17:20, 07 İyul 2020 (Çərşənbə axşamı) 420

"Zaminbank"ın sabiq rəhbərinə qarşı ittiham

Müşahidə Şurasının sabiq sədri kredit vəsaitini mənimsəməkdə günahlandırılır

"Zaminbank” ASC-nin sabiq vəzifəli şəxsi Nadir İsmayılovun özgə əmlakını ələ keçirdiyi bildirilir.

Baş Prokurorluğun məlumatında onun 16 milyon manatdan artıq kredit vəsaitini mənimsədiyi deyilir.

Bildirilir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə bəzi faktlar göndərilib: "Araşdırma nəticəsində məlum olub ki, "Zaminbank” ASC-nin Müşahidə Şurasının sabiq sədri Nadir İsmayılov fiziki və hüquqi şəxslərin adına ayrılmış 16 milyon manatdan artıq kredit vəsaitini mənimsəyib. O, bunu bankın digər vəzifəli əməkdaşlarının köməyilə edib”.

Prokurorluq bildirir ki, istintaqla, həmçinin, Nadir İsmayılovun saxta sənəddən istifadə etdiyi məlum olub. Onun bu sənədlə bankın Bakı filialının müdiri vəzifəsində işləmiş Elşən Nizami oğlu Şirinova məxsus 145 min manat məbləğində pul vəsaitini ələ keçirdiyi bildirilir:

"Ona da külli miqdarda ziyan vurub. Təkrarən dələduzluq edib. Bütün bunlara görə Nadir İsmayılova Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 179.3.2 (külli miqdarda mənimsəmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunub. Barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib”.

Prokurorluq əlavə edib ki, bütün bu qanunsuz əməllər nəticəsində dövlətə və vətəndaşlara vurulan ziyanın ödənilməsini təmin etmək üçün Nadir İsmayılovun əmlaklarının aşkar edilməsinə başlanıb: "Cinayətdə iştirak etmiş digər şəxslər də axtarışa verilib”.
Sonda prokurorluq bildirir ki, bu günədək "Zaminbank” ASC-nin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə əlaqədar Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 11 şəxs barəsində 7 cinayət işi üzrə istintaq aparılıb. Bununla da 18 milyon manatdan artıq ziyanın ödənilməsi təmin edilib:

"Həmin cinayət işləri müxtəlif vaxtlarda baxılması üçün məhkəmələrə göndərilib. Təqsirli bilinən şəxslər müxtəlif cəzalara məhkum ediliblər”.

Nadir İsmayılovun özü və ya vəkili vasitəsilə mətbuata bununla bağlı hər hansı açıqlama verilməyib.
 
meydan.tv