11:21, 19 Sentyabr 2020 (Şənbə) 177

Valideyn distant təhsil haqda: “Güc daha çox valideynin üstünə düşür”

Valideyn distant təhsil haqda: “Güc daha çox valideynin üstünə düşür”
Sentyabrın 15-dən Azərbaycanda dərs ili başlayıb. İndilik tədrisin qarışıq formada - əyani və distant (məsafədən) formada keçirilməsi nəzərdə tutulub. 

Hüquqşünas Ələsgər Məmmədli  bildirir ki,  "Təhsil haqqında qanun"da  distant təhsil də nəzərdə tutulub. Onun sözlərinə görə, qanunun 13.3-cü  maddəsində deyilir ki, zəruri hallarda  müasir tətbiq texnologiyalarından istifadə etməklə digər təhsil alma formaları da tətbiq edilə bilər.
 

 
Azərbaycanda distant təhsil haqqında daha çox COVİD-19-la bağlı pandemiya dövründə danışılmağa, istifadə olunmağa başlandı. Amma təhsil işçiləri də, valideynlər də hələlik sistemin oturuşmadığını, bəzi çətinliklərin olduğunu deyirlər. 

Nə valideyn razıdır, nə də müəllim

Masazır qəsəbəsi 4 saylı tam orta məktəbin müəllimi Elvin Aslanov bildirir ki, pandemiya ilə əlaqədar təhsil müəssisələrinin onlayn təhsil sisteminə keçidi şagirdlər və təhsil işçiləri tərəfindən birmənalı qarşılanmır.

"İllərlə öyrəşdiyimiz təhsil metodundan uzaqlaşaraq onlayn təhsilə keçid biz müəllimlər üçün də çətinlik yaratdı. Bir müəllim kimi ənənəvi dərslərə daha çox üstünlük verirəm”, - söyləyən müəllim distant təhsilin yaratdığı çətinliklər haqqında danışmır.

Sumqayıt şəhər 36 saylı tam orta məktəbin valideynlərindən Validə Sadıqova qeyd edir ki, distant təhsil uşaqları  passivləşdirir, güc daha çox valideynlərin üzərinə düşür. Onun sözlərinə görə, valideyn bütün işini atıb vaxtını uşağa nəzarətlə keçirməlidir. 

"Bu dönəmdə uşaqlar dərslərindən çox gerilədilər. Dərslər "ZOOM" proqramı vasitəsilə keçirilirdi. İnternet zəif olan günlərdə bu proqrama qoşulmaq ümumiyyətlə mümkün olmurdu”.  

Valideynin daha bir şikayəti onlayn dərs zamanı uşaqların səhhətində yaranacaq problemlərlə bağlıdır: "Uşaqlar saatlarla telefon, kompüter başında otururlar. Uşaqları pandemiyadan xilas etsək də, gələcəkdə göz xəstəliklərindən xilas edə bilməyəcəyik. Bu dönəmlərdə bizlərə heç bir dövlət dəstəyi verilmədi. Təhsil millətin gələcəyidir deyirlər, ancaq belə təhsillə millətin gələcəyi olmaz”.

Ekspert: internet yüksək səviyyədə təşkil edilərsə, komputer və planşetləri olarsa... 

Təhsil eksperti Elşən Qafarovun qənaətincə distant təhsil əyani təhsilin yerini verə bilməz. Onun sözlərinə görə, pedaqoji proses öyrədən, inkişaf etdirən və tərbiyə edən xarakterə malikdir, müəllim şagird əməkdaşlığı üzərində qurulub. Ancaq o da indiki durumda distant təhsilin qaçılmaz olduğunu vurğulayır, bunun üçün bir sıra şərtlərin həyata keçirilməsini vacib sayır.
 

 
"Əgər distant təhsillə bağlı lazım olan infrastruktur qurularsa, internet yüksək səviyyədə təşkil edilərsə, istər təhsil alanların, istərsə də təhsil verənlərin komputer və planşetləri, proqram təminatı yüksək səviyyədə olarsa əlbəttə ki, nəticə yaxşı olacaq. 
Azərbaycanda hər yerində internet əlçatan deyil. Hətta internetin əlçatan yerlərində belə nə müəllimlərin, nə də şagirdlərin planşeti var, ya da qismən var. Bunlar olsa belə təhsil verənlərin İKT səviyyəsi çox aşağıdır və bu proqram təminatının lazımı səviyyədə olmamasıdır”.

"Virtual məktəb” çöküb”

E.Qafarov başqa bir məqama da diqqət çəkir. Təhsil ekspertinin söylədiyinə görə, bu ilin aprelindən Microsoft şirkəti ilə Təhsil Nazirliyi birlikdə ümumitəhsil məktəblərində "Virtual məktəb" layihəsini elan etsə də, hal-hazırda bu lahiyədə işləyə bilmirlər. 

"Bunun da səbəbi keçən 6 ay ərzində proqram təminatının yaxşılaşdırılmamasıdı. Formal olaraq qeydiyyatdan keçirilən müəllimlər, şagirdlər əvvəldə dərsdə iştirak etməyiblər. Amma indi tələb yaranıb. Keçən 6 ay ərzində istər valideynlər, istər şagirdlər, istərsə də müəllimlər Facebook, Whatsapp qruplarında bir-birini maarifləndirməklə "Virtual məktəb"ə daxil olmağı öyrəniblər. Artıq sentyabrda  dərslərin başlanması ilə bağlı Nazirlər kabinetinin 29 avqust 312 nömrəli qərarı verildikdən sonra insanlar Virtual məktəb”ə” daha çox giriş etdilər və nəticədə sistem çökdü”. 

O buna görə də tədris ili başlasa da dərs keçməyin mümkün olmadığını vurğulayır.
 
Şəmsiyyə İbişova