15:57, 16 Oktyabr 2020 (Cümə) 54

XİN: "Pompeonun fikirləri ABŞ hökumətinin rəsmi bəyanatlarına uyğun deyil"

XİN:
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Maykl Pompeo oktyabrın 15-i "WSB Atlanta” televiziya kanalında Dağlıq Qarabağ münaqişəsinə toxunub.

Pompeo "Erik Erikson Şou" verilişində deyib: "Vaşinqton ümid edir ki, ermənilər Dağlıq Qarabağda özlərini müdafiə edə biləcəklər".

Azərbaycanın Xarici İşlər Nazirliyi Pompeonun fikirlərinə reaksiya verib.

Azərbaycan tərəfi hesab edir ki, Dövlət katibinin fikirləri ABŞ hökuməti tərəfindən münaqişə ilə bağlı bundan öncə verilmiş çoxsaylı rəsmi bəyanatlara uyğun gəlmir. 

"Bu fikirlər, həmçinin ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi statusuna da uyğun gəlmir", - XİN bəyan edib. 

Pompeo açıqlamasında qeyd edib ki, münaqişə dinc şəkildə və üçüncü tərəfin iştirakı olmadan həll edilməlidir. 

"Türkiyə Azərbaycana resurs köməyi etməklə münaqişəyə müdaxilə edib və Qarabağdakı toqquşmaların kəskinliyini artırıb. Biz ümid edirik ki, bütün tərəflər danışıqlar masasına oturmaqla bu çətin məsələni yoluna qoymağa çalışacaqlar", - Pompeo belə deyib.