Hazırda regionlarda fəaliyyət göstərən 79 yerli icra hakimiyyəti orqanı var.
Bu qurumların əksəriyyəti vətəndaşlara 39 sayda, bir qismi isə 15- 25 sayda dövlət xidməti təklif edir. Şəffaflıq və informasiya açıqlığı, ictimai nəzarətlə bağlı Prezidentin son çıxışlarında irəli sürülən tələblərlə yerli icra qurumların rəsmi saytlarının vəziyyəti ziddiyyət təşkil edir.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bu xidmətlərin 99 faizinin indiyədək elektronlaşmadığını deyir: "Vətəndaşlar məcburdur ki, bu xidmətləri oflayn olaraq, müxtəlif yerli qurumlardan alsınlar”.
Onun sözlərinə görə, ASAN-nın son monitorinqində Bakı şəhərinin yerli icra qurumlarının əksəriyyəti xidmətlərin keyfiyyətinə görə 5 ulduz qiymətləndirmədə cəmi 1 ulduz qazanıb.
Ekspert bildirir ki, rayon icra hakimiyyəti orqanlarının öz xidmətlərini necə elektronlaşdırdığına dair hər hansı bir konseptual sənəd yoxdur. Həmçinin o, problemin qaynağını vahid regional e-gov portalı olmamasında görür: "İndi regionlara yeni başçı təyin olunanlar əgər arzulasalar ki, xidmətlərini elektrona keçirsinlər, məcburdurlar, bunu özfəaliyyət qaydasında etsinlər. Belə olan halda isə 10 il bundan öncə mərkəzi icra orqanlarının e-gov istiqamətdə atdığı addımlardan sonra yaranmış vəziyyətlə üzləşəcəyik. Düşünürəm ki, bütün yerli qurumların vahid regional e-gov mərkəzinin formalaşdırılması, eləcə də regional e-govla bağlı vahid bir konseptual sənəd hazırlanması doğru olardı”.
O.Gündüzə görə, paralel olaraq bu xidmətlərdən effektiv istifadə üçün, vətəndaşların da rəqəmsal bacarıqlarının artırılması üçün tədbirlər hazırlanmalıdır: "Pandemiya ilə əlaqəli xüsusi karantin rejimi göstərdi ki, bizdə bu sahədə ciddi problemlər var”.
Onun fikrincə, bütün xidmətlər təkrar olduğundan, ASAN xidmət cəmi 39 xidmətin reqlamenti və rəqəmsallaşmasını hazırlasa, qısa müddətdə regionların rəqəmsal inkişafında böyük uğur əldə edilə bilər.
"Həmçinin Prezident Administrasiyası (PA) yerli icra qurumlarının rəsmi saytlarına nəzər salmalıdır. PA yerli qurumlara bu istiqamətdə metodiki- informasiya dəstəyi göstərməli, lazım gələrsə, bu iş üçün xüsusi menecerlər ayırmalıdır”, - deyə ekspert bildirir.
Öncədən bilinməlidir ki, onlar hansı sənədləri dərhal sayta qoyacaqlar və hansıları açıqlayacaqlar.
Ekspert yerli icralarda normal rəqəmsal mühit formalaşdırmaq üçün əlavə imkanlar və resurslar ayrılmalı olduğunu vurğulayır. Onun sözlərinə görə, rəqəmsallaşma, yerli xidmətlərin elektronlaşması, informasiya açıqlığı və şəffaflıq yerli icra qurumlarında korrupsiya risklərinin azalmasında və korrupsiyaya qarşı mübarizədə mühüm rol oynaya bilər.
Roza Məmmədova
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.