23:24, 11 İyul 2020 (Şənbə) 1553

Zərdüşt Əlizadə: “Minsk Qrupu üzərlərinə düşən vəzifəni tam şəkildə yerinə yetirib”

Zərdüşt Əlizadə: “Minsk Qrupu üzərlərinə düşən vəzifəni tam şəkildə yerinə yetirib”
"Azərbaycan beynəlxalq çərçivə içində qalacaq və bu, köməksiz  danışıqlar Qarabağ problemini həll edənə qədər davam edəcək”, – siyasi şərhçi Zərdüşt Əlizadə Toplum tv-yə açıqlamasında belə deyib. 

Onun qənaətincə, Qarabağ məsələsini həll etmək üçün diplomatik formatdan başqa bir yol yoxdur. 

Prezident İlham Əliyev iyulun 6-da verdiyi müsahibələrin birində ATƏT-in Minsk Qrupunun passivliyindən narazılığını ifadə edib. 

O qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin videokonfransının heç bir mənası yoxdur: "Bu, ancaq ATƏT-in Minsk qrupunun fəaliyyətinin imitasiyasıdır. Əgər danışıqlar predmetli olmasa, biz onlarda iştirak etməyəcəyik”. 
 
Zərdüşt Əlizadə isə hesab edir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri öz üzərlərinə düşən vəzifəni tam şəkildə yerinə yetiriblər. Onun fikrincə, Minsk Qrupu ilə işləməkdən imtina edilə bilməz. 
 

 
 
Elxan Şahinoğlu: "Prezident ATƏT-in Minsk Qrupunu sərt tənqid etməkdə haqlıdır”

"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Prezidenti tənqidlərində haqlı hesab edir. 

Politoloq Minsk Qrupunun illərdir ikili standartlar yürütdüyünü bildirir. Onun qənaətinə, məsələnin həll planını hazırlayan təşkilat onu Ermənistana qəbul etdirməkdə maraqlı deyil: "Bunların hamısı müharibəni yaxınlaşdırır”. 
 

 
Onun fikrincə, 25 ildir gedən nəticəsiz danışıqlar bir o qədər də davam etsə, heç bir nəticəsi olmayacaq.  

Elxan Şahinoğlu deyir ki, Xarici işlər naziri də Qarabağ məsələsinin həllində o qədər aktiv deyil.

"Sanki danışıqların uzanmasına özü şərait yaradır”, – o əlavə edib. 

Politoloq hazırki vəziyyətdə hökumətin ya radikal qərar verib danışıqlardan imtina etməli olduğunu, ya da danışıqlara fasilə verməyin lazım gəldiyini qeyd edir. 

Onun sözlərinə görə, birinci addım müharibə anlamına gələ bilər ki, bu da ölkəni təzyiqlərlə üz-üzə qoyar. 

İkinci addımı daha məntiqli hesab edən politoloq qeyd edir ki, Azərbaycan hökuməti danışıqlara  fasilə verməklə Ermənistana mesaj verəcək: "Mesaj o olacaq ki, Azərbaycan nəticəsiz danışıqlarda iştirak etmək istəmir. Əgər Ermənistan torpaqları boşaltmasa, Azərbaycan başqa vasitələrə əl atmalı olacaq”. 

Şəbnəm Adil