10:43, 20 Noyabr 2020 (Cümə) 105

“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis ediləcək

“Vətən Müharibəsi Qəhrəmanı” adı təsis ediləcək
Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı  təsis ediləcək. 

Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir.

Bu, Milli Məclisin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adının təsis edilməsi haqqında”  qanun layihəsində əksini tapan Azərbaycan Respublikasının "Vətən Müharibəsi Qəhrəmanı” adı haqqında Əsasnamədə qeyd olunub.

Əsasnaməyə görə, "Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inandlı müqavimətinə baxmayaraq düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əmədiyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.

"Vətən Müharibəsi Qəhrəmanı” müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.

"Vətən Müharibəsində qələbə münasibətilə” Azərbaycan Respublikasının hansı ordenlər və medalların təsis ediləcəyi də məlum olub. Layihəyə əsasən, "Vətən Müharibəsində qələbə münasibətilə” "Zəfər” və "Qarabağ” ordenləri  təsis olunacaq. Eyni zamanda "Vətən Müharibəsi Qəhrəmanı”, "Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə”, "Suqovuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Zəngilanın azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Ağdamın azad olunmasına görə”, "Laçının azad olunmasına görə”, "Vətən müharibəsi iştirakçısı” və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olunacaq.