17:37, 18 Oktyabr 2020 (Bazar) 87

Xızıya S-300 raket qalıqları düşüb

Xızıya S-300 raket qalıqları düşüb
Oktyabrın 18-də saat 13.00 radələrində Xızı rayonu ərazisinə S-300 raketinin qalıqları düşüb. 

Bunu brifinqdə ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov bildirib. Onun sözlərinə görə, raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub və qalıqları Sitalçay ərazisində aşkarlanıb.

İ. İsmayılov deyib ki, hazırda raketin hissələri götürülür.

Ermənistan tərəf bundan öncə - oktyabrın 4-də  Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atmışdı. 

Eyni zamanda cəbhə xəttində uzaqda yerləşən Gəncə və Mingəçevir də bir neçə dəfə raket zərbəsinə məruz qalıb. Gəncədə 20-dən artıq mülki vətəndaş həlak olub, onlarla şəxs yaralanıb. 

Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.

Döyüşlər nəticəsində Azərbaycan ordusunun Cəbrayıl və Füzuli şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 

Oktyabrın 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında yenidən humanitar atəşkəs razılaşması imzalanıb.