Müsahibə

Zərdüşt Əlizadə: “Bəlkə, Çingiz Mustafayev də biznesmen jurnalistə çevriləcəkdi”

26 Avqust, 2020
2341
"Daş yuxular”ın nəşrinə qoyulan qadağa Konistutusiyasının kobud pozulmasıdır”

Siyasi icmalçı, "İkinci Respublikanın sonu” kitabının müəllifi Zərdüşt Əlizadə Toplum TV-nin suallarını cavablandırıb. 

- "İkinci Respublikanın sonu” kitabı iki dildə çap olunub. Sizcə, hansı dildə kitaba maraq çox oldu?

- Birinci kitab 2006 –ci ildə Moskvada çıxdı. Rasim Ağayev birinci müəllifdir, ikinci müəllif mən. Kitab belə adlanırdı: "Azərbaycan - ikinci Respublikanın sonu (Конец второй республики ) 1988 –1993”. 1000 nüsxə çıxdı, ondan yalnız 200 nüsxə  Azərbaycana göndərildi. 20 nüsxə mən yenə aldım, payladım. O zaman balaca  kitab ticarəti şirkəti vardı, Akademiyanın (Azərbaycan Milli Elmlər Akademiyasının –red.) elmi işçilərindən Ağayeva adlı bir alimə məxsus idi, ondan xahiş elədim, zəhmət olmasa, sat 100 nüsxəni. Bir ilə də sata bilmədi. Onda böyük bir siyahı var idi, Azərbaycanın tanınmış ziyalılarına, ictimai siyasi xadimlərə, hamısına zəng elədi ki, Moskvada Azərbaycanın müasir tarixinə aid kitab çıxıb, almaq istəməzsiz? Soruşurdular ki, müəllif kimdir? Siyasi xadimlərdən biri soruşub ki, müəllifi kimdir? Deyəndə Rasim Ağayevlə Zərdüşt Əlizadədir, cavab verib ki, yox, yox, onlar Mütəllibovun adamıdır, biz onların kitablarını oxumarıq... Amma hər halda, kitab yavaş-yavaş yayılmağa başladı, 1 ilə nəhayət bu 100 nüsxə kitab satılıb qurtardı. Ondan sonra mən yavaş-yavaş bu kitabın Azərbaycan variantını işləməyə başladım, ora əlavələr elədim, geşinləndirdim. Yəni rus oxucu üçün maraqlı olmayan bizim siyasi xadimlərimizin portretlərini, bəzi gülməli əhvalatları, cəbhə tarixiylə bağlı maraqlı əhvalatları daxil etdim. Bir gün məktəbimizdə siyasi məhbuslarla bağlı bir tədbir vardı, Arif  Hacılı (Müsavat partiyasının indiki başqanı – red.) gəlmişdi. O yaxınlaşdı mənə, dedi ki, eşitmişəm sən bizə qarşı kitab yazmısan? Dedim: "Xeyr, mən sizə qarşı kitab yazmamışam. Mən Azərbaycan tarixi haqqında kitab yazmışam. Obyektiv tarix sizə qarşıdırsa, o sizin işinizdir. Mən olduğu kimi yazmışam”. Dedi ki, o kitabdan mənə birini ver. Soruşdum ki, nə qədər vaxt lazımdır oxumağa? Cavab verdi ki, bir ay. Kitabı verdim ona, bir aydan sonra qaytarmasını xahiş etdim, kitab az qalıb məndə, bir-iki dənə. Onu da oğlanlarıma verəcəm ki, məndən sonra qalsın. Bir aydan sonra zəng elədim ona ki,  bəs nə oldu kitab? Dedi ki, vermişəm başqan oxusun. Başqan da İsa Qəmbərdir. Dedim ki, ona da yəqin bir ay vaxt lazımdır, bir ay sonra gözləyirəm kitabı. Bir aydan sonra zəng elədim ki, bəs kitab nə oldu? Cavab verdi ki, başqan hələ oxuyur. Dedim: "Bir aya kitabı oxumaq mümkündür də, xahiş edirəm kitabı qaytar. Əgər qaytarmasan mətbuata açıqlama verəcəm ki, sən kitab oğrususan. Mənim kitabımı oğurlamısan”. Nəsə, göndərdi kitabı. 

