İlkin Rüstəmzadə: "Həbsxanada 33 nəfər koronavirusa yoluxubsa, hər kəs yoluxub”
"13 saylı cəzaçəkmə müəssisəsində 33 nəfərin koronavirusa yoluxma xəbəri reallığı əks etdirmir. Məncə, əsl rəqəm bundan qat-qat artıqdır”.
Son günlərdə 13 saylı cəzaçəkmə müəssisəsində "COVİD-19”a yoluxma haqda danışan keçmiş məhbus, NİDA-çı fəal İlkin Rüstəmzadə Toplum TV-yə belə deyir.
Mayın 12-də yayılan rəsmi məlumata görə, həmin həbsxanada 33 məhkumda koronavirus testinin nəticələri müsbət çıxıb.
Sözügedən müəssisədə 6 illik məhbus həyatı yaşayan ictimai fəal isə bunun əksini iddia edir.
Onun sözlərinə görə, əgər həbsxanada 33 nəfər koronavirusa yoluxubsa, deməli, hər kəs yoluxub: "Məhbuslardan biri adi qripə yoluxanda, sonuncu nəfərimizə kimi hamımız yoluxurduq. O ki qaldı koronavirus ola”.
İlkin Rüstəmzadə 13 saylı CÇM-nin Azərbaycanda "ən bərbad cəzaçəkmə müəssisələrindən biri” kimi təqdim edir. Onun sözlərinə əsasən, müəssisə daxilində insanın normal yaşaması üçün heç bir şərait yoxdur. Siyasi fəal həbsxananın 320 nəfərlik olduğu halda orada 1200 nəfər saxlanılmasına diqqət çəkir: "Bir barakda 150 nəfər qalırdıq”.
Fəalın qənaətincə, müəssisədə virusun yayılmasının səbəblərindən biri əməkdaşların virusa yoluxması və bunu hiss etmədən məhbuslara yoluxdurması ola bilər.
Taleh Rüstəmov: "16-17 gündə məhbuslardan bircə dəfə analiz götürülüb”
13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Gədəbəyin keçmiş icra başçısı, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan Saleh Rüstəmovun qardaşı Tale Rüstəmov bildirir ki, bir neçə gün əvvəl onunla telefonda danışıb.
Onun sözlərinə görə, qardaşı bədənində səpkilər olduğunu söyləyib: "Dedi ki, tozun-torpağın içində qalın paltarda batırıq. Biz də geyim, dərman apardıq. Amma geri qaytardılar”.
T. Rüstəmov həbsxanada ərzaq qıtlığı yaşandığını, bəzi dustaqların imkansızlıqdan heç nə ala bilmədiyini də söyləyir: "Dünən Penitensiar Xidmətdən zəng edib dedilər ki, geyim, ərzaq və dərman gətirə bilərsiz. Bir az rahatlamışam”.
Onun iddiasına görə, yoluxanların sayı rəsmi rəqəmdən daha çoxdur: "Xəbər aldım ki, 13 saylı cəzaçəkmə müəssisəsində yoluxanların sayı 150 nəfəri keçib”.
Məhbuslardan birinin valideyni ilə əlaqə saxlayan Tale Rüstəmova onun digər qızdırmalı xəstələrin yanında saxlandığı deyilib: "16-17 gündə onlardan bircə dəfə analiz götürüb 33 nəfər aparmışdılar. Srağagün Penetensiar Xidmətin baş həkimi boynuna aldı ki, 16 nəfər də aparılıb”.
Məhbusun qardaşı sual edir: "Mənə maraqlıdır ki, bu müəssisəyə xəstəlik hardan düşüb?”
Zahid Oruc: "Bizə bu məsələylə bağlı heç bir şikayət daxil olmayıb”
Milli Məclisdə İnsan Haqları Komitəsinənin sədri, deputat Zahid Oruc isə iddia edir ki, bir neçə şəxs bu məsələyə siyasi don geyindirməyə çalışır. Onun sözlərinə görə, bu haqda verilən şərhlər cəmiyyətin baxışını iqtidar əleyhinə yönəltmək məqsədi daşıyır.
Deputat 13 saylı cəzaçəkmə müəssisəsində yoluxma hallarının artmasına münasibət bildirərkən bu məsələylə bağlı Milli Məclisə heç bir şikayət daxil olmadığını vurğulayır.
"Əgər bu müəssisələrdə kütləvi şəkildə yoluxma halları, eyni zamanda çoxsaylı müraciətlər qeydə alınsaydı, şübhəsiz ki, real tədbirlər görülərdi” – Zahid Oruc əlavə edir.
O, müəssisədə yoluxan məhbusların izolyasiya olunduğunu, müalicə müəssisələrində yerləşdirildiyini qeyd edir.
Rəsul Cəfərov: "Məsuliyyət birbaşa olaraq Penitensiar Xidmətin üzərindədir”
Keçmiş məhbus, hüquq müdafiəçisi Rəsul Cəfərov hesab edir ki, həbsxanalarda koronavirusla bağlı yaranmış duruma görə məsuliyyət birbaşa olaraq Penitensiar Xidmətin üzərindədir: "Həm ölkə qanunlarına, həm də Azərbaycanın beynəlxalq qurumlar qarşısında öhdəliklərinə görə, qapalı cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin sağlamlığından cavabdeh dövlətdir. Burada da dövləti Penitensiar Xidmət təmsil edir”.
Martın 19-da Penitensiar Xidmət açıqlama verərək vəziyyətin tam nəzarət altında olduğunu, bütün lazımi tədbirlərin görüldüyünü bildirib.
Rəsul Cəfərov isə düşünür ki, vəziyyət rəsmi qurumun dediyinin tamam əksinədir.
O, hüquq müdafiəçilərinin müstəqil mövqeli şəxslərdən ibarət komissiya yaradılması təklifini irəli sürdüklərini deyir: "Bu komissiya cəzaçəkmə müəssisələrinə gedərək vəziyyətlə yerində tanış olmalı, həm dövlət qurumlarına, həm də ictimaiyyətə son durum barədə açıq məlumat verməlidir”.
Digər təklifsə azadlığa çıxmasına az qalmış və ağır olmayan cinayətlərə görə ittiham edilmiş məhbusların vaxtından əvvəl azadlığa buraxılmasıdır. "Əgər bu təkliflər nəzərə alınmazsa, əməli addımlar atılmazsa, vəziyyət nəzarətdən çıxa bilər”, - hüquq müdafiəçisi narahatlığını ifadə edir.
Deputat Zahid Orucun dediyinə görə, mayda yeni əfv, amnistiya xarakterli siyahının hazırlanmasıyla bir sıra məhbusların azadlığa buraxılması gözlənilir.
Rəsmilər nə deyir?
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə 13 saylı cəzaçəkmə müəssiəsində koronavirusa yoluxma ilə bağlı son məlumatı çatdırmaqdan boyun qaçırıb.
O, "bu barədə məlumatları Operativ Qərargahdan öyrənə bilərsiniz” deməklə kifayətlənib.
Operativ Qərargahın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovdan son durumla bağlı məlumat almaq istəsək də, o suala cavab verməyə hazır olmadığını söyləyib və vaxt istəyib. Sonradan edilən zəng cəhdləri isə cavabsız qalıb.
Prezident İlham Əliyevin 2020-ci il 6 aprel tarixli sərəcamına əsasən, yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa buraxılıb.
Şəbnəm Adil
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.