15:36, 31 İyul 2020 (Cümə) 562

Türkiyəli hərbçilər Ermənistan ərazisinə buraxılmayacaq

Türkiyəli hərbçilər Ermənistan ərazisinə buraxılmayacaq
Ermənistan öz ərazisində türkiyəli hərbçilərin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQM) və Vyana konvensiyası çərçivəsində təftiş missiyalarında iştirakını dayandırıb. Ermənistan XİN-in məlumatına görə, bu haqda ölkənin ATƏT-dəki missiyası iyulun 29-da nota yayıb.

Notada qeyd olunur ki, bu qərar AASQM və Vyana Konvensiyasının prinsipləri əsasında qəbul olunub, ölkənin təhlükəsizlik maraqlarına uyğundur.

"Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlarını açıq dəstəkləyən, xüsusilə iyulun 12-dən görünməmiş təhdidlərlə çıxış edən Türkiyənin Ermənistan ərazisinə istənilən təftiş ziyarəti bu ölkənin və əhalisinin təhlükəsizlik maraqlarına mənfi təsir göstərəcək.

Ermənistan AASQM və Vyana konvensiyasına sadiqliyini bir daha vurğulayaraq qeyd edir ki, yalnız Türkiyənin missiyaları, yaxud Ermənistan ərazisində dəvətli təftiş səfərlərində türkiyəli hərbçilərin iştirakı dayandırılıb”, – Ermənistan XİN-in bəyanatında vurğulanır.

Bu il iyulun 12-14-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər gedib. Azərbaycan tərəfi biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. Tərəflər baş verənlərə görə bir-birini günahlandırıblar.

Ermənistan və Azərbaycan sərhədində baş verənlərə Türkiyənin siyasi, diplomatik və hərbi dairələri kəskin münasibət ifadə ediblər. "Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik, hər zaman Azərbaycanın yanındayıq", – Türkiyə Prezidenti R.T.Ərdoğan həmin günlərdə bəyan etmişdi.
 
azadliq.org