- Amma demədiniz kitaba reaksiyalar necə oldu?

- Radioların birində 20 yanvarla bağlı nəsə veriliş idi, məni də dəvət etmişdilər. Tərəf müqabili kimi İsa Qəmbər gəlmişdi, əlində bir kitab gətirmişdi, Aydın Balayev adlı tarixçi, elmlər doktorunun kitabı idi. Sən demə, o da AXC tarixi haqqında yazıb. Kitabı göstərib mənə dedi ki, əsl həqiqət bax bu kitabdadır, sənin kitabında deyil. Mən də soruşdum ki, bəs o Aydın Balayev mən təsvir elədiyim hadisələr zamanı harda idi? Cavab verdi ki, Akademiyada işləyirdi. Dedim ki, mənsə bu hadisələrin mərkəzində idim. Mən o hadisələri yaradan, hadisəni idarə edən adam idim. Bu qaynar nöqtədə, episentrində idim, Aydın Balayev kiminsə rəvayəti əsasında o kitabı yazıb. Mən gördüklərimi yazmışam. Dedi: "Yox, sən böhtan yazmısan”. Cavab verdim ki, mənim kitabımda bir böhtan nümunəsi tapsanız adımı dəyişərəm.  Çox kəskin danışdıq. Axırda dedim ki, sizin tarixdəki rolunuz vətən xaini olmaqdır, siz Qarabağı satmısız. Dedi ki, yox sən satmısan. Cavab verdim ki, sizin cəmiyyətdə, millətçilər cəmiyyətində ən məntiqli adam sən sayılırsan, indi sən mənim bir dənə sualıma cavab ver, nə vaxtsa Qarabağ mənim olub? Dedi: "Yox”. Dedim: "Mənim olmayan Qarabağı ermənilərə satmışamsa, deməli, erməniləri aldatmışam, eşq olsun mənə! Amma belə olmayıb. Qarabağ sizin olub, sizdən sonrakı adamların olub, sizdən əvvəlki adamların olub, onlar Qarabağı satıblar”. Çox kəskin danışdıq, o vaxtdan danışmırıq. Bu kitaba münasibətin parlaq nümunəsidir ki, haqqında yazdığım qəhrəmanlardan biri onu böhtan sayır. 

- Kitabın Azərbaycanda nəşrində problem olmadı?

- İki naşirə müraciət elədim. İki naşiri də azadfikirli insan sayıram. Kitabı oxuyub dedilər ki, biz bu kitabı  məmnuniyyətlə oxuduq,  çox maraqlıdır, ancaq onu çap eləsək bizim biznesimizi məhv edərlər, hökümət bizim nəşriyyatımızı partladar. Dedim ki, anlayıram, mənim cəsarətim çatıb yazmışam, sizin cəsarətiniz çatmır çap etməyə. Kitabı Gürcüstanda çap etdirdim. Onu yaxın dostlarıma, məsləkdaşlarıma bağışlamışam, ən yaxın can-ciyərlərimə vermişəm, qalanlara demişəm ki, kitabı alın. Azərbaycanda pul çox şirin şeydir, pul versələr, pul batmasın deyə kitabı oxuyacaqlar. Ona görə ən yaxın dostlarıma demişəm ki, zəhmət çəkin, 20 manata alın. 

- Ölkənin tarixi haqqında başqa dillərdə yazılmış kitablar Azərbaycan dilinə tərcümə olunmalıdırmı?

