızıl qaydaları filan, bütün bunlar hamısı bir nöqtədən sonra mənasını itirir, tələf olur. 

- 2017-ci ildə sizin verilişinizin bağlanması və ATV kanalından işdən qovulmanız barədə xəbərlər yayıldı. Bu deyilənlərdə həqiqət varmı? 

- Mən ATV kanalında 5 il fəaliyyət göstərdim. 5 ilə yaxın canlı yayımda hər gün 3 saat tənqidi sujetlər, şərhlər edirdim, hazırlatdırırdım və zamanında mənim tənqid etdiyim, fəaliyyətinə təftişin vacib olduğunu vurğuladığım bir dənə nə kiçik, nə böyük məmur qalıb, nə də bir dənə də millət vəkili növbəti parlamentə düşüb. Bu bir. Təbii ki, o dövrdə mənim fəaliyyətim Prezidentin Admnistrasiyasında indi apardığı islahatlar nəticəsində ləğv olunmuş şöbəsinin rəhbərlərinə xoş gəlmirdi. Və onlarla mənim xəbərim olmadan ziddiyətim var imiş, onların mənə qarşı qərəzi var imiş, mənim haqqımda qeyri-obyektiv rəy formalaşdırmaq üçün əllərindən gələni edirlərmiş. Mən bundan xəbərdar deyildim. Mən öz işimlə məşğul idim. Hər kəs bilir ki, mən hazırki iqtidarı, xüsusilə də dövlət başçısını, onun atası, umummilli liderimizi dəstəkləyən biriyəm. İndi dövlət başçımızın danışdığı mövzulardan danışmışam zamanında, vəssalam. O ki qaldı televiziya fəaliyyətimin bitməsinin səbəbinə, ATV kanalının o zamanki rəhbərliyi ilə biz bir işləyirdik. O rəhbərlik dəyişəndən sonra sonra yaranan situasiyada mən özümü görmədim, o situasiyanın başında olanlar da təbii ki, məni və mənim işimi görmədilər və biz ayrıldıq. Yerdə qalan mediada çıxan xəbərlər kimlərinsə şifarişi idi.  

- Belə şaiyələr yayıldı ki, hakim partiyadan olan deputat Arif Rəhimzadə haqqında səsləndirdiyiniz tənqidi fikirlərə görə veriliş bağlanıb. Həqiqətən, belə idi?

- Boş şeydir... Arif Rəhimzadə bir millət vəkili idi. Onunla polemikamız var idi. O da fikrini mediadan çatdırırdı, mən də. Bilirsiniz necədir, bir aktual mövzu olan kimi hamı IP axrasınca qaçır. IP də nə gətirə bilər? Yaranan suallara interpritasiya, improvizə, bir az da belə şaiyə qatılan izahlar.

- Turan bəy, ailəlisiniz bir oğlunuz var. Yaxın gələcəkdə yenidən ata olacaqsınız. Ailənizə, övladınıza istədiyiniz kimi vaxt ayıra bilirsiniz?

- Mənim üçün ailə hər şeydir və hər şey ailəm üçündür. O barədə heç bir problemimiz yoxdur. Demək olar ki, ən çox ailəmə vaxt ayırıram. İşim elədir ki, mənə 24 saat işdir. Bir telefon, internetə çıxışım və mənə lazım olan proqramlar varsa, mən işləyə bilirəm. Ofisdə səhərdən axşama kimi oturma məndə olmur. Təbii ki, görüşlər, səyahətlər var. Onlar da maneə törətmir.

- Ailədə nə dərəcədə demokratiksiniz?

- Mən ümumiyyətlə tam demokratik adam deyiləm. Demokratiklik bugünkü gənclərin başa düşdüyü kimi anarxiya, anarxizm, laqeydlik deyil axı. Ailədə bir ailə başçısının, atanın rolu nə olmalıdırsa, odur. Qadağa və məcburiyyətlə heç nə ola bilməz. Bunu mən özüm çox gözəl bilirəm. Nəyi nə qədər danışmaqla, başa salmaqla nail olmaq mümkündür ona çalışıram. Demokratiya "Burax hər kəs ürəyi istədiyini etsin” demək deyil axı. Uşağı başa salmaq lazımdır. Mənim oğlumun 10 yaşı var. Baxır bəzi youtuberlərə. Onu başa salıram ki, əgər youtuber olmaq istəyirsənsə, gələcəkdə ciddi bir işlə məşğul olmaqda sənə mane olacaq. Yəni izah edirəm və izah etmək məcburiyyətindəyəm. Onun fikirlərini dəyişməyə nə qədər nail oluram sonrakı addımları göstərir. Nail ola bilmirəmsə, zamana buraxıram. Deyirəm yəqin özü birazdan başa düşəcək. Görürsən ki, özü sonradan gəlib deyir ki, düz deyirdin. Xanımımla da elə. Onun ailədə rolu nə olmalıdırsa, odur. Ondan o yanası yoxdur. 

- Yenidən qayıdaq mediaya. Tənqidçilər tərəfindən bır sıra jurnalistlər haqqında belə bir ifadə işlədilir: "icazəli cəsarət sahibi”. Var sizcə, belə jurnalistlər?

- Kimdir onlar? Bizdə müəyyən təbəqə insanlar var ki, hökumətlə patoloji ziddiyyətdədirlər. Onlar hər şeyi qara görməyə meyllidirlər. Öz istəkləri, öz seçimləridir. Özləri bilərlər. Onlara onsuz da əks arqumentlərlə qarşı çıxanlar yetərincə çoxdur və əgər onlar 5 nəfərdirsə,onların qabağında 500 dənə əks fikirli təbliğatçılar var və balans qorunur. Görürsünüz, 5 nəfərə 500 nəfər. Hansının təsir imkanı böyükdür onu da etiraf edirəm. 5 nəfər daha geniş təsir imkanlarına malikdir. 500 də onların qarşısında duranlar var və balans qorunur. Amma həmin 5 nəfər xarakterik keyfiyyətləri, şəxsi imkanları ilə bir yolu özü üçün müəyyənləşdirən şəxsləri də qaralayırlar. Dediyiniz ifadələri işlədərək. Düşünürəm ki, yanlış ifadədir, yanlış yanaşmadır. 

Aytən Zaman