21:27, 24 İyun 2020 (Çərşənbə) 1269

Xoşbulaqda xoş olmayan mənzərə - REPORTAJ

Xoşbulaqda xoş olmayan mənzərə - REPORTAJ
Yerli əhali Daşkəsəndəki antisanitar vəziyyətdən narazılıq edir.

Kiçik Qafqazın ən hündür zirvələrindən birinin yerləşdiyi Qoşqar dağının ətəyində bir kənd var: Xoşbulaq kəndi. Daşkəsən rayonunun ərazi vahidinə daxil olan bu kəndin antisanitar vəziyyəti əhalini narahat edir.

Bu barədə Toplum.Tv-yə rayon sakinləri danışıblar. 

Onlar deyiblər ki, Daşkəsən dağları uzun illər yaylaq yeri kimi istifadə edilib.

Cənubi Qafqazın ən gözəl yaylaqlarından biri Daşkəsəndə, xüsusilə Xoşbulaqdadır. 

Statistik məlumatlara görə, yaylağa, yay mövsümü ərzində 12 minə yaxın yerli və xarici turist üz tutur.

Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Xoşbulaq yaylasına cəlb edir. Lakin hazırki vəziyyət insanlar və digər canlılar  üçün həyati təhlükə yaradır.
 


Şəkillərdə gördüyünüz yer hər hansı zibilxana deyil, bura Azərbaycanın turizm yerlərindən olan Xoşbulaq yaylasıdır. Burada tarixi abidələr var və  istirahət mərkəzləri fəaliyyət göstərir. 

Yerli sakinlərdən biri bildirir ki, zibillikdən və üfunət qoxusundan yaylağa gəlmək mümkün deyil: "Problem bununla da bitmir. Qoşqarçaya atılan tullantılar təhlükə mənbəyinə çevrilib. Çaya atılan zibillər Kür çayına axıdılır. Qoşqarçaydan istifadə edən Daşkəsən əhalisi, onların heyvanları və çayda olan canlıları üçün də təhlükə mənbəyinə çevrilib. Sahili zibilxanaya çevrilməmişdən öncə çayda adı qırmızı kitaba düşmüş farel balığına rast gəlinirdi. İndi o da yoxdu. Eləcə də, çay sahilində yaranmış arzuolunmaz vəziyyət yaylaqda otarılan mal-qara üçün çətinliklər yaradıb".
 


Hər il istirahət üçün xoşbulağa üz tutan Kübra Ələkbərova da yaranmış vəziyyətdən şikayətçidir. 

O deyir ki, Xoşbulaq kəndi yay aylarında turistləri ən çox cəlb edən məkanlardandır: "Artıq neçə ildir ki, hər il bura istirahətə gəlirik. İldən-ilə isə kəndin infrastrukturu pisləşir. İnkişafdan ümumiyyətlə söhbət gedə bilməz. Gün ərzində bir neçə dəfə verilən çox zəif işıqlar söndürülür. Kənd tam qazlaşdırılmayıb, kəndin daxili yolları bərbad vəziyyətdədir. İçməli su problemi heç kimi narahat etmir. Bu azmış kimi məişət tullantılarının yığılması üçün heç bir iş görülmür. Kəndin hər yerindən zibil qutuları yığışdırılıb, zibili atmağa yerlər yoxdur. Biz Gəncəyə qayıdanda yolda zibil qabı olmadığı üçün zibili özümüzlə gətirməli olduq. Maraqlıdır yerli özünüidarəetmə orqanları nə ilə məşğuldurlar?!"
 


Yerli sakinlər də bu məsələ ilə bağlı narazı olduqlarını bildirdilər. Dəfələrlə yerli icra orqanlarına müraciət etdiklərini, amma şikayətlərinə baxılmadığını dedilər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
 


Təhminə Əli