FOTO Sosial media
Avropa parlamentinin və Almaniya Azad Demokratlar Partiyasının sədr müavini Nikola Ber bildirib ki, internetdə satış üzrə dünya lideri "Alibaba" şirkətinin qurucusu Cek Manın yoxa çıxması xəbərindən narahatdırlar.
Bu barədə yanvarın 13-də "Funke" xəbər verib.
""Alibaba"nın qurucusu Cek Manın yoxa çıxması bizim hər birimizin ciddi təşviş keçirməyimiz üçün əsas olmalıdır”, - xanım Ber "Funke" media qrupuna müsahibəsində deyib.
Siyasətçi qeyd edib ki, məsələyə dair konkret təfərrüatları yalnız ehtimal etmək olar: "Bununla belə, bu, kiminsə Çin rəhbərlərini tənqid etdiyi zaman rəsmi Pekinin evdə kimin ağa olduğunu nümayiş etdirdiyini göstərən ilk hal deyil”.
"Funke"nin məlumatına görə, çinli iş adamı oktyabrın sonlarından etibarən ortalıqda yoxdur. Milyarderin yoxa çıxması ilə bağlı sosial şəbəkələrdə çoxlu şayiələr yayılıb.
Almaniyalı siyasətçi müsahibəsində AB-nin Çinə dair siyasətini də tənqid edib. Onun sözlərinə görə, Avropa Birliyi və Çin arasında bu yaxınlarda imzalanan investisiya əməkdaşlığı barədə razılaşmada insan hüquqları ilə bağlı konkret müddəa öz əksini tapmayıb.
"Avropa Birliyi indi məhz Pekinin onu görmək istədiyi yerdədir, yəni, ikili standartlar dünyasında”, - deyə Nikola Ber vurğulayıb.