Meduzo.io
Bir neçə gün əvvəl tanınmış rus rəssam Dmitri Vrubel vəfat etdi. O, tarixə Leonid Brejnevin Erix Honekkerin məşhur öpüşünün qraffitidə əks etdirməklə düşüb. Rusdilli “Meduzo.io” resursu mərhum rəssam barədə məqalə yayımlayıb. “Toplum TV” məqaləni dilimizə çevirərək təqdim edir.
“Avqustun 14-də Berlində rusiyalı rəssam Dmitri Vrubel vəfat etdi. Onun 62 yaşı vardı. Vrubelin ən məşhur əsəri Berlin divarının saxlanılan hissəsindəki “Tanrı! Bu ölümcül sevginin arasında yaşamaqda mənə kömək ol!” və ya “Qardaş öpüşü”, Sov.İKP MK Baş katibi Leonid Brejnevin və ADR-in son rəhbər Erix Honekkerin məşhur öpüşünün əks olunduğu freskadır. “Meduza”nın xahişi ilə art-tənqidçi və Vrubelin tanışı İrina Mak rəssam və onun müasir Rusiya incəsənətində yeri barədə danışır.
Dmitri Vrubel ümumdünya şöhrətini 1990-cı ildə Berlin divarındakı məşhur freskanı, jurnalist və sənətşünas Yelena Kurlyandtsevanın bu gün yarıunudulmuş “Seqodnya” qəzetində yazdığı kimi “Brejnev və Honekkerin – iki canlı meyidin” öpüşü əks olunan şəkli çəkəndən sonra tapdı. O vaxtdan “Qardaş öpüşü”nün şöhrəti birləşmiş Berlinin sərhədlərindən, incəsənətin hüdudlarından kənara çıxdı. Rəssamın media və massmarket tərəfindən paylaşılan ən məşhur əsəri soyuq müharibənin bitməsinin simvolu oldu. Bu gün isə, yeni müharibə dövründə, freskadakı müəllif mətnini xatırlamağın tam zamanıdır: “Tanrı! Bu ölümcül sevginin arasında yaşamaqda mənə kömək ol!” Vrubel bu sözlərlə Qərb və Şərqin ölümcül qarşıdurmasının qurbanlarını, Divarı aşmağa cəhd edərkən həlak olanları yada salırdı.
Qraffiti üçün əsas kiminsə Parisdən gətirdiyi, Barbara Klemmin Sov.İKP MK-nın Baş katibi və ADR-in Dövlət Şurası sədrinin dodaq-dadoğa öpüşünü çəkdiyi köhnə şəkil oldu. “Bu, iyrənc bir şey idi, - Vrubel danışırdı, - əvvəlcə az qala qusmaq tutacaqdı, amma mən yenə də, adətən olduğu kimi, incəsənətdə təsbiti mümkünsüz olanı orada təsbit etmək istəyirdim və bu iş öz-özlüyündə mənim başımda yaşamağa başladı”.
İlk eskizləri görən şair Dmitri Aleksandroviç Priqov Vrubelə deyir: “Bu işi Berlin divarında çəkmək yaxşı oalrdı”. İdeyanın ortaya çıxması ADR-də tərcüməçi işləyən Aleksandr Brodovskinin Moskvaya gəlişi ilə üst-üstə düşür. 1990-cı ilin əvvəlində kimsə onu “Kvart-Art”a, Vrubelin Kuusinen küçəsindəki mənzilində yaratdığı və 10 il, 1986-cı ildən 1996-cı ilə kimi mövcud olan qalareyaya gətirdi.
“Saşa Brodovski Berlinə apardı, əlimdən tutub Divarın yanına apardı və dedi ki, çək”, - Vrubel xatırlayırdı. Divarın Varşauerştrasse ilə yanaşı parçasında üzü şərqə doğru East Side Gallery yaranmışdı. “Qardaş öpüşü” onun ekspozisiyasının mühüm hissəsi oldu. 2009-cu ildə Divaın rekostruksiyası zamanı onu siləndə və qalmaqal qopanda Vrubel freskanı təkrar çəkdi. Onun müəllif variantlarından biri, faner üzərində çəkiləni bu gün Yeni Tretyakov ekspozisiyasını bəzəyir və bizə azadlıq bəxş edən – o zaman elə görünürdü ki, həmişəlik – xoşbəxt zamanları xatırladır.