- Errmənilər öz yanlış, qondarma, saxta tarixlərini yaxşı bilirlər, bizsə həqiqi tariximizi bilmirik. Bizimkilər tarix sahəsində çox naşıdırlar. Mən hesab edirəm ki, xalqımız nəinki tarix, bütün sahələrdə savadlanmalıdır. Buna görə Azərbaycan tarixiylə bağlı xaricdə nə kitab çıxıbsa, müxtəlif dillərdə -  ingilis, fransız, alman dilində onları gərək tərcümə etsinlər, Azərbaycan oxucularına münasib qiymətə satsınlar, bunu hökumət maliyyələşdirməlidir. Mən misal gedirəm Libraff kitab mağazasına, baxıram bir rəfdə Qarabağ haqqında kitablar var 25-30- 40 manata. Qarabağın azadlığı üçün guya milli ordunun saxlanmasına 2-3 milyard dollar xərcləyirsən, amma öz xalqının tarixini, Qarabağ haqqında kitabı təqribən 25-30-40 manata satırsan. Bu nə deməkdir? Sən əlbəttə, xalqa  bu kitabı 5-10 manata satmalıydın ki, alıb oxuya bilsin. Azərbaycanda kitab oxuyanın maddi durumu yüksək deyil. 

- Əkrəm Əylislinin "Daş Yuxular” kitabının Azərbaycan dilinə tərcümə olunmamasına münasibətiniz necədir? 

- Mən o əsəri rus dilində, Əkrəm müəllimin təşəbbüsü ilə əlyazmanı oxumuşam. Məmmuniyyətlə oxumuşam. Ümumiyyətlə, Əkrəm Əylisli sevdiyim yazıçıdır. Gəncliyimdən onu oxuyuram. Bəzi əsərləri indi də beynimdə dərin həkk olunub. "Daş yuxular” əsərini də məmmuniyyətlə oxudum, yazıçı mövqeyidir. Mən oxucu kimi baxdım, onun mövqeyinə münasibət bildirmək haqqım var, necə ki, o yazıçı kimi öz mövqeyini dünyaya, tarixi hadisələrə, vəziyyətə, xalqına, insanlara öz əsəriylə bəyan edir. Kitab yaxşı kitabdır, səmimi kitabdır, amma tarix baxımından, təhrif olunub, yanlışdır. Çünki, orda elə şeylər var ki, mən onlarla barışa, razılaşa bilmərəm. Birincisi, münaqişəni başlayan, təhrikçi qüvvələr haqqında kitabda heç bir şey yoxdur. İkincisi, orada erməni kilsəsini müqəddəs bir şey kimi təqdim edib, halbuki o,  imperalist dövlətlərin bir nömrəli casusudur və xalqların başına gələn müsibətlərdə erməni kilsəsinin günahı var. Məhz maddi maraqlar naminə erməni kilsəsi erməni xalqını ayağa verir, onun alət rolunda istifadəsinə xeyir-dua verir və bunu dərk eləmir bizim hörmətli ədibimiz. Bunu mən tarixçi alim kimi bilirəm. Amma Əkrəm Əylisli bunu dərk eləmir. "Daş yuxular”ın Azərbaycan dilinə tərcüməsinə, nəşrinə qoyulan qadağa isə Azərbaycan Respublikasının Konistutusiyasının kobud pozulmasıdır, insan hüququnun kobud pozulmasıdır.

- Həmin tarixlə bağlı yazılmış hansı kitabları etibarlı mənbə hesab edirsiz. Misal üçün Aslan İsmayılovun "Sumqayıt hadisələri” kitabını necə qiymətləndirirsiniz?

- Aslan müəllimin kitabın oxumuşam. Aslan bəy də mənim kitabımı oxuyub. Mənim kitabımı dəyərli mənbə sayır. Mən də təbii ki, onun kitabını dəyərli mənbə sayıram, Sumqayıt cinayətini araşdırıb, məhkəmədə dövlət ittihamçısı olub, onun əlində bütün cinayət, istintaq materialları olub, mənbələrə söykənib. Mən də mənbəyə söykənmişəm. Mənbə də özümdən ibarətdir, çünki, məndən başqa mənbə yoxdur. Azərbaycan Xalq Cəbhəsini yaradılmasına ilkin mən başlatmışam, ilkin sənədlərin mən yazmışam, ilkin kəşfiyyat işlərini mən aparmışam. O zaman nə Əbülfəz olub, nə İsa, nə də Pənah. İndi özlərini Xalq Cəbhəsinin banisi hesab edirlər. Onu mən eləmişəm. Sonradan hakimiyyətə can atmayan mən idim. Biliyimi, əqlimi xalqın xidmətinə vermək istəmişəm, mən orada idarə heyətinin üzvü olmuşam. Amma dələduzluqla, fırıldaqla gəlib Cəbhənin sədrinə çevrilmiş Əbülfəz Əliyev, saxta, nizamnaməni ayaqlar altına atan, mafiya tapşırığını yerinə yetirən adamlar məğlubiyyətə səbəb olublar, son nəticədə biz Qarabağı itirmişik, azadlığı itirmişik. Mən bunu yazmışam. Eşitdiyimə görə, kimsə "Azadlıq” qəzetinin materialları əsasında AXC hərəkatı haqqında bir namizədlik dissertasiyası yazıb, amma məni o kitab maraqlandırmır, çünki, "Azadlıq” həmin o fırıldaqçı dəstənin mətbuat orqanıdır. 

- Jurnalist Çingiz Mustafayev haqqında nə düşünürsünüz. Ona kitabda yer vermisiniz?

- Çingiz Mustafayevə kitabda demək olar ki, yer verməmişəm, yalnız Xocalıyla bağlı onun adı çəkilə bilər kitabda. Amma Çingiz Mustafayevi şəxsən yaxşı tanıyırdım. İstedadlı telejurnalist idi. Təbii ki, o, jurnalistika tariximizə çəkdiyi sujetlərlə düşüb. Siyasi prosesləri, hərbi səhnələri çəkib, Xocalını çəkib, təkcə o yox, orda başqaları da olub, adları o qədər də geniş bilinməyən hərbi operatorlar olub ki, onlar Xocalıdan sujetlər  çəkiblər, döyüş səhnələri çəkiblər. O, məşhur kadrı – ordumuz Laçından mələyə-mələyə, dovşan kimi qaçanda onu çəkib. Bir də vaxtilə Çingiz Mustafayevə hörmət əlaməti olaraq mükafat da təsis eləmişdik, o zaman imkanlarımız da çox məhdud idi. Deyəsən, 200 dollar idi, o zaman bəlkə böyük pul idi. Həmin mükafatı o cümlədən ANS- ə vermişik. Dəyərli jurnalist idi, istedadlı adam idi. Mən bilmirəm sağ qalsaydı indi nə olardı. Mirşahin, Vahid Baxış nə qədər dəyişibsə, bəlkə, o da dəyişərdi? Bilmirəm.Vaxtilə Mirşahin, Vahid Baxış Azərbaycanda demokratik jurnalistikanın bayraqdarları idi, amma indi  biznesmenə çevriliblər. Biznesmen jurnalistlərdir. Bəlkə, Çingiz də biznesmen jurnalistə çevriləcəkdi. Amma elə oldu ki, qəflətən öldürüldü və o ən romantik, xalqının həqiqətinə, jurnalist etikasına sadiq bir insan kimi jurnalistika tariximizə düşdü. Allah Rəhmət eləsin. 

- Azərbaycan dilinin siyasi oyunlarda istifadə olunduğun bildirmisiniz. Bəs dövlət tərəfindən rusdilli məktəblərin fəaliyyətinə münasibətiniz necədir? Nəzərə alsaq ki, Azərbaycanda fransız və ya ingilisdilli məktəblər özəldir.

- Kimsə Azərbaycan tarixinin son 200 ilini, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin inkişafını bilirsə, o dana bilməz ki, rusdilli Azərbaycan cəmiyyəti Azərbaycan xalqı üçün Avropa mədəniyyətinə, dünya mədəniyyətinə bir pəncərə idi. Rus dilini mükəmməl bilən, Tiflis canişininin aparatında dilmanc işləyən Mirzə Fətəli Axundzadə dünya ədəbiyyatını, fəlsəfəsini, Avropa mədəniyyətini rus dili vasitəsilə əxz etdiyinə, həm fars, həm ərəb, həm də türk dilini bildiyinə görə XIX əsrdə ən dahi ziyalımız olub, Azərbaycanı işıqlı gələcəyə çağıran bir ziyalımız olub. Təbii ki, bizim Avropa tipli mədəniyyətimizin, ədəbiyyatımızın banisi olub. İlk Avropa tipli pyesləri o yazdı, Avropa tipli povestləri o yazdı. Şərqdə intibaha əsasını qoydu. Nəyin sayəsində? Rus dilini bilməyinin sayəsində. Həsən bəy Zərdabi - bizim mətbuatımızın banisi o harda oxumuşdu, hansı dildə oxumuşdu? Üzeyir bəy -bizim klassik musiqimizin dahi banisi, şərqdə ilk operanın banisi, o nəyin sayəsində bu cür yüksək sənətkarlıq zirvəsinə çatmışdı? Rus dili sayəsində. Bütün mühəndislərimiz, alimlərimiz, həkimlərimiz hamısı rus dili vasitəsilə dünya mədəniyyətinə və dünya elminə gəlib çatmışdılar və biz rus imperiyasının, sonra isə rusdilli sovet imperiyasının tərkib hissəsi olaraq gəlib hara çatmışdıq?! SSRİ futbolunda ortabab bir klub olan "Neftçi” təlim üçün Türkiyəyə gedirdi, "Fənərbahçə”ni, "Qalatasaray”ı udub qayıdırdı. Nəyə görə? Çünki biz dünyanın ikinci qüdrətli dövlətinin tərkibində idik. Dünya elmi, mədəniyyəti, dünya səviyyəli texnologiyalar bizim əlimizdə idi. SSRİ hakim zümrənin xəyanəti nəticəsində dağıldı, o cümlədən də Azərbaycan hakimiyyətinin xəyanəti nəticəsində. Rusiyanı sevmirik ona görə ki, bizim siyasi rəhbərlərin xəyanətindən, cəhalətindən istifadə edib, bizi Ermənistanla vuruşdurub, Qarabağı bizim əlimizlə götürüb ermənilərə verib. Yaxşı, burda rus dilinin, rus mədəniyyətinin, rus ədəbiyyatının, rus elminin nə günahı var? Biz indiki halda ondan imtina edib deyirik ki,  rədd olsun rus dili, rus mədəniyyəti, rus elmi, bəs onun yerinə bizim ingilis dilli hansısa ədəbiyyatımız varmı? Rus dilində yazan Rustəm və Maqsud İbrahimbəyovlar var, Çingiz Hüseynovumuz var, böyük klassikimizdir, amma ingilis dilində yazan bir dənə yazıçımız var? Xalqın əksəriyyəti ingilis dilini bu cür sərbəst bilirmi ki, ingilis dilindən istifadə edib dünya mədəniyyətinə, dünya ədəbiyyatına yiyələnsin? Yox. Amma bəziləri, qışqırır ki, rədd olsun rus dili. Onda, yaşasın cəhalət, yaşasın gerilik, yaşasın əyalətçilik! Bunu deyin də və yaşasın qanmaz adamların hakimiyyətə dırmaşmaq imkanlarının genişlənməsi. Dildən sui-istifadə edib, vətənşüvənlik edən adamların bildikləri də, xalqın cahil hissəsinin sarı simini oynatmaqdır. Mən kitabımda buna gətirmişəm də, 1988-ci ildə 18 günlük mitinqin əsas məqsədi köhnə nomenklaturanı saxlayıb Vəzirovu aşırmaq idi. SSRİ miqyasında demokratikləşmə planları getdiyi zamanda, sovet Konstitusiyasına əlavə və dəyişikliklər olduğu zamanda, xalqımızın orda konsititusion hüquqları tapdalandığı bir zamanda bizim kiçik bir AXC təşəbbüs qrupu demokratik tələblər qoyduğu zamanda cammata nə qışqırdırdı? "Azərbaycan dili dövlət dili olsun!” 1977-ci ildə qəbul olunmuş Azərbaycan Konstitusiyasında dövlət dili Azərbaycan dili idi. Amma cahil, Konstitusiyadan bixəbər xalqı qışqırdırdılar ki, Azərbaycan dili dövlət dili olsun. Bu, siyasi dələduzların dil amilindən sui-istifadəsi idi. 

- Cəbhədə baş vermiş hadisələrlə əlaqədar keçirilmiş 14 iyul Qarabağ mitinqinə münasibətiniz necədir?

- Mən əminəm ki,belə mitinqləri Prezident Administrasiyasının müvafiq şöbəsi təşkil edir. Aprel döyüşləri zamanında, 2016-cı ildə İstiqlaliyyət küçəsində öz gözümlə gördüm ki, adətən şəhərin mərkəzində istənilən izdihamı qətiyyətlə dağıtmağa hazır olan polis dünyadan bixəbər, gənc, başında küləklər vıyıldayan gənclərin "Qarabağ, bizimdir” qışqırmasını sakitcə seyr edirdi. Sən Bakıda, "Qarabağ bizimdir” qışqırmaqla Qarabağ qayıdır? Ermənilər gülür bizim mitinqlərə, şüarları ələ salırlar. Qarabağı qaytarmaq ağıllı siyasətlə mümkündür. Həm diplomatiya olmalıdır, həm iqtisadiyyat olmalıdır, həm də hərbi. Bir də gördünüzmü, Prezident Administrasiyasının göstərişiylə həyata keçirilən o vətənşüvənlik mitinqində  hansısa siyasi fəallar elə bildilər ki, artıq cəzasızlıq mühiti yarandı, necə ki, Mütəllibovun vaxtında, Vəzirovun vaxtında bunlar atları çapırdı, istənilən yerdə mitinq edirdilər, istənilən yerdə dağıdırdılar, istənilən dövlət idarəsinə hücum edirdilər. İndi də hesab ediblər ki, bəli, artıq "X saatı” yetişdi, gəlib soxuldular parlamentə, başladılar sındırmağa. Hökumət onlara göstərdi ki, Mütəllibovun zamanı deyil, indi İlham Əliyevin zamanıdır və istənilən özbaşınalığa, dərəbərliyə görə cəza var. Təbii, bizim hakimiyyətimizin adətinə uyğun olaraq tükü qırxmaq lazım olanda, götürüb başı kəsirlər. Bu zaman insanları şərləyirlər də, həbs edirlər, yuxarıya qələbə raportları vermək xatirinə deyirlər ki, bəli, biz  dövlət çevrilişinin qarşısını almışıq. Heç bir dövlət çevrilişi zad yox idi, hökumətin özünün təqsiri idi.

Nuranə Atatakişiyeva 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Müsahibə

İH şöbə müdiri: Problem müharibə iştirakçılarının işsizliyidir

17 İyul 2022

Toplum TV

Qazi Elvin Cəfərovun Sabirabad rayon İcra Hakimiyyəti qarşısında özünü yandırmasından sonra Toplum TV icra başçısı Siraqəddin Cabbarova  iki  dəfə müsahibə üçün müraciət edib, ancaq başçı hər dəfə çox məşğul olduğunu bildirərək müsahibə verməyib. Suallara  Sabirabad rayon İcra Hakimiyyəti yanında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Müslüm Rzayev cavab verib. -Elvin Cəfərovdan başqa da Sabirabadda qazi intiharları olub. Sizcə niyə qazilər etiraz üçün son varianatı - intiharı seçirlər? - Özünü asan qazini nəzərdə tutursunuz yəqin. Onun da ailəsi intiharın səbəbi ilə bağlı müraciət edib, bizim rəhbərlik onları qəbul edib, dinləyib. Kim bu barədə soruşursa, öyrənmək istəyirsə,...
Müsahibə

Rasim Balayev AKİ-yə sədr seçildi

31 May 2022

açıq mənbədən götürülüb

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin ümumi yığıncağı baş tutub. Report-un xəbərinə görə, Xalq artisti Rasim Balayev ittifaqın sədri seçilib. Toplantını Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev açıb və ittifaqın sədrliyinə Rasim Balayev namizədliyinin irəli sürüldüyünü deyib. Anar Rzayev seçkinin açıq səsvermə ilə keçirilməsini təklif edib və onun təklifi qəbul olunub. Açıq səsvermə ilə Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçilib. İttifaqın əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

Seçilmiş Videolar

Toplum TV loqo