Divardakı freska hələ tamamlanmamış məşhurlaşdı, Şərqi Almaniyanın “Neues Deutschland” qəzetində rəhbərlərin yarımçıq təsviri çəkilən foto “Bruderkuss in mauer format” (divar formatında qardaş öpüşü) şərhi ilə çıxdı.
1990-cı illərin əvvəlləri Rusiyada yeni nəsil nonkonformist rəssamların yarandığı və incəsənətin yeraltından çıxdığı dövr idi. 1960-cı ildə Moskvada doğulan Vrubel (valideynləri mühəndis idi, bir babası 1937-ci ildə həlak olub, digəri QULAQ-da işləyib) sovet bekqraundunun bütün ağla gələn ziddiyyətlərini mənimsəyib və paytaxt sənət səhnəsinin qəhrəmanlarından birinə çevrilib. Həyatda xeyirxah və səmimi olan rəssam sosial mövzulardan və kəskin intonasiyalardan qorxmurdu, 2000-ci illərdə onun bloquna minlərlə adam abunə idi. O, monumental formatı da mənimsəməyə qadir idi.
Dimanın təkbaşına, ya da arvadı və daimi həmmüəllifi Viktoriya Timodeyeva (onlar 1995-ci ildən bir yerdə yaşayır və işləyirdilər) ilə birlikdə yaratdığı layihələrin çoxu başlanğıcını 1990-cı illərin əvvəlindən götürür. Nəhəng “İncil layihəsi”nin ilk eskizləri 1993-cü ildə yaradılıb və Marat Gelmanın qalareyasında göstərilib. Layihə 2008-ci ildə Mərkəzi Rəssam Evində qismən, daha sonra isə tam şəkildə - 50-dən çox iş – Permdə nümayiş olunub.
Burada Bibliyadan hər sitata sənədli fotoqrafiya əsasında yaradılan monumental rəsm uyğun gəlir. “tamamilə əsaslı fikirdi, axı “İncil” sözü müasir dildə “yaxşı xəbər” deməkdir”, - sənətşünas Boris Qroys layihəni belə şərh edir.
Yaxşı olması sualdır. Amma istənilən halda xəbərdir, bunun özü isə inananlara nikbinlik bəxş edir. Xəbərlərdən aktual, Müqəddəs Yazıların Rusiya materiallarından hazırlanan illüstrasiyaları əmələ gəlir və istənilən şəxs – qara paltarlı üzübağlı qadınlar, topa zərbə endirən məqamda idmançı, üzündən zəhrimar tökülən formalı adam – bu “rulona bükmək mümkün olan müasir freskalar”ın (müəlliflərin ifadəsi) personajı ola bilərlər. Onlar janrını isə “media monimentalizmi” adlandırırdılar.
2010-cu ildə tamamilə Berlinə köçən Dima Vrubel Vika Timofeyeva ilə birlikdə Prentslauerberq rayonunda “BruderKunst” açıq emalatxanasını yaratdı. Üçlükdə, oğulları Artemi ilə birlikdə virtual muzey barədə arzularını həyata keçirirdilər, bu muzey VR-eynəklərlə dünyanın əsas qalereyalarını gəzmək imkanı verəcəkdi. Dima bu mövzuda şəkilləri fasiləsiz olaraq feysbukda paylaşır, öz ideyası ilə hamını cəlb etməyə çalışırdı.
O, son həftələrdə, koronovirusdan doğan ağırlaşmalardan sonra reanimasiyaya düşəndə və ürək əməliyyatından sonra süni koma vəziyyətinə salınanda, hamı Vikinin paylaşmalarını izləyir, ərinə dua etmək barədə çağırışlarına qoşulur və qadına təsəlli verməyə çalışırdılar. Hələ də yaxşı xəbər almağa ümid bəsləyirdilər.
Dimanın ölüm xəbərinə alışmaq cəhdləri zamanı onun gedişinin indi - dəhşətli faciə fonunda - aşkarlıq və ümidlər dövrünün sonu işarəsi olduğu düşüncəsindən qurtulmaq olmur. Çünki Vrubel özü həmin dövrün, 30 il əvvəlin simvolu idi”.
